RU

Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub-FOTO,VİDEO

 Tribuinainfo.az xəbər verir ki, Xalq artisti, görkəmli gülüş ustası, teatr və kino aktyoru Bəşir Səfəroğlunun anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi sənətkarın I Fəxri xiyabandakı məzarını ziyarət edib.
Ziyarətçilər arasında Mədəniyyət Nazirliyinin nümayəndələri, ölkənin ictimai xadimləri də olub.
Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və  mədəniyyət nazirinin müavini Murad Hüseynov aktyorun məzarı başında çıxış edərək görkəmli səhnə ustasının şərəfli sənət yolundan bəhs ediblər.
Bəşir Səfəroğlunun qızı və sənətdə layiqli davamçısı, Xalq artisti Afaq Bəşirqızı da çıxışında Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoyan atasının qısa və mənalı ömür yoluna nəzər salıb, filmlərdə, teatr tamaşalarında oynadığı unudulmaz obrazlarının xatirələrdə yaşadığını qeyd edib. Aktrisa Mədəniyyət Nazirliyinin nümayəndələrinə, Musiqili Teatrın rəhbərliyi və ziyarətdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, martın 6-da Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 10 Mart – Azərbaycan Milli Teatr Günü və 11 mart – Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi münasibəti ilə keçirilən tədbirin bədii hissəsində Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” (Əli Səmədli) tamaşası nümayiş olunub.

 

 

Избранный
18
tribunainfo.az

1Источники