RU

“Adın “Neftçi”dirsə, qələbə üçün mübarizə aparmalısan”

Azərbaycan Premyer Liqasında XXVI tur geridə qaldı. Lider “Qarabağ” və ikinci “Zirə” növbəti qələbəsini qazandı, “Sabah” və “Kəpəz” məğlub oldu. “Neftçi” isə turun mərkəzi oyununda “Turan Tovuz”la heç-heçəyə razılaşdı.

Veteran futbolçu Aslan Kərimov “Futbolpress.az“a açıqlamasında turu dəyərləndirdi:

Araz-Naxçıvan – Qarabağ 1:3

“İlk olaraq onu qeyd etmək lazımdır ki, bütün matçlar gərgin şəraitdə keçdi.

“Qarabağ”ın qələbəsinə baxmayaraq, onların oyunçuların emosional olaraq əsəbi olduqları üzə çıxdı. Çempionluqları şübhə altında deyil, onları qızıl medallardan edəcək komanda görünmür. Lakin hər oyunda yaxşı çıxış etməyə çalışırlar. Ümumilikdə, çempionatın sonuna yaxın problemlər üzə çıxır. “Araz-Naxçıvan”dan yaxşı oynadılar, amma məğlub duruma düşmüşdülər. Sarı, qırmızı vərəqələr oyunun gərginliyindən xəbər verirdi. Bundan əlavə, “Araz-Naxçıvan”ın qələbəsi şübhə doğururdu”.

Şamaxı – Sabah 1:0

“Birinci sürpriz Şamaxıda oldu. Görüşdə “Sabah”ı yetərincə tənqid etməyə əsaslar oldu. Nominal hücumçusuz oynadılar və bu, onların effektliyini aşağı salmışdı. Meydanın mərkəzində də üstünlüyə malik deyildilər. “Şamaxı” isə bilərəkdən açıq oynamadı. Lazım olanda əks-hücuma çıxdılar və belə vəziyyətdə qol vurdular. Hesab edirəm ki, layiqli qələbə qazandılar. “Şamaxı” məğlub olsaydı, işini çətinə sala bilərdi”.

Zirə – Səbail 1:0

“Zirə”nin oyunboyu üstünlüyü var idi və çoxlu hücumlar edirdilər. Qol imkanlarını dəyərləndirə bilmədikləri üçün oyunçular tələsirdi və bu zamanda qol epizodlarına yaxşı girə bilmirdilər. Buna baxmayaraq, sonuncu künc zərbəsindən fərqləndirlər. Çoxsaylı imkanlarını son saniyədə olsa belə, qola çevirdilər. “Zirə”nin tələskənliyi səhvlərə yol verirdi, “Səbail” buna görə şanslar yaratsa da, qol vura bilmədilər. Onlarda hücumçu problemi var, keyfiyyət və heyətin kasadlığı da təsir edir. “Zirə” favorit idi və qazandı”.

Sumqayıt – Kəpəz 3:0

Maraqlı oyunlardan biri də Sumqayıtda oldu. Neçə vaxtdır, tənqid atəşinə düşən “Sumqayıt” üç qolla qələbə qazandı. “Kəpəz” birinci hissədə hücumlar edirdisə, ikinci hissədə üstünlük “kimyaçılar”a keçdi. Öz doğma divarları arasında inamlı qələbə qazandılar.

Neftçi – Turan Tovuz 1:1

“Neftçi” – “Turan Tovuz” oyununa gəlincə, “Neftçi” üçün bütün görüşlər vacibdir və gərgin keçir. “Turan Tovuz” medallar uğrunda mübarizə aparır. “Sabah” və “Neftçi” üçün önəmli olan kubokdur. Adın “Neftçi”dirsə, istənilən halda, hər oyunda qələbə qazanmaq üçün mübarizə aparmalısan. Onlardan məğlubiyyət gözlənilən deyil. İlk dəqiqələrdə “Turan Tovuz”un qırmızı vərəqə alması onları müdafiəyə çəkilməyə məcbur etdi. Tovuzluların oyun üslubu da bir az belədir. Hücumameyilli oynayan komandalara qarşı kompakt müdafiə oluna bilirlər. “Neftçi” üçün qol şansı vermirdilər. Lakin 10 nəfərə oyunun 1/3-nü “Neftçi” kimi komandaya qarşı təzyiq altında oynamaq çətindir. Səhvlərindən “Neftçi” məharətlə yararlandı. Ancaq söz var, sən saydığını say. “Turan Tovuz” bütün qüvvə ilə atılıb, riskə getdi və qollarını vura bildilər. Hər halda, “Turan Tovuz” üçün üç xal daha vacib idi. Amma belə dramatik oyunda bir xal qazandılar”.

Yekun

“Bütün oyunlara baxsaq, gərginlik hiss edilir. Sıradan oyun olmadı. 10 komandalı çempionatda aşağı sıralarda olan 4 komandanın elitanı tərk etmək ehtimalı var. Bu qorxuya görə komandaların hər oyunu ölüm-dirim mübarizəsidir. Digər komandaların isə titul qazanmaq şansları var. “Neftçi” və “Sabah” üçün çempionatda yox, kubokda uğur qazanmaq ehtimalı var. Hər matç çox gərgin keçir və bu, özünü oyunlarda əks etdirir. 5 oyunun 2-də qırmızı vərəqə olması da buna işarədir. “Sumqayıt”ın “Kəpəz”ə vurduğu ikinci qoldan sonra qonaqlar demək olar, məğlubiyyətlə barışdı. Amma digər görüşlərdə mübarizə sona kimi keçdi. Azarkeşlər üçün maraqlı tur keçdiyini düşünürəm. Növbəti turda hansısa komanda autsayderlə fərqi azaltsa, rahatlaşa bilər. Amma növbəti turlar da ölüm-dirim mübarizəsi çərçivəsində olacaq”.

Şahin Cəfərov

Избранный
20
futbolpress.az

1Источники