RU

Komitə sədri BMT-nin sessiyası çərçivəsində görüşlər keçirib

BMT-nin Qadınların Statusu Komissiyasının Nyu-Yorkda keçirilən 69-cu sessiyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bir sıra görüşlər keçirib.

Macarıstanın Ailə Məsələləri üzrə Dövlət Katibi Zofia Kontsla görüşündə iki ölkə arasında dostluq münasibətlərindən söz açan  Bahar Muradova, hazırda iqtisadi, sosial, siyasi və mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Azərbaycanda dövlət siyasətinin müasir dəyərlərin milli kimlik müstəvisində qəbul edilməsinə, millilik və müasirliyin vəhdətinə əsaslandığını vurğulayıb. O, Macarıstanın Azərbaycanla birlikdə həm də Türk Dövlətləri Təşkilatında təmsil olunduğunu, hər iki ölkənin eyni ailə dəyərlərinə üstünlük verdiyini əlavə edib. 

Ailə dəyərlərinin qorumağın vacibliyini qeyd edən Zofia Konts, bu dəyərlərin millətlərimizin fundamentini, özəyini təşkil etdiyini bildirib. O, fəaliyyətlərində əsas istiqamətlərin işsizliyin aradan qaldırılması və ailələrə dəstək xidmətlərinin göstərilməsi olduğunu qeyd edib, digər fəaliyyət istiqamətləri barədə məlumat verib, dəstək proqramları çərçivəsində reallaşdırılan layihələrdən danışıb. Xanım katib ailə dəyərlərinin gücləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlığa, təcrübə mübadiləsinə hazır olduqlarını bildirib və ölkəsinin Azərbaycanın bu sahədəki təcrübələrindən yararlana biləcəyini vurğulayıb. 

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədri Nahla Haidarla görüşdə Bahar Muradova sonuncu hesabatda əksini tapan rəy və tövsiyələrin Azərbaycan tərəfindən diqqətə alındığını, əksəriyyətinin artıq icra edildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan 5 il əvvəl suverenliyi tam bərpa edib və komitə müharibənin qadınlar üzərində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. O, həmçinin Ermənistanın 30 illik hərbi təcavüzü nəticəsində əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlılar haqqında məlumat verib. 

BMT-nin komitə sədri Nahla Haidar məsələ ilə bağlı araşdırmalar aparılması üçün sənədləşmənin və konkret faktların təqdim edilməsinin vacibliyini vurğulayıb. O, itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində Azərbaycanla daha sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Komitə sədri Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların iqtisadi və siyasi səlahiyyətləndirilməsi naziri Tatyana Makura ilə də görüşüb.
O, dövlət komitəsinin fəaliyyət istiqamətləri barədə serbiyalı həmkarına məlumat verib və son 5 ildə Azərbaycanda ailə məsələləri sahəsində ciddi irəliləyişin olduğunu diqqətə çatdırıb. Bahar Muradova erkən nikah, ailədaxili zorakılıq mövzularında cəmiyyətdə məlumatlılığın aparılması üçün müxtəlif, o cümlədən sosial mediada geniş kampaniyaların aparıldığını deyib.

Serbiyalı nazir iki ölkənin ailə mövzusunda ortaq maraqlarının olduğunu deyib və son bir ildə ölkəsində ailədaxili münaqişə sahəsində aparılan kampaniyadan bəhs edib. Nazir bu məsələnin həllində qanunverici bazada dəyişikliyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, vətəndaş cəmiyyətinin də məişət zorakılığına qarşı mübarizədə rolunu qeyd edib.

Z.HÜSEYNOVA

XQ

Избранный
4
xalqqazeti.az

1Источники