Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/25 mövsümünün 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
İspaniya nəhəngi “Barselona” evdə Portuqaliyanın “Benfika” komandasını sınağa çəkib. Səfərdə baş tutmuş ilk oyunda ispanlar 1:0 hesablı qələbəyə sevinmişdilər. Dörd qolun qeydə alındığı cavab görüşündə də “Barselona” inamlı qələbə qazanıb və ilk 1/4 finalçı olub.
Niderland təmsilçisi “Feyenoord” səfərdə “İnter”in qonağı olub. İtaliya klubu səfərdəki ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi üçün mərhələ adlamağa daha yaxın idi. Cavab görüşü də Milan təmsilçisinin qələbəsiylə yekunlaşıb və “İnter” növbəti mərhələyə yüksəlib.
Bu gün həm də iki Almaniya nəhəngi – “Bayern” və “Bayer” komandaları üz-üzə gəliblər. Münhen təmsilçisi ilk oyunda böyük hesabla qalib gəldiyi üçün bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Səfərdə də inamlı qələbə qazanan “Bayern” sürprizə imkan verməyib.
Günün ən maraqlı görüşü İngiltərədə “Liverpul”la Fransa nəgəngi PSJ arasında keçirilib. Bu komandaların Parisdə baş tutmuş ilk oyunu ingilislərin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi. Cavab görüşündə də Paris klubu oxşar hesabla üstün olub. Əlavə vaxtda da ümumi hesab dəyişmədiyindən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş PSJ 1/4 finala yüksəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan dörd cavab matçı sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
11 mart
“Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1
Qollar: Rafinya, 11; 42. Yamal, 27 – Otamendi, 13.
İlk oyun – 1:0.
“Liverpul” (İngiltərə) – PSJ (Fransa) 0:1 (penaltilər 1:4)
Qol: Dembele, 12.
İlk oyun – 1:0.
“İnter” (İtaliya) – “Feyenoord” (Niderland) 2:1
Qollar: M.Türam, 8. H.Çalhanoğlu, 51-pen – Moder, 42-pen.
İlk oyun – 2:0.
“Bayer” (Almaniya) – “Bayern” (Almaniya) 0:2
Qollar: H.Keyn, 52. A.Deyvis, 71.
İlk oyun – 0:3.