2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,4 faiz təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkil edib.
Bu ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma çörəyin, makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru süd qarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin, ucuzlaşma isə əsasən mal ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, göyərtinin, brokkolinin, şirin bibərin qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil etmişdir. Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, yumşaq mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə qış geyimlərinin, kəsilmiş taxtaların, parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,9 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsi, fotoatelye və tibbi xidmətlərin, ucuzlaşma isə istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.