RU

XII Qlobal Bakı Forumuna QHT rəsmilərinin BAXIŞI - SORĞU

Məlumdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. SİA mövzu ilə bağlı QHT sədrlərinin fikirlərini öyrənib.

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.

Forumun əhəmiyyəti çox böyükdür və xüsusilə də indiki vaxtda seçilmiş mövzu sözün həqiqi mənasında dünyanı narahat edən məsələləri özündə ifadə edir.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır.

Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir”.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: “Məlum olduğu kimi Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi ilə diqqət mərkəzindədir. Bu tədbirlərdə bəşəriyyətinin diqqətinin xüsusilə dünyadakı aktual problemlərin həllinə, vacib məsələlərinin müzakirəsinə yönəldildiyini xatırlasaq qeyd edə bilərik ki, Azərbaycan bu gün dünyadakı problemlərin həllinin axtarılmasında da vasitəçi kimi ön sıralarda dayanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Ümumiyyətlə, bu vaxta qədər keçirilmiş Qlobal Bakı Forumları həm iştirkaçıların geniş kontingenti, həm də müzakirə edilən məsələlərin aktuallığı baxımından hər zaman dünyanın diqqət mərkəzində olub. Elə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu da bu baxımdan xüsusi önəm kəsb edir. Çünki bu Forumda adından da göründüyü kimi yeni dünya düzəni, o cümlədən yeni geosiyasi vəziyyət müzakirə olunur. Təbii ki, yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da beynəlxalq tədbirin diqqət mərkəzindəki məsələlərdir”.

QHT sədri deyib ki, XII Qlobal Bakı Forumu həm də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə yadda qalacaq: “Çünki cənab Prezident bu beynəlxalq tribunadan çıxışında dünya üçün həllivacib məsələlərə toxunmaqla yanaşı, Fransanın və Avropa İttifaqının Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirmək üçün göstərdiyi cəhdləri, “Avropa monitorinq missiyası”nın casusluq əməllərini, həmçinin Ermənistanın yeni müharibəyə hazırlıqlarını da ifşa etdi. Ümumilikdə hesab edirəm ki, XII Qlobal Bakı Forumu həm müzakirə edilən məsələlər, həm səslənən təklif və fikirlər, həm də ümumilikdə gündəliyinə görə yeni dünya düzəni istiqamətində atılan addımlar baxımından tarixə düşəcək”.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “Artıq 12-incisi keçirilən Qlobal Bakı Forumu hələ torpaqlarımız işğalda olduğu müddətdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, o cümlədən Azərbaycanın ədalətli mövqeyinin dünya ölkələrinə, beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından olduqca mühüm tribuna olub.

Bundan başqa, dünyanın bir sıra problemləri ilə bağlı məsələlər də paytaxtda gündəmə gətirilmişdir. Bu dəfə keçirilən 12-ci Qlobal Bakı Forumu isə başqa bir formada fərqlənir. Artıq Azərbaycan qalib ölkə kimi hal-hazırda sülh yaratma prosesinin gedişatı ilə bağlı dövlət başçısı səviyyəsində dünya ictimaiyyətinə məlumat verilir. Bu prosesdə Azərbaycanın mövqeyi ifadə olunur.

Cənab prezidentin də bildirdiyi kimi baxmayaraq ki, Azərbaycan öz torpaqlarını azad edib, müharibədə qalib gəlib. 30 illik işğal faktını Azərbaycan dövləti və Azərbaycan ictimaiyyəti unutmaq niyyətində deyil.

Bundan başqa, forumda dünyanın qaynar nöqtələrində gedən müharibələr də müzakirə olunur: istər Rusya - Ukrayna, istərsə də İsrail - Qəzza bölgəsində baş verən hadisələr fərqli rakurslardan müzakirəyə çıxarılır. Yəni, burada Azərbaycan hansısa tərəfə ağırlıq verərək birtərəfli qaydada müzakirələrə imkan vermir və burada hərtərəfdən olan insanlar öz fikirlərini açıqlayırlar beynəlxalq platformada. Bu baxımdan hesab etmək olar ki, hal-hazırda da dünyanın diqqət mərkəzində olan məsələlərdə, müzakirə yerlərindən biri elə Qlobal Bakı Forumudur”.

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu: “Bildiyiniz kimi artıq Bakıda qlobal forumun keçirilməsi ənənə halını alıb. İlbəil müxtəlif aktual mövzular qoyulur. Keçən il parçalanmış dünya mövzusu idi. Bu il isə dünya üzərində yenidən düşünülməsi idi. Yəni çox məşhur dövlət adamları, siyasətçilər dəvət edilib bu foruma.

Bilirsiniz ki, həqiqətən dünyanın çox ağır bir vaxtıdır. Rusiya Ukrayna müharibəsi Rusiyanın işğalı, Fələstin problemi, İsrailin Qəzzada keçirdiyi əməliyyatlar, çoxsaylı insanların həlakı, Suriya münaqişəsinin başqa mərhələyə keçməsi Azərbaycan üçün çox vacib və maraqlı bir mövzudur. Həqiqətən dünyanın qlobal problemlərinin biri də budur ki, dünya düzəni yenidən düşünülsün, bu baxımdan da bu forum çox əhəmiyyətlidir. Dünyanın diqqəti hal-hazırda burdadır.

Ümid edirik ki, bu dəfə forum öz işini uğurla başa vuracaqdır bəşəriyyət, qlobal dünya üçün faydası olacaqdır. Cənab Prezidentimiz forumda çıxış etdi və öz fikirlərini söylədi, maraqlı çağırışlar etdi. Həm də Azərbaycanın dünyada artan hörmətinə, izzətinə böyük təsir göstərəcəkdir. Eyni zamanda da mövcud problemlərə yeni baxış yaradacaqdır, ümid edirik ki, qlobal dünya problemləri dünyanı idarə edən dövlətlərin də nəzərinə çatacaq və konfransda əsaslı nəticələri olacaq”.

"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri Elşad Məmmədli: “Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, praqmatik xarici siyasət nəticəsində Azərbaycan həm də qlobal tədbirlərin təşkil edildiyi ölkəyə çevrilib. Bu cür önəmli beynəlxalq toplantılardan biri də Qlobal Bakı Forumudur.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilir. Bundan öncəki forumlarda olduğu kimi, dəfə də dünyanın bir çox ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, deputatları, digər rəsmi şəxslər, habelə dövlət və hökumət rəhbərləri, beynəlxalq qurumların nümayəndələri qatılınlar.

XII Forumun mövzusu da kifayət qədər önəmli və diqqətçəkəndir. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda baş tutan forumda çıxış edən Azərbaycan Prezidenti kifayət qədər mühüm açıqlamalar, mesajlar, təkliflər verdi. Cənab Əliyev faktiki olaraq dünyanın müsbət yöndə inkişafının, konfliktlərə son verməyin yollarını göstərmiş oldu. O, problemlərin nədən qaynaqlandığını və həll variantını aydın şəkildə diqqətə çatdırdı.

Xüsusu ilə ikili standartların, ədalətsiz yanaşmaların problemlərin yaranmasına səbəb olduğunu ustalıqla qeyd etdi. Əlbəttə, ənənəvi dünya düzəni faktiki olaraq pozulub və yenidən dizayn edilir. Bu qlobal və mürəkkəb gedişatda siyasi, geosiyasi, diplomatik, təhlükəsizlik və sülhə, sabitliyə nail olmaq yönündə müzakirələrin məhz Bakıda aparılması həm ölkəmizə olan yüksək münasibətdir, həm də bu, bir tarixi prosesdir.

Düşünürəm ki, Forumda verilən təkliflər, qərarlar yeni dünya düzəninin formalaşması prosesində mühüm təsirlər göstərəcək”.

Ayşən Vəli

Избранный
4
sia.az

1Источники