RU

İrəvanda ali təhsilli milli pedaqoji kadr hazırlığı (1920-1988)

1920-ci il noyabr ayının 20-də Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra başqa respublikalarda olduğu kimi, burada da məktəb və maarif məsələlərinin dövrün tələbinə görə yeni qaydalar əsasında təşkilinə başlanıldı. Köhnə tipli məktəblərin ləğv edilərək, yeni tipli sovet məktəblərinin açılması doğma dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsinə və orada təhsil alan şagirdlərin sayının artmasına təkan verdi. Ermənistanda azərbaycanlı məktəblərinin yeni məzmunda təşkil olunması, təhsil ocaqları şəbəkəsinin genişlənməsi və idarə edilməsi ciddi çətinliklərlə üzləşdiyindən pedaqoji kadrların hazırlanması məsələsini ön plana çəkmişdi. Azərbaycanlı məktəblərini müəllim kadrları ilə təmin etmək üçün ilk vaxtlarda 1922-1923-cü illərdə İrəvanda qısa müddətli və uzun müddətli pedaqoji hazırlıq kursları, 1924-cü ildə isə İrəvan Türk Pedaqoji Texnikumu açılmışdır. Həyata keçirilən bu tədbirlərə baxmayaraq, hazırlanan pedaqoji kadrlar azərbaycanlı məktəblərinin ehtiyacını ödəyə bilmirdilər. Ali təhsilli milli pedaqoji kadrlara isə böyük ehtiyac var idi. Azərbaycanlılardan fərqli olaraq ermənilər üçün 1921-ci ildə İrəvan Dövlət Universiteti açılmışdı ki, onun da nəzdində erməni məktəblərini ali təhsilli müəllim kadrlarla təmin etmək üçün pedaqoji fakültə fəaliyyət göstərirdi. Həmin pedaqoji fakültə erməni məktəblərinin ali təhsilli müəllim kadrlarına olan təlabatını müəyyən qədər ödəyirdi. İrəvan Dövlət Universitetinin nəzdində azərbaycanlı məktəbləri üçün ali təhsilli müəllim kadrları hazırlayan belə bir pedaqoji fakültənin yaradılmasını Ermənistan KP MK-nın yanında “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyev və Ermənistan Xalq Maarif Komissarlığı yanında fəaliyyət göstərən “Azsaylı xalqlar bürosu”nun rəhbəri Mehdi Kazımov erməni şovinist dairələri qarşısında dəfələrlə təklif etsələr də, bu məsələ bolşevik cildinə girmiş erməni-daşnak dövlət strukturları tərəfindən qəbul edilməmişdir. Hətta 1930-cu illərdə Ermənistanda fəaliyyət göstərən ali məktəblərin nəzdində azərbaycanlı şöbələrinin açılması nəzərdə tutulsa da, erməni şovinist dairələri tərəfindən bu məsələlər öz həllini tapmamışdır.1934-cü ildə İrəvan Dövlət Universitetinin pedaqoji fakültəsinin bazasında erməni məktəbləri üçün ali təhsilli müəllim kadrları hazırlayan İrəvan Dövlət Pedaqoji İnstitutu təşkil edildi. Erməni şovinizminin yaratdığı bütün maneələrə baxmayaraq, azərbaycanlı ziyalıların milli və siyasi iradəsi sayəsində anadilli məktəblərimiz üçün ali təhsilli pedaqoji kadrlar hazırlanması istiqamətində bir sıra uğurlu addımlar atıldı. Bu baxımdan 1935-ci ildə Gümrüdə və Dilicanda təşkil edilmiş İkiillik Müəllimlər İnstitutu azərbaycanlı məktəbləri üçün ali təhsilli pedaqoji kadrların hazırlanmasında böyük uğurlar qazana bilməsə də, müəyyən qədər rol oynamışdır. 1943-cü ildə Gümrü İkiillik Qiyabi İnstitutunun azərbaycanlı bölməsini 31 nəfər bitirmişdir ki, onlar da müxtəlif bölgələrdəki məktəblərə müəllim göndərilmişdilər. Amma bütün bunlara baxmayaraq, azərbaycanlı məktəblərində ali təhsilli pedaqoji kadrlara olan tələbat daha çox idi. Hətta İkiillik Qiyabi Pedaqoji İnstitutlarının azərbaycanlı bölməsində dərs demək üçün milli pedaqoji kadrlar çatışmırdı. Gümrüdə təşkil edilmiş İkiillik Qiyabi Pedaqoji İnstitutda Bakıdan dəvət edilmiş professorlardan Əhməd Seyidov pedaqogikadan, Muxtar Qasımov marksizm-leninizmdən, Məmmədağa Şirəliyev Azərbaycan dilindən, Məzahir Abbasov isə psixologiyadan dərs deyirdilər. 1930-cu ildə dövlətin maarif siyasətinin qarşısında duran yeddi illik təhsil sisteminin tətbiqi və məktəblərin ixtisaslı müəllim kadrları ilə təmin edilməsi qoyulduğundan pedaqoji institut və universitetlərin pedaqoji təmayüllü fakültələrində hazırlanan müəllim kadrları tələbatı ödəyə bilmirdi. Ona görə də bütün İttifaqın müxtəlif şəhərlərində İkiillik Müəllimlər İnstitutun təsis edilməsi məqsədəuyğun sayılırdı. Bu baxımdan, 1937-ci ildə İrəvanda İkiillik Müəllimlər İnstitutu təsis edilərək fəaliyyət göstərirdi. Həmin ildə İrəvan İkiillik Müəllimlər İnstitutunun nəzdində 40 nəfərlik azərbaycanlı şöbəsi açılmışdır. Azərbaycanlı şöbəsinə qəbul olmaq üçün ilk ildə 83 ərizə daxil olmuşdur. Onlardan cəmi 34 nəfər tələbə adını qazana bilmişdir ki, onlardan da 18 nəfəri əyani, 16 nəfəri isə gündüzlər müəllimlik etməklə axşam növbəsində təhsil alırdılar. Təhsil alanlardan 5 nəfəri qadın idi. Burada da Azərbaycandan dəvət edilmiş müəllimlər dərs deyirdilər. Erməni şovinist dairələri tərəfindən məkrli şəkildə qısa müddətdə fəaliyyəti dayandırılan İkiillik Müəllimlər İnstitutunun azərbaycanlı bölməsi milli pedaqoji kadrların hazırlanması sahəsində uğur qazana bilməmişdi.

1936-cı il yanvar ayının 27-də İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsinin açılması milli məktəblərimizin ali təhsilli pedaqoji kadrlarla təmin edilməsində müəyyən irəliləyiş yaratmışdır. Həmin dövrdə hər yerdə olduğu kimi, İrəvanda da qiyabi təhsil müəssisələri müəllimlərin ixtisasını artırmaq sahəsində çox böyük rol oynamışdır. Ermənistanda azərbaycanlı müəllim və gənclərə ali təhsil vermək kimi məsul vəzifə yalnız İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun üzərinə düşürdü. Burada təhsil müddəti beş il idi. İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunda ədəbiyyat, coğrafiya, fizika və tarix ixtisasları üzrə ali təhsilli pedaqoji kadrlar hazırlanırdı. Burada kifayət qədər pedaqoji ustalığa malik, İrəvanda tanınmış ən yaxşı azərbaycanlı müəllimlər dərs deyirdilər. Sonralar uzun müddət Azərbaycan Pedaqoji Universitetinin professoru vəzifəsində çalışmış Nəzər Paşayev 1936-1939-cu illərdə həm İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda, eyni zamanda İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tarix fənnini tədris etmişdir. İrəvanın tanınmış maarif xadimlərindən olan Bəhlul Yusifov 1937-ci ildən 1943-cü ilə kimi, tanınmış yazıçı Müzəffər Nəsirli isə 1936-cı ildən 1941-ci ilə qədər həmin təhsil ocağında dərs demiş, ali təhsilli milli pedaqoji kadrların hazırlanmasında böyük rol oynamışdılar. Həmin müəllimlər, eyni zamanda, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və Ali Partiya məktəbində də dərs deyirdilər. İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun ilk məzunları arasında vaxtilə Amasiya rayonun maarif şöbəsinin müdiri işləmiş Həbib Əkbərov, İbrahim Məhəmmədov, Müslüm Cəfərov, Babaxan Kərimov, Lətif Hüseynov, Həmid Hümbətov, Əkbər Süleymanov və başqaları vardır. Bu fədakar müəllimlərin Qərbi Azərbaycanda milli maarifçilik mühitinin inkişafındakı müstəsna xidmətləri bu gün də böyük minnətdarlıqla və ehtiramla yad edilir.

Bütün azərbaycanlı təhsil müəssisələrində mövcud olan problemlər İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində də mövcud idi. Belə ki, tələbələrin lazımi tədris materialları və mədəni xidmətlərin təmin edilməməsi - bütün bunlar tədrisin yüksək səviyyədə qurulmasına, keyfiyyətinə mənfi təsir göstərməyə bilməzdi. Erməni şovinistlərinin bütün sahələrdə azərbaycanlılara qarşı yürütdüyü məkrli siyasət burada da özünü qabarıq şəkildə göstərirdi. 1944-cü ildə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin müdiri vəzifəsinə sonralar uzun müddət APİ-də professor və dekan vəzifələrində çalışmış Fərhad Qulam oğlu Fərhadov təyin edilmişdir. Şübhəsiz, onun yüksək peşəkar hazırlığı, pedaqoji təcrübəsi, dərin nəzəri biliyə və təşkilatçılıq qabiliyyətinə malik olması institutun Azərbaycan şöbəsinin səmərəli fəaliyyət göstərməsinə müsbət təsir göstərmişdir. İnstitutun Azərbaycan  şöbəsinə Ermənistanın azərbaycanlılar yaşayan bütün bölgələrindən - Amasiya, Megri, Basarkeçər, Zəngibasar, Vedibasar, Qafan və s. rayonlardan tələbə qəbul edilirdi. Amma buna baxmayaraq, İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi erməni şovinizmi əhatəsində çox çətin bir şəraitdə fəaliyyət göstərirdi. Bir sıra çətinliklər və problemlər üzündən 1945/1946-cı tədris ilinin yay imtahan sessiyasında 250 nəfər tələbədən yalnız 107 nəfəri iştirak edə bilmişdir. Araşdırmalardan məlum olur ki, uzaq bölgələrdən gəlmiş həmin 107 nəfər azərbaycanlı tələbə yay sessiyası müddətində yataqxana, lazımi şərait və vəsaitlərlə təmin edilməmişdi. 143 nəfər tələbənin isə yay imtahan sessiyasında iştirak edə bilməməsi maddi və digər problemlərlə bağlı olmuşdur. Erməni şovinizmi əhatəsində institutun Azərbaycan şöbəsinin üzləşdiyi bir sıra problemlərə və çətinliklərə baxmayaraq, fəaliyyətini uğurla davam etdirirdi. Əvvəlki tədris ilinə nisbətən 1948-ci tədris ilinin göstəricilərinin daha uğurlu olduğu haqqında məlumatlar bunu bir daha sübut edir. Belə ki, bu uğurlu göstəricilərin əldə olunması tələbələrin 1948-ci tədris ilinə kimi lazımi vəsaitlərlə, ədəbiyyatla daha yaxşı təmin edilmələri ilə bağlıdır. 1948-ci tədris ilinin yanvar ayının birinci yarısında institutun Azərbaycan şöbəsinin tələbələrinin qış imtahan sessiyasında mütəşəkkil iştirakı və yüksək bilik nümayiş etdirərək uğurlu nəticələr əldə etmələri də bunu bir daha təsdiq edir. 1948-ci tədris ilinin qış imtahan sessiyasında iştirak edən 200 tələbədən 10 nəfəri qeyri-qənaətbəxş qiymət almışdır. Cəmi 12 gün davam edən qış imtahan sessiyasında iştirak edən tələbələrin 95 faizi təhsil işçiləri idi. Qərbi Azərbaycanda qabaqcıl təhsil işçiləri kimi tanınan Tapdıq Əmiraslanov, Həsən Şəkərəliyev, Qadir Məmmədov, Tapdıq Novruzov, Eyvaz Eyvazov, Məhərrəm Nəsirov və başqaları 1948-ci tədris ilinin qış imtahan sessiyasını uğurla başa vurmuş və əlaçı tələbə adını qazanmışdılar. İrəvan Dövlət Pedaqoji İnstitutunun bolşevik cildinə bürünmüş daşnak rəhbərliyi 1948-ci ildə Azərbaycan şöbəsinin coğrafiya fakültəsinin bağlanması haqqında qərar qəbul edir. İnstitutun Azərbaycan şöbəsinin rəhbərliyi və tələbələr həmin fakültənin bağlanmasına  öz etirazlarını bildirsələr də, buna nail ola bilməmişdilər. Şübhəsiz ki, erməni şovinist dairələrinin atdığı bu məqsədyönlü addım İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin qısa zamanda bağlanmasına, yaxud da deportasiyasına zəmin hazırlamaqdan ibarət idi.

Azərbaycanlı məktəblərini ali təhsilli müəllim kadrları ilə təmin etmək üçün 1934-cü ildə yaradılmış İrəvan Dövlət Pedaqoji İnstitutunun nəzdində 1945-ci ildə Azərbaycan şöbəsi təşkil edilir və Zaman Vəliyev həmin şöbənin müdiri təyin edilir.

İrəvan Dövlət Pedaqoji İnstitutun, Azərbaycan şöbəsində dil və ədəbiyyat, tarix, coğrafiya, fizika-riyaziyyat ixtisasları üzrə fakültələr fəaliyyət göstərmişdir. 1945-ci ildə instituta ilk tələbə qəbulunun həyata keçirilməsi işində həmin dövrdə Zəngibasar rayon partiya komitəsinin birinci katibi olmuş Rza Rzayevin,Vedibasar rayon partiya komitəsinin birinci katibi işləmiş Əli Məmmədovun və başqa ziyalıların böyük rolu olmuşdur. Belə ki, onların ciddi səyi sayəsində Vedibasar rayonundan 21, Zəngibasar rayonundan isə 20 nəfər pedaqoji instituta qəbul olunmaq üçün ərizə vermişdir. İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinə ilk qəbul imtahanlarının vaxtı 1945-ci il sentyabr ayının 10-dək davam etmiş, dərslər isə sentyabr ayının 17-də başlamışdır. 1946-cı ildə isə institutun Azərbaycan şöbəsinə mövcud ixtisaslar üzrə 120 nəfər tələbə qəbul edilmişdir. Həmin ixtisaslar üzrə İrəvan Dövlət Pedaqoji İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutu arasında bağlanmış müqaviləyə əsasən Bakıdan 17 müəllim dəvət olunmuşdur. İrəvanda ali təhsil müəssisələrinin Azərbaycan şöbələrinin elmi-pedaqoji  kadr potensialını artırmaq məqsədilə aspiranturada tarix, dil-ədəbiyyat, coğrafiya, riyaziyyat, fizika və pedaqoji ixtisaslar üzrə 6 yer verilmişdir. Onlar Bakı, Moskva və digər şəhərlərə elmi axtarışlar məqsədilə ezam edilirdilər. Sözsüz ki, İrəvanda ali təhsil müəssisələrində müxtəlif fənlər üzrə dərs demək üçün yerli azərbaycanlı kadr çatışmazlıgı bir tərəfdən 1918-1920-ci illərdə ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırımla baglı idisə, digər tərəfdən isə “dinc” dövr adlandırdığımız vaxtlarda azərbaycanlılara və xüsusilə də milli ziyalılarımıza qarşı qərəzli şəkildə həyata keçirdikləri repressiyalarla baglı idi.

İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində təhsilin keyfiyyətinin yüksəldilməsində, tələbələrin üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasında şöbənin müdiri Zaman Vəliyevin, ilk partiya təşkilatının katibi İsmayıl Şükürzadənin və partiya təşkilatının ikinci katibi Bilal Hüseynovun da böyük xidmətləri olmuşdur.

İrəvan Dövlət Pedaqoji İnstitutunda şair və yazıçılarla vaxtaşırı görüşlər keçirilirdi. 1946-cı ildə Səməd Vurğun, Mirvarid Dilbazi, Nigar Rəfibəyli ilə keçirilən görüşlər tələbələrə xoş təsir bağışlamışdır.

Qeyd etdiyimiz kimi, İrəvan Dövlət Pedaqoji İnstitutunun 4 fakültəsində Azərbaycan bölməsi var idi: dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix və coğrafiya. İnstitutun nəzdində Azərbaycan şöbəsinin təşkil edilməsini təhsil ocağının şovinist rəhbərliyi heç cür həzm edə bilmirdi. Yenicə yaranmış Azərbaycan şöbəsinin 2 illik fəaliyyətini araşdırmaq üçün İrəvan Dövlət Pedaqoji İnstitutunun direktoru Ağüzümtsyanın əmri əsasında professor Şavarşyanın sədrliyi ilə komissiya təşkil edilir. 1947-ci il iyun ayının 22-də İrəvan Dövlət Pedaqoji İnstitutun?? Elmi şurasının iclasında komissiyanın təklifi əsasında təhsil müddəti 4 il olmaqla Azərbaycan şöbəsinin dekanlıqlarını birləşdirib, dekan müavinlərini azərbaycanlılardan təyin etmək haqqında qərar qəbul edilir. 1948-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutuna Xaçatur Abovyanın adı verilir. Cəmi üç il fəaliyyət göstərən İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin əsaslı buraxılışı olmamışdır.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarı ilə 100 mindən artıq azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edildi. 1948-ci ildə azərbaycanlı əhalinin köçürülməsi ilə yanaşı, o cümlədən milli məktəblərimiz üçün pedaqoji kadrlar hazırlayan İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu və İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi də deportasiyaya məruz qaldı. İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu Azərbaycanın Xanlar rayonuna, İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi isə Bakı şəhərinə, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin müvafiq fakültələrinə köçürüldü. Sonralar Azərbaycan elminin inkişafına öz töhfələrini vermiş, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professor Bağır Bağırov, fizika-riyaziyyat elmləri namizədi, dosent Qasım Mustafayev, uzun müddət “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş, filologiya elmləri namizədi Zəhra Əliyeva, ictimai xadim Qadir İsmayılzadə, maarif xadimi, Əməkdar müəllim Nurəddin İbrahimov, onlarla tələbə təhsillərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirməli  oldular.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli məlum qərarları ilə 100 min azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edilməli  idi. Amma Ermənistanın şovinist hakimiyyəti bu əlverişli “tarixi” şəraitdən istifadə edərək deportasiyaya məruz qalan azərbaycanlıların sayını 150 minə çatdıra bilmişdi. 1948-1953-cü illərdə azərbaycanlı əhali ilə yanaşı, onlara məxsus olan bir sıra mədəni-maarif ocaqları da deportasiyaya məruz qalmışdı. İrəvanda fəaliyyət göstərən azərbaycanlı qadınlar klubunun, azərbaycanlı qızlar məktəbinin, Azərbaycan teatrının, Ermənistan Şura Yazıçıları Cəmiyyətinin nəzdində yaradılmış Türk yazarlar bölməsi və bir sıra ümumtəhsil məktəblərinin də fəaliyyəti dayandırıldı. O cümlədən, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi də deportasiyaya məruz qaldı. ll Dünya müharibəsindən sonra azərbaycanlıların öz doğma torpaqlarından kütləvi deportasiyası ermənilərin xalqımıza qarşı həyata keçirdiyi siyasətin ən müdhiş nəticəsi idi.

Ermənilərin azərbaycanlılara qarşı dövlət səviyyəsində apardığı soyqırımı siyasəti, deportasiya aksiyası təkcə İrəvanda Azərbaycan ictimai-siyasi mühitinə deyil, eyni zamanda, ədəbi-mədəni mühitinə də böyük zərbə vurmuşdur. İrəvan Türk Pedaqoji Texnikumunun və İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycana köçürülməmişdən bir ay əvvəl Ermənistanın Maarif naziri 7 oktyabr 1948-ci il tarixli 719 nömrəli əmr imzalayır. Həmin əmrdə göstərilir ki, “İrəvanda Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisələrinin Azərbaycan SSRİ-yə köçməsi ilə əlaqədar olaraq, həmin təhsil müəssisələrində işləyən  müəllim kontingenti 7 oktyabr 1948-ci ildən etibarən işdən azad edilsinlər”. Beləliklə, İrəvanda Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni mühitinin aparıcı nümayəndələri olan Mehdi Kazımov, Həbib Məhəmmədzadə, Adil Axundov, Mirəli Seyidov, Fərhad Fərhadov, Bülbül Kazımova, Əşrəf Bayramov, İsmayıl Şükürzadə, Bəhlul Yusifov, Əsgər Cəfərov, Zaman Vəliyev və başqaları 1948-ci il deportasiyasına məruz qaldılar. Mehdi Kazımov, Əşrəf Bayramov, Əyyub Babayev, Səkinə İsmayılova pedaqoji fəaliyyətlərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirmişdilər. Ümumiyyətlə, adlarını qeyd etdiyimiz və etmədiyimiz deportasiyaya məruz qalmış bir çox ziyalıların Azərbaycan elm, mədəniyyət, ictimai-pedaqoji fikrin inkişafında misilsiz xidmətləri olmuşdur.

6 illik fasilədən sonra 1954-cü ilin aprel ayında Ermənistanın müvafiq qurumları tərəfindən X.Abovyan adına İrəvan Dövlət İnstitutunun Azərbaycan bölməsinin yenidən bərpa olunması haqqında qərar qəbul edilir. Pedaqoji institutun bərpa olunan Azərbaycan şöbəsi ilk ildə fizika-riyaziyyat, Azərbaycan dili və ədəbiyyat fakültələri ilə fəaliyyətə başlamışdı. Sonrakı illərdə isə tarix, təbiət və coğrafiya, pedaqogika və ibtidai məktəb metodikası ixtisasları üzrə müəllim kadrları hazırlayan yeni fakültələr təşkil edilmişdi. İnstitutda Azərbaycan dili və ədəbiyyatı ixtisasından başqa, bütün ixtisaslar müvafiq erməni kafedralarında təmsil olunmuşdu. Kafedraya əvvəllər görkəmli yazıçı, ədəbiyyatşünas alim Əkbər İrəvanlı rəhbərlik etmişdir. İrəvan Dövlət İnstitutunun 1954-cü ildə yenidən bərpa edilən Azərbaycan şöbəsində dərs demək üçün ilk dəvət edilən müəllimlərdən biri görkəmli tədqiqatçı-alim, pedaqoq, Əməkdar müəllim Lətif Talıb oğlu Hüseynzadə olmuşdur. O 1954-cü ildən 1970-ci illərə qədər burada dərs demişdir. İnstitutun kadr potensialının formalaşmasında, tədris prosesinin yüksək səviyyədə təşkil olunmasında Azərbaycan şöbəsinin müdiri işləmiş Əkbər İrəvanlının da xidmətləri olmuşdur. Azərbaycan dili və ədəbiyyatı kafedrasında müxtəlif vaxtlarda

Lətif Hüseynzadə, Məsim Məmmədov, Hüseyn İsmayılov, Aidə Salahova, Məhərrəm Hüseynov, Mehdi Həsənov, Məhərrəm Bayramov, Şövkət Kərimov, Vilayət Əliyev, baş müəllimlər Zoya Səfərova, Cahangir Hüseynov, Kifayət Qasımova, Azər Bayramov və başqaları fəaliyyət göstərmişdilər. 1962-1966-cı illərdə institutun Azərbaycan şöbəsində İsmayıl İsmayılov Azərbaycan dili fənnini tədris etməklə yanaşı, eyni zamanda pedaqoji təcrübənin rəhbəri vəzifəsində çalışmışdır. İrəvan Dövlət Pedaqoji İnstitutu 1954-cü ildə fəaliyyətə başlayanda kifayət qədər pedaqoji ustalığa malik müəllimlər cəlb edilmişsə də, artıq sonrakı illərdə institutun Azərbaycan şöbəsində dərs deyən müəllimlərin sayı xeyli artmışdır. Əməkdar rəssam Cabbar Quliyev təsviri sənət, incəsənət tarixi və estetika (1961-1988), tarix elmləri namizədi İsrafil Məmmədov tarix (1964-1988), Sabir Səfərov fəlsəfə (1967-1988), böyük ədəbiyyatşünas, istedadlı pedaqoq İbrahim Xəlilov-Azərbaycan ədəbiyyatı (1970-1974), baş müəllim Fərrux Rzayev pedaqogika (1964-1988), Həsən Səfərov siyasi iqtisad (1980-1988), psixologiya elmləri doktoru, professor Əkbər Bayramov psixologiya, görkəmli ədəbiyyatşünas, ictimai-siyasi xadim Hidayət Orucov XIX və XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdilər.

İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin səmərəli fəaliyyət göstərməsində, tədris prosesinin təşkilində, milli pedaqoji kadrların hazırlanmasında Azərbaycandan, xüsusən Bakıdan dəvət olunmuş bir sıra görkəmli alimlərin-akademik Məmməd Cəfər Cəfərov, professor Əli Sultanlı, AMEA-nın müxbir üzvləri Əbdüləzəl Dəmirçizadə, Əziz Mirəhmədov, Maqsud Cavadov, filologiya elmləri doktorları, professorlar Xalid Əlimirzəyev, Yəhya Seyidov, Abbas Zamanov, İnayət Bektaşi, Aydın Hacıyev, Mürsəl Həkimov, Alməmməd Alməmmədov, Firudin Hüseynov, Nizami Xudiyev, Zeynal Tağızadə, Müseyib Məmmədov, Vaqif Arzumanlı, Hüseyin Əhmədov, Bayram Əhmədov,

elmlər doktoru Elməddin Əlibəyzadə, dosentlər Məmmədbağır Hidayətzadə, Bilal İbrahimov, Yunus Məmmədov, Azər Hüseynov, Qənbər Hüseynov və başqalarının böyük əməyi olmuşdur. Adlarını qeyd etdiyimiz bu görkəmli ziyalılar müxtəlif illərdə institutun Azərbaycan şöbəsində ayrı-ayrı ixtisasların ən mühüm məsələləri ilə bağlı mühazirələr oxumuşlar. Mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə bu görkəmli ziyalıların dediyi mühazirələr bu gün də tələbələrin yaddaşından silinməmişdir.

Filologiya elmləri doktoru, professor Fərhad Fərhadov, iqtisad elmləri doktoru, professor Rəhim Allahverdiyev, tarix elmləri doktorları, professorlar Mehdi Erivanski, tarix elmləri namizədləri İsmayıl Şükürzadə və Bəhlul Yusifovun da elmi-pedaqoji fəaliyyətləri institutun Azərbaycan şöbəsi ilə sıx bağlı olmuş, yüksək ixtisaslı milli pedaqoji kadrların hazırlanmasında böyük fəaliyyət göstərmişdilər.

İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində elm, ədəbiyyat və mədəniyyət xadimləri ilə keçirilən görüşlər tələbələrə xoş təsir bağışlamaqla yanaşı, onların dünya görüşünün formalaşmasında böyük rol oynayırdı. 1967-ci ildə Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrində çalışan alimlərin tarix elmləri doktoru, professor İosif Striqunov, AMEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi Mirəli Seyidov, tarix elmləri namizədləri Süleyman Məmmədov, Oktay Əfəndiyev və başqalarının İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin müəllim və tələbələri ilə görüşləri çox maraqlı keçmiş, kollektivə böyük təsir bağışlamışdı. Mirəli Seyidov çalışdığı institutun fəaliyyəti və üzərində işlədiyi “Əxilik”, Oktay Əfəndiyev uzun illər Şah İsmayıl Xətai haqqında apardığı tədqiqatlar, Süleyman Məmmədov Böyük Oktyabra həsr edilmiş əsərlər və qarşıdakı yaradıcılıq fəaliyyəti barədə çıxışlar etmişlər.

İnstitutun Azərbaycan şöbəsinin tədrisin təşkilindəki uğurları, eyni zamanda, elmi işlərin də daha yüksək səviyyədə qurulmasına real imkan yaradırdı. Bunun da nəticəsində institutun Azərbaycan şöbəsində aparılan elmi-tədqiqat işləri tədricən genişlənirdi. 1966-cı ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının ilk dəfə hazırladığı “Elmi əsərlər” adlı məqalələr toplusu nəşr olunmuşdur ki, burada da filologiya elmləri namizədləri, dosentlər, Lətif Hüseynzadənin, Əkbər İrəvanlının və müəllimlərdən Əli Dalqılıcovun məqalələri öz əksini tapmışdı.

1970-ci illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin elmi-pedaqoji fəaliyyətinin ən ahəngdar və məhsuldar illəri olmuşdur. Belə ki, bir sıra kafedralarda azərbaycanlı müəllimlərin elmi-tədqiqat əsərləri nəşr edilmiş, bir neçə dissertasiyalar müdafiə edilmişdir. 1969-cu ildə Mehdi Həsənov, 1972-ci ildə İsrafil Məmmədov, 1974-cü ildə Məsim Məmmədov və Sabir Səfərov, 1982-ci ildə Məhərrəm Hüseynov uğurla müdafiə etmişdilər.

İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin fəaliyyət göstərdiyi 28 il ərzində yüzlərlə məzun təhsil sahəsində fədakarcasına çalışmış, elmin, mədəniyyətin inkişafına öz önəmli töhfələrini vermişlər. Pedaqoji İnstitutun Azərbaycan şöbəsinin adlı-sanlı məzunları arasında AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın, filologiya elmləri doktorları Bağır Bağırovun, İsrafil Abbasovun, İbrahim Bayramovun, Rüfət Hüseynzadənin, tarix elmləri doktoru, professor Hüseyn Əmirovun, filologiya elmləri namizədləri dosent Mehdi Həsənov, dosent Aidə Salahova, dosent Zəhra Əliyeva, uzun müddət İrəvanda azərbaycanlı qızlar məktəbinin direktoru işləmiş, keçmiş SSRİ Ali Sovetinin deputatı olmuş, maarif xadimi Rəziyə Abdullayeva, şair Əli Vəkil, Xalq artistləri Mübariz Tağıyev, Elmira İsmayılova, jurnalist-şair Nəsib Qaramanlı, tanınmış yazar Kamil Məmmədov və başqalarının adları vardır. Uzun müddət Ermənistanda Maarif Nazirliyində azərbaycanlı məktəblər üzrə inspektor vəzifəsində çalışmış Əməkdar müəllim Nurəddin İbrahimov da İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin yetirmələrindəndir.

Qərbi Azərbaycanda azərbaycanlı məktəblərinin ali təhsilli pedaqoji kadrlarla təmin edilməsində mühüm rol oynamış və orada yaşayan azərbaycanlıların ali təhsil aldığı-İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi 1988-ci ildə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə köçürülməsi zamanı məcburi olaraq öz fəaliyyətini dayandırdı.

Избранный
590
45
yeniazerbaycan.com

10Источники