RU

Zəngəzur bölgəsi ABŞ, Rusiya, İran və Fransanın savaş poliqonuna çevrilir - VİDEO

Rəsmi Bakı isə Cənubi Qafqazda onun üçün əsas prioritetin sülh olduğunu bəyan edir.

Azərbaycan Ermənistanla sülh əldə etmək üçün Zəngəzur dəhlizinin, o cümlədən kommunikasiya xətlərinin açılması məsələsini növbəti mərhələyə saxlamaqla rəsmi İrəvana diplomatik jest etdi. Əslində bu məğlub Ermənistan üçün, Avropanın, ABŞ-nin, Rusiyanın və İranın əlində girinc qalan Paşinyan üçün çox böyük bir jestdir. Amma hadisələr göstərir ki, nə ermənilər və Paşinyan, nə də onların havadarları Azərbaycanın bu xoşməramlı addımına layiq deyillər. Çünki cavab adekvat olmadı. Azərbaycanın Zəngəzur dəhlizi məsələsini sülh müqaviləsindən sonraya saxlamaq fikrindən 3-4 gün keçməmiş Ermənistan bu bölgəyə Rusiya, Fransa, İrandan sonra ABŞ-nin hərbi və diplomatik qüvvələrini də soxmağa başladı. Son bir həftədir ki ABŞ Zəngəzurda tələm-tələsik hərbi baza yaradır. Yəqin ki, bu bölgəyə gətirilən hərbi təyinatlı yüklərin və hərbiçilərin video görüntülərini hamınız görmüsünüz. Bu barədə uzun danışmaq istəmirik. Danışılası əsas məsələ odur ki, Ermənistan, Azərbaycanla-Naxçıvan arasında olan 43 kilometrlik balaca bir əraziyə niyə Fransa və ABŞ kimi böyük dövlətlərin hərbi qüvvələrini yerləşdirir? Rusiya və İran isə zatən ordadır. Bir-birinə düşmən olan böyük dövlətlərin 43 kilometrlik ərazidə hansı maraqları birləşdirir və ziddiyətli olsa da toqquşdurur?

Cavab elə sualın özündədir. Zəngəzur dəhlizi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu dəhliz, Çindən başlayaraq, Orta Asiyadan keçməklə Azərbaycan, Ermənistan, İran, Türkiyə və Şərqi Avropa da daxil böyük bir coğrafiyanı birləşdirən dövlətlərin iqtisadi maraqlarını təmin edəcək bir kommunikasiya layihəsidir. Bu layihənin həyata keçməsi geniş bir coğrafiyada iqtisadi dirçəlişə səbəb ola bilər. Amma Ermənistanın belə xeyrinə olan bir layihə İrəvanın böyük havadarları tərəfindən ciddi cəhdlə sabotaj edilir. Və 43 kilometrilik balaca bir ərazidə yeni bir münaqişə ocağını alovlandırmağa çalışırlar. Zəngəzur bölgəsinin ABŞ-Avropa-İran, ABŞ-Avropa-Rusiya qarşıdurma poliqonuna çevrilməsi üçün Paşinyan hökumətinin bir-birinə düşmən olan bu ölkələrə imkan tanıması rəsmi Bakı üçün də problemə çevrilə bilər. Çünki bu qarşıdurmada Azərbaycanı tərəfə çevirməyə cəhdlər edilir. Ona görə Azərbaycan diplomatiyası ağıllı gediş edərək Zəngəzurun yeni savaş, münaqişə bölgəsinə çevrilməməsi üçün Ermənistanla danışıqlar prosesində dəhlizi məsələsini arxa plana atdı. Və Rəsmi Bakı Cənubi Qafqazda onun üçün əsas prioritetin sülh olduğunu bəyan etdi. Bu xoşməramlı addım Ermənistanın və onun havadarlarını pat vəziyyətinə saldı. Çünki “Azərbaycan dəhlizə görə Zəngəzura hücum edəcək” kimi absurd ittihamlar öz əhəmiyyətini itirdi, o cümlədən bölgəyə cəlb edilən ABŞ, Fransa hərbiçilərinin də önəmi azaldı. Münaqişə üçün səbəb qalmadı. Amma son günlər Ermənistanın Azərbaycan sərhədlərində, o cümlədən Naxçıvan istiqamətində atəşkəsi pozması, təxribatlar törətməsi onu göstərir ki, Paşinyan və havadarlaranın hədəfi nəyin bahasına olursa olsun Azərbaycanı yeni münaqişəyə cəlb etməkdir. Bu baxımdan Azərbaycan Zəngəzur bölgəsinin hərbisizləşdirilməsi üçün sərt diplomatik addımlar atmaq məcburiyyətində qalıb. 

Şöhrət El-Dəniz

visiontv.az



Избранный
199
43
visiontv.az

10Источники