Baş Prokurorluq və TƏBİB Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanması barədə birgə məlumat yayıb.
Xezerxeber.az-ın məlumatına görə, açıqlamada deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Xəzər Xəbər”ə açıqlamasında qeyd edib ki, Mərkəzin direktoru Nərmin İsmayılova və baş həkim Ülviyyə Əhmədova vəzifələrindən azad ediliblər.
Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir”.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.