Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır.
Publika.az xəbər verir ki, "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb.
Adıçəkilən taksi şirkətindən "Xəzər Xəbər"ə bildirilib ki, buna səbəb həmin sürücülərin təlim sertifikatlarında uyğunsuzluqların aşkarlanmasıdır.
Lakin sertfikasiyadan keçən sürücülər də vəziyyətdən narazıdırlar. Qoyulan qaydalarla işləyən taksilərdə qiymətlərin artacağını düşünən sürücülərin bu gözləntiləri özünü doğrultmayıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd olunan uyğunsuzluqlarla bağlı sürücülərə yox, şirkətlərə xəbərdarlıq edilir. Tələbə görə, taksi sifarişi operatorları icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər.