Martın 16-da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günüdür.
Peşə bayramı ilə əlaqədar Agentliyin rəisi general-mayor İlqar Abbasov və şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anaraq, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Həmçinin görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı münasibətilə tədbir Agentliyin akt zalında davam etdirilib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 mart tarixli Sərəncamı ilə Agentliyin 12 nəfər hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə dövlət təltifləri ilə mükafatlandırılıb. Agentlik rəisinin müvafiq əmrləri ilə isə bir qrup hərbi qulluqçu müxtəlif medallar və digər mükafatlarla təltif olunub.
Qeyd edək ki, beynəlxalq terrorizmin və sui-qəsdlərin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi və terrorçuluğa qarşı mübarizə, yüksək peşəkarlığa malik kadrların hazırlanması Agentliyin qarşısında duran əsas vəzifələrdəndir. Situasiya mərkəzinin yaradılması, pilotsuz uçuş aparatlarından, termal və optik spektr şəbəkə kamerası kimi texnikanın yeni nailiyyətlərindən istifadə olunması mühafizə fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsi üçün yaradılmış təminatlardandır.
XQ