ABŞ Yəmənin cənub-qərbində eyni adlı əyalətin inzibati mərkəzi olan Husilərin nəzarətində olan Taiz şəhərində Ənsar Allah hərəkatının hərbi obyektlərinə hava zərbələri endirib. Vətəninfo.az xəbər verir ki ,bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hava zərbələri şəhərin şərq rayonlarına endirilib. Hərəkatın müvəqqəti hökuməti adlanan Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi bildirib ki, ABŞ-ın Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 31 mülki şəxs həlak olub, 100-dən çox insan yaralanıb.
İsrailin Walla xəbər portalı İsrail rəsmisinə istinadən xəbər verir ki, ABŞ Yəməndəki hücumlar barədə İsraili əvvəlcədən məlumatlandırıb. Onun sözlərinə görə, İsrail hücumlardan əvvəl məlumatlandırılan nadir ölkələrdən biridir.
Öz növbəsində Livanın “Al Mayadeen” telekanalı İsrail təyyarələrinin Yəmənə qarşı hücumlarda iştirak etdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Yəməndəki hava hücumlarına şəxsən nəzarət edib. Ağ Evin mətbuat xidməti bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb: “Prezident Tramp ABŞ nəqliyyat vasitələrini qorumaq və terror təhdidlərinin qarşısını almaq üçün husilərə qarşı tədbirlər görür”.
“The New York Times” Amerika rəsmilərinə istinadən yazır ki, Donald Tramp Yəməndə husilərə qarşı irimiqyaslı hərbi əməliyyata hələ də razılıq verməyib, ölkənin Yaxın Şərqdə yeni münaqişəyə qarışmasından ehtiyatlanıb.
Milli təhlükəsizlik müşavirləri tərəfindən hazırlanmış bir plana əsasən, bir çoxu yerin dərinliklərində olan Husi arsenallarına hava hücumları həftələrlə davam edə bilər, lakin Tramp hələ Yəmənin şimalına nəzarəti Husilərdən ala biləcək daha aqressiv strategiyanı təsdiqləməyib.
Daha əvvəl yazmışdıq ki, hərəkatın yaraqlıları Qırmızı dənizdə üzən Amerika təyyarədaşıyıcısına cavab verib.