Tovuz rayon İcra Hakimiyyəti 2025-ci ildə 141 min manatlıq müxtəlif məzmunlu tədbir keçirəcək. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu dünən bununla bağlı tenderin nəticəsini açıqlayıb.
Bildirilir ki, müsabiqəyə əsasən büdcədənkənar vəsait hesabına rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili nəzərədə tutulub. Bununla əlaqədar isə “RR TRAVEL COMPANY” MMC ilə satınalma müqaviləsi bağlanıb.
Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan “RR Travel Company” MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır. Şirkət 21.11.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir.
Onu da bildirək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. “RR Travel Company” MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.