
Ukrayna prezidenti Volodmir Zelenski Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazır olduqlarını açıqlayıb.
Zelenski sosial media hesabından verdiyi açıqlamada Kiyevdə Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat və türk iş dünyasının nümayəndələrini qəbul etdiyini bildirib.
Sözügedən görüşün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi son görüşün nəticəsi olaraq keçirildiyini bildirən Zelenski, “Türk iş dünyasının Ukraynada olması vacibdir” deyib.
Zelenski qeyd edib ki, Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün səylər, Türkiyə ilə Ukrayna arasında əlaqələrin inkişafı, müxtəlif tipli pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlıq imkanları, türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı müzakirə olunub.
Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişini ratifikasiya etməyə hazır olduqlarını bildirən Zelenski, “Ölkəmiz Türkiyəni həm strateji tərəfdaşlarından, həm də təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarından biri kimi görür və Prezident Ərdoğanın qarşıdakı səfəri zamanı Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırdır” dedi.