Bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı pilot layihənin icrasına başlanılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, layihənin beynəlxalq normalara uyğun dövlət-özəl tərəfdaşlığı kontekstində icrası məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilib və potensial investorlar müəyyən olunub. Layihənin həyata keçirilməsi üçün 29,6 hektar torpaq sahəsi ayrılıb.
Ötən il fevralın 8-də keçirilmiş müsabiqə nəticəsində iddiaçı şirkətlər ("ACWA Power", "Metito Utilities Limited", "IDE Water Assets Ltd.") təkliflər təqdim edib. Həmin şirkətlərin və aidiyyəti dövlət qurumlarının iştirakı ilə noyabrın 4-də təkliflər paketi açılıb, müvafiq prosedurlara uyğun qeydiyyata alınaraq qiymətləndirmə prosesine başlanılıb.
Prezident İlham Əliyevin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" 12 aprel 2023-cü il tarixli sərəncamından irəli gələrək İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə aidiyyəti qurumların səlahiyyətli nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.