Bakı, 12 mart, AZƏRTAC
Ukraynada atəşkəs rejimi və ABŞ-ın Kiyevə yardımının bərpası G7 xarici işlər nazirlərinin Kanadada keçiriləcək görüşünün əsas mövzusu olacaq.
AZƏRTAC xəbər verir ki, “Nova” agentliyi bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayaniyə istinadla məlumat yayıb.
“Ukraynada atəşkəs və Vaşinqtonun Kiyevə hərbi yardımının bərpası G7 xarici işlər nazirlərinin Kanadada keçiriləcək görüşünün əsas mövzusu olacaq. Bunlar, həmçinin ABŞ Dövlət katibi Marko Rubio ilə müzakirə ediləcək ilk məsələlərdir”, - deyə Tayani bildirib.
Onun sözlərinə görə, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ciddə şəhərində keçirilən danışıqlar sülh yolunda irəliyə doğru mühüm addımdır.
İtaliyanın Baş naziri Ciorcia Meloni də Səudiyyə Ərəbistanında keçirilən görüşün nəticələrini şərh edib: “Roma ABŞ Prezidenti Donald Trampın Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək ədalətli sülhə nail olmaq səylərini tam dəstəkləyir”.
Bu ərəfədə Ağ ev Ciddə danışıqlarının ardınca tərəfləri dərhal atəşkəs əldə etməyə çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Kiyev və Vaşinqtonun birgə bəyanatını dərc edərək 30 günlük atəşkəs təklifinə hazır olduqlarını qeyd edib. Sənəddə, həmçinin ABŞ-ın kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldıracağı və Ukraynaya hərbi təchizatı bərpa edəcəyi bildirilir. Prezident Donald Tramp isə öz növbəsində Kiyevin atəşkəsə hazır olduğunu bəyan edərək deyib ki, Vaşinqton hazırda Moskvanın reaksiyasını gözləyir.