RU

Gültac Məmmədəliyeva: “Hələ ki, tam özümə gələ bilməmişəm”

“Yeddi aydan sonra iştirak etdiyim ilk təlim-məşq toplanışıdır”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) deyib.

Çexiyanın Nimburk şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edən yığma üzvü hazırlığını dəyərləndirib: “Paris-2024 Yay Olimpiya Oyunlarından sonra çiynimdən əməliyyat olunmuşdum. Hələ ki, tam özümə gələ bilməmişəm. Bərpa prosesi tamamlanmadığına görə, istədiyim kimi güləşə bilmirəm. Yeddi aydan sonra yenidən tatamiyə qayıtmaq bir qədər çətindir. Ancaq təcrübə öz sözünü deyir. Mən də bundan bacardığım qədər istifadə etməyə çalışıram. Toplanışdakı rəqiblərimlə başa-baş güləşirəm”.

Məmmədəliyeva apreldən turnirlərdə iştirak edəcəyini də bildirib: “Qarşıda yarışlarımız çoxdur. Heyət açıqlanmadığı üçün Avropa çempionatında güləşib-güləşməyəcəyimi hələ dəqiq bilmirəm. Aprelin dördü və beşi Xorvatiyanın Duvorninq şəhərində keçiriləcək açıq Avropa çempionatında isə iştirak edəcəm. Fasilədən yeni qayıdığım üçün birdən-birə böyük yarışlardan başlamaq çətindir, ona görə də hələlik kiçik turnirlərə qatılmağı planlaşdırıram. Bu qərarı məşqçilər verib, mən də onlarla razıyam. Əlimdən gələni edəcəm ki, qarşıdakı yarışlardan vətənə medalla qayıdım”.

Qeyd edək ki, hazırlıq prosesinə milli komandalarımızın 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub. Olimpiya Təlim Düşərgəsi 17 martda başa çatacaq.

Aytac Sahəd
İdman.biz

Избранный
10
idman.biz

1Источники