Ramazan ayı həm mənəvi, həm də fiziki təmizlənmə dövrü hesab olunur. Uzun saatlar ac və susuz qalan bədən, iftar və sahur vaxtlarında qəbul edilən qidalarla enerji toplayır. Lakin bəzi qidalar var ki, onlar orqanizmə faydadan çox, zərər verir. Xüsusilə, həzm sistemi üçün ağır olan, şişkinlik, qaz və digər narahatlıqlara səbəb olan məhsullardan uzaq durmaq tövsiyə edilir.
Yenisabah.az oruc tutanlar üçün məqbul olmayan qidaları təqdim edir:
Oruc tutanlara zərərli qidalar:
Qızardılmış və yağlı yeməklər
İftarda və ya sahurda çox yağlı yeməklər yemək mədə-bağırsaq sistemini yükləyir. Qızardılmış kartof, xəmir xörəkləri, kabab kimi yağlı yeməklər mədədə ağırlıq və həzm problemlərinə səbəb ola bilər.
Çox duzlu və ədviyyatlı qidalar
Çox duzlu qidalar bədənin su balansını pozur və susuzluğu artırır. Turşular, konservləşdirilmiş məhsullar və həddindən artıq ədviyyatlı yeməklər də mədə turşusunu artıraraq reflü, yanma hissi yarada bilər.
Şəkərli və qazlı içkilər
İftar zamanı soyuq qazlı içkilər içmək mədəni ani olaraq yükləyir və şişkinlik yaradır. Süni şəkər tərkibli şirniyyatlar da qan şəkərini sürətlə yüksəldir, bu isə daha sonra enerjinin qəfil düşməsinə səbəb olur.
Ağ çörək və xəmir məmulatları
Ramazan ayında çox miqdarda ağ çörək və xəmir məmulatları yemək qəbizlik və həzmsizlik yarada bilər. Bunların əvəzinə tam taxıllı çörək və lifli məhsullara üstünlük vermək daha faydalıdır.
Kofein tərkibli içkilər
Çay, qəhvə və enerji içkiləri sidikqovucu təsirə malik olduğundan bədəndə su itkisini artırır. Xüsusilə sahurda çox qəhvə içmək gün ərzində daha çox susuzluğa səbəb olur.
Nə yemək olar?
Oruc tutanlar iftarı yüngül və həzmə asan qidalarla açmalıdır. Xurma, su və şorba ilə başlamaq, ardından protein və lif baxımından zəngin qidalara keçmək məsləhətdir. Meyvə, tərəvəz, süd məhsulları və tam taxıllı qidalar isə sahurda toxluq hissini uzun müddət qoruyur.
Sağlam və balanslı qidalanmaq Ramazan ayında enerjili qalmaq və həzm problemlərindən uzaq olmaq üçün vacibdir.
Nazim Hacıyev
Telegram kanalımız