RU

Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024-ə lisenziya qazandı! - ARENA.AZ

Azərbaycanın 5 sərbəst güləşçisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Arena.az xəbər verir ki, bu gün Bakıda təşkil olunmuş Avropa Olimpiya Təsnifat turnirinə yekun vurulub.

Sonuncu yarış günündə Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində Simone Piroddu (İtaliya) üzərində inamlı qələbə qazanıb – 11:0. Daha sonra Süleyman Atlıya (Türkiyə) qalib gələn (6:0) Rzazadə yarımfinalda Vladimir Yeqorovu (Şimali Makedoniya) 4:3 hesabı ilə üstələyib.

Üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Xamzat Arsamerzuevə (Fransa) qalib gəlib – 5:2. O, daha sonra Nyurqun Skryabinı (AİN) 4:2 hesabı ilə üstələyib. Hacının yarımfinaldakı rəqibi İslam Dudayev (Albaniya) olub. Hacı Əliyev albaniyalı rəqibini əzmkar qələbə ilə (6:3) məğlub edərək Paris-2024-ə lisenziya əldə edib.

74 kq-da yarışan Turan Bayramov 1/8 finalda Tobias Portmanı (İsveçrə) məğlub edib – 10:0. O, daha sonra Zurab Kaprayevi (Rumıniya) məğlub edib – 5:1. Bayramov yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan Frank Çamizo (İtaliya) ilə qarşılaşıb. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub. Beləliklə, Turan Bayramov da Paris-2024-ə lisenziya qazanıb.

86 kq-da Osman Nurməhəmmədov təsnifat mərhələsində Domantas Pauliçenkoya (Litva) 11:0 hesabı ilə qalib gəlib. O, daha sonra Samuel Şerrerə (İsveçrə) 5:0 və Maqomed Ramazanova (Bolqarıstan) 6:2 hesabı ilə qalib gəlib. Osmanın yarımfinaldakı rəqibi Vasili Mixaylov (Ukrayna) olub. Millimizin üzvü bu rəqibinə də 4:1 hesablı qalib gələrək Olimpiadaya lisenziya qazanıb.

125 kq-da mübarizə aparan Giorgi Meşvildişvili 1/4 finalda Abraham Konedoya (İtaliya) qalib gəlib – 10:0. O, yarımfinalda Alen Xubulova (Bolqarıstan) 7:0 hesabı ilə qalib gələrək Paris-2024-ə lisenziya qazanıb.

Bununla da sərbəst güləş üzrə Azərbaycan yığmasında Olimpiadaya lisenziya qazananların sayı 6-ya çatıb. Daha əvvəl digər sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) olimpiadada iştirak hüququna yiyələnmişdi.

Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.

Xatırladaq ki, Bakıdakı mötəbər yarışın ilk iki günündə Azərbaycanın 4 yunan-Roma və 5 qadın güləşçisi Olimpiadaya lisenziya qazana bilməmişdi.

Избранный
218
47
arena.az

10Источники