“Textron Systems” şirkətinin inkişaf etdirdiyi RIPSAW M3 yerüstü döyüş robotu ABŞ Ordusunun “Robotic Combat Vehicle” (RCV) tenderinin qalibi seçilib.
“Poliqon” “Breaking Defense” nəşrinə istinadən xəbər verir ki, tenderin qalibi ilə bağlı qərarın cari ayın sonuna qədər rəsmi olaraq elan edilməsi gözlənilmir.
Nəşr qeyd edib ki, bu barədə ancaq istehsalçılara məlumat verilib.
Bununla belə, sənaye və ordu daxilindəki mənbələr “Breaking Defense”yə tenderdə “Textron Systems” şirkətinin qalib gəldiyini bildiriblər.
“Textron Systems”in inkişaf etdirdiyi RIPSAW M3 robotu müasir döyüş meydanın tələbələrinə cavab verə biləcək şəkildə hazırlanıb. RIPSAW robot ailəsinin ən yeni nəsli olan M3, həm əsgər təhlükəsizliyini, həm də missiya müvəffəqiyyətini artırır. Robotun açıq sistem arxitekturası ona müxtəlif sistemlərin inteqrasiya edilməsinə imkan verir.
Ümumi kütləsi 8165 kq və faydalı yük götürmə qabiliyyəti 2267 kq olan RIPSAW M3 robotu CH-47 ağır nəqliyyat helikopteri ilə daşına bilir. Onun hərəkət sürəti 48 km/s və işləmə müddəti 19 saat təşkil edir.