U23 Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz bu gün vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, medalların əyarına görə öz rekordunu yeniləyən yığma komandanın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.
Toğrul Əsgərov, baş məşqçi əvəzi:
“Komandamız yeniyetmə və gənclərdən qurulub. Əlimizdən gələni edirik ki, bu güləşçiləri növbəti Olimpiya Oyunlarına hazırlayıb, medal qazanaq. Komandamızın gələcəyi çox parlaqdır. Federasiyanın dəstəyilə maksimum gücümüzü ortaya qoyuruq. Günayın 17 yaşı var. Hələ U20 yaş qrupunda Avropa və dünya çempionatında iştirak etməyib. 3 il bu yaş qrupunda güləşə bilər. 6 il ərzində isə U23 yaş qrupunda iştirak etmək şansı var. Qurbanova indidən öz potensialını göstərib, uğur qazandı. İstəmirik ki, idmançılarımızı tələsdirək. Vaxtından tez böyüklər arasına çıxarmağı düşünmürük. Vaxtı çatanda idmançılarımızı sınaqdan keçirəcəyik”.
Günay Qurbanova, Avropa çempionu:
“Yarış güclü, həyəcanlı və çox gərgin keçdi. Amma buna baxmayaraq, özümdə güc toplayıb, qalib gələ bildim. Çox sevinirəm. Hər bir idmançıya çempionluq hissini arzulayıram. Yarışa ancaq qızıl medalı almaq üçün hazırlaşırdım. Məşqlərdə də əlimdən gələni edirdim ki, sonda sevinən tərəf mən olum. Finaldakı rəqibim titullu idi. Ancaq inanırdım ki, qalib gələcəyəm. Toğrul müəllim mənə inam bəxş etdi, “ən güclü sənsən” dedi. Finala çıxdım və qələbə qazandım”.
Elnurə Məmmədova, Avropa çempionu:
“Çempion olduğum üçün çox sevinirəm. Federasiya rəhbərliyinə və məşqçilər heyətinə dəstəklərinə görə minnətdaram. Buna qədər 2 dəfə U23 Avropa çempionatında finala yüksəlmişdim. Ancaq qızıl medal qazana bilməmişdim. Bu yaş qrupunda sonuncu ilimdə Avropa çempionu oldum. Məşqçilərlə məsləhətləşəcəyik. Böyüklərin Avropa çempionatında iştirak etsəm, bayrağımızı bir daha dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm”.
Əsmər Cankurtaran, Avropa üçüncüsü:
“Yarış çox həyəcanlı və gərgin keçdi. Çünki Avropa çempionatında zəif rəqiblər olmur. Hamı qələbə qazanmaq uğrunda güləşir. Bu mənim 3-cü bürünc medalımdır. Ən çətini demək olar ki, bu idi. Müəllimim mənə “bürünc qız” deyir. Amma bir gün bu bürüncü qızıla çevirəcəyimə inanıram. Yarımfinal görüşünün ilk dəqiqələrində çiynimdən ciddi zədə aldım. Hətta qolumu belə qaldıra bilmirdim. Amma növbəti gün ağrı olsa da, görüşə köklənib, medal qazana bildim. Bunun üçün komandanın məşqçiləri Toğrul Əsgərov, Ağahüseyn Mustafayev və Solmaz Adilovaya çox sağ ol deyirəm. Uğurlarım hələ qarşıdadır”.