RU

AZƏRBAYCAN-ŞİMALİ MAKEDONİYA ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜÇÜN BÖYÜK POTENSİAL VAR - DEPUTAT



Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Azərbaycanın əksər Balkan dövlətləri ilə güclü siyasi və iqtisadi münasibətləri var. Hətta onların bəziləri ilə respublikamızın əlaqələri strateji tərəfdaşlıq və dostluq səviyyəsinə yüksəlib. Bu sırada ölkəmizin Serbiya, Bolqarıstan, Rumıniya, Monteneqro, Xorvatiya, Albaniya, Yunanıstan və Bosniya və Herseqovina ilə əlaqələri xüsusi qeyd edilməlidir. Bunların bir qismi həm də Azərbaycandan təbii qaz alan Avropa dövlətləridir.
Hazırda Azərbaycanla Balkan dövlətlərindən Serbiya və Albaniya arasında vizasız gediş-gəliş mümkündür. Monteneqro və Bosniya və Herseqovina isə Azərbaycanın ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edir. Bütün bunlar Balkan dövlətlərinin Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunu və yerini düzgün qiymətləndirməsindən, respublikamızı etibarlı siyasi və iqtisadi tərəfdaş kimi qəbul etmələrindən irəli gəlir. O da təsadüfi deyil ki, Balkan respublikaları bir sıra Qərb dövlətlərindən fərqli olaraq artıq həllini tapmış Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinə hörmətlə yanaşıblar. Avropa İttifaqının üzvü olan Balkan dövlətləri isə ölkəmizin bu təşkilatla münasibətlərinin inkişafına dəstək verirlər.
Şimali Makedoniyanın Prezidenti xanım Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfərini də ilk növbədə ölkəmizlə Balkan dövlətləri arasındakı dostluq əlaqələri və Skopyenin Bakı ilə münasibətlərə xüsusi maraq göstərməsi prizmasından qiymətləndirmək olar. Qeyd edim ki, Azərbaycanla Şimali Makedoniya arasında oxşar tarixi məqamlar var. Belə ki, həm Azərbaycanın, həm də Şimali Makedoniyanın müstəqilliyə gedən yolları eynidir. İmperiya siyasətinin qurbanı olan hər iki dövlət 1991-ci ildə öz müstəqilliklərini elan ediblər. Amma müstəqil Azərbaycanla müstəqil Şimali Makedoniya arasındakı əlaqələr nisbətən gec yaranıb. Şimali Makedoniya Azərbaycanın müstəqilliyini 1995-ci ildə tanıyıb və bundan sonra iki ölkə arasında diplomatik münasibətlər qurulub. Bu ölkənin keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Hazırki Prezident Qordana Silyanovska-Davkova isə ilk dəfə 2024-cü ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Bu səfərlərə və hər iki dövlətin malik olduğu böyük potensiala baxmayaraq, həm siyasi, həm də iqtisadi sferadakı əlaqələrin səviyyəsi yetərli deyil. İndiyədək iki ölkə arasında cəmi 5 sənəd imzalanıb. Respublikamızda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyata alınıb və onlardan 3-nün fəaliyyəti aktivdir. Martın 11-də Şimali Makedoniya Prezidenti ilə birlikdə mətbuata bəyanatla çıxış edən cənab Prezident İlham Əliyev bununla bağlı deyib:
«Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq».
Eyni zamanda cənab Prezident İlham Əliyev keçən ilin sonlarından Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırıldığını qeyd edərək, bunu əlaqələrin müsbət əlaməti kimi dəyərləndirib. Beləliklə, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və onlardan biri də Şimali Makedoniyadır.
Yeri gəlmişkən, enerji təhlükəsizliyi hər zaman dünyanı narahat edən məsələlərdən biri olub. Son illərdə isə bu mövzu daha da aktuallaşıb. Dünyada, eləcə də Avropanın özündə cərəyan edən proseslər, Rusiya və Ukrayna arasındakı müharibə Avropa dövlətlərini özlərinin enerji təhlükəsizlikləri ilə bağlı daha çox düşünməyə vadar edir. Belə bir vaxtda Avropanın enerji məsələlərində daha çox etibar etdiyi və güvəndiyi dövlətlərdən biri məhz Azərbaycandır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Azərbaycanın təbii qaz potensialı isə böyükdür və təchizatın coğrafiyası genişləndirildikcə daha çox Avropa dövləti Azərbaycan qazı ilə isinəcək.
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova da Bakıda mətbuata bəyanatı zamanı bu məsələyə toxunaraq Azərbaycanın Şimali Makedoniya kimi ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrildiyini bildirdi. Onun Azərbaycanla bağlı söylədiyi fikirlər və irəli sürdüyü təkliflər isə beynəlxalq səviyyədə ölkəmizə göstərilən yüksək ehtiramdan və respublikamızla əməkdaşlığa olan maraqdan xəbər verdi. Belə ki, Prezident Qordana Silyanovska-Davkovanın Azərbaycanın beynəlxalq geosiyasi səhnədə fərqlənməsini xüsusi qeyd etməsi, diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması təklifini irəli sürməsi, respublikamızın hətta təyyarədən belə çox gözəl göründüyünü deməsi Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə olan böyük marağın təzahürüdür. Şimali Makedoniyanın Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə olan yüksək marağının əsas göstəricisi isə respublikamızla strateji əməkdaşlığa dair saziş imzalamağa hazır olmasıdır.
Bütövlükdə, Azərbaycan-Şimali Makedoniya əlaqələrinin inkişafı üçün böyük imkanlar var. Prezident Qordana Silyanovska-Davkovanın rəsmi səfəri və Bakıda keçirilən danışıqlar Azərbaycanla bu ölkə arasındakı əlaqələrin inkişafını sürətləndirəcək və yeni mərhələyə yüksəldəcək. Tezliklə Şimali Makedoniya Azərbaycanın Balkanlardakı yaxın tərəfdaşlarından birinə çevriləcək.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı




Избранный
3
4
aia.az

5Источники