"Hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün artıq evlərlə təmin edilmiş və orada yaşayırlar. Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar".
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.
Qeyd edib ki, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilmişdir.
Nəzərə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir.
"Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur."