AZ

Rusiya qorxusu: Ermənistan KTMT-ni gündəmdə saxlayır

Ekspertin sözlərinə görə, Paşinyan Rusiyaya hələ ümid yeri saxlamaqla vəziyyətə nəzarəti itirmək istəmir  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır. Bu barədə KTMT-dən verilən bəyanatda bildirilib. Qeyd olunub ki, "məsuliyyət zonası" son dərəcə mürəkkəb termindir: "İrəvan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək istəyir. Bir daha deyirik ki, 2010-cu ildəki razılaşmaya əsasən, təşkilatın “məsuliyyət zonası” yalnız ona üzv olan istənilən dövlətin suveren sərhədləri ilə məhdudlaşan ərazisidir”. Politoloq David Karapetyan isə deyib ki, KTMT hərbi-siyasi birlik olaraq hansı zonanı qorumağa borclu olduğunu dəqiqləşdirməkdən imtina edib: "Bu, İrəvanın, xüsusən də KTMT-yə “Ermənistanı hansı sərhədlərdə tanıyırsınız” sualını verən Nikol Paşinyana cavab addımı idi". Onun sözlərinə görə, qurum çox diplomatik cavab verib: "Buradan belə nəticəyə gəlmək olar ki, KTMT Ermənistanın Azərbaycanla qarşılıqlı razılaşdırılmış sərhəd xətti olduqda müdafiə olunacaq sərhədləri tanıyacağını açıq şəkildə bildirib. Biz diplomatik və çətin cavab aldıq. Bu bəyanat həm də Azərbaycan üçün yaşıl işıqdır, çünki təşkilat faktiki olaraq Ermənistanın sərhədlərini necə tanıdığını deməyib. Belə olan halda qurum bütün məsuliyyəti Ermənistanın hazırkı hakimiyyətinin üzərinə qoydu. O ki qaldı ehtimal olunan hərbi eskalasiya zamanı KTMT-dən kömək gözləməli olub-olmamağımıza, hüquqa uyğun olaraq düzgün müraciət təqdim etsək, KTMT-dən kömək alacağıq. Ancaq mövcud vəziyyətdə münasibətlərdə açıq-aşkar böhran olduğundan bu suala heç kim dəqiq cavab verə bilməz. Belarus prezidenti bu suala vaxtında cavab verib və açıq şəkildə bildirib ki, hər halda Azərbaycan onların qardaş ölkəsidir, İlham Əliyev onların qardaşıdır, ona görə də çalışmalıdırlar ki, bu məsələlərə qarışmasınlar".
  Ermənistanın “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Armen Xaçaturyan da Rusiyanı ittiham edib. Onun sözlərinə görə, Rusiyanın 102-ci bazası lazım olan anda ölkəmizə heç bir şəkildə dəstək verməyib. O, həmçinin qeyd edib ki, Ermənistanda heç vaxt indiki qədər subyektiv yanaşma sərgilənməyib: “İstənilən halda ölkəmizdə hərbi baza mövcuddur. Onun bizə lazım olub-olmaması Ermənistanın təhlükəsizlik sistemi yeniləndikdən sonra aydın olacaq. Bir daha təkrar edirəm ki, haqqında danışdığım baza ölkəmizə heç bir şəkildə dəstək verməyib. Əksinə, bir qədər əvvələ kimi bizim hansı addımları atacağımıza Mariya Zaxarovanın ölkəsində qərar verilirdi”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatları yalan adlandırıb. Zaxarovanın qənaətincə, rəsmi İrəvanın təşkilatla bağlı qərarı Qərblə məsləhətləşmələrdən sonra verilib.
  Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın KTMT-ni gündəmdə saxlamaq istəyi Rusiyanın qorxusundandır. Ekspertin sözlərinə görə, Paşinyan Rusiyaya hələ ümid yeri saxlamaqla vəziyyətə nəzarəti itirmək istəmir: "Həm də Rusiyadan gələn sərt xəbərdarlıqlar fonunda 5 apreldə Brüsseldə gözlənilən ABŞ-Aİ-Ermənistan konfransı öncəsi vəziyyəti yumşaltmaq istəyir. Paşinyanın Qərbə yönəlməsi ilə KTMT-də qalmağı tərs-mütənasibdir. Onsuz da hadisələr irəlilədikcə Ermənistanın qurumdan çıxmaq məsələsi mütləq gündəmə gələcək. "Məsuliyyət zonası" anlayışı isə təbii ki, mövcud sərhədlərin çərçivəsinə aid olan anlayışdır. Ancaq Ermənistan çoxdan Azərbaycanın məlum sərhədlərini pozaraq etdiyi işğal hərəkəti ilə bu anlayışı heçə endirib. KTMT sərhəd anlayışının nisbi olduğu qənaətinə gəlib. Ermənistan əgər vaxtilə öz sərhədinin başqa olduğunu iddia edirdisə, KTMT buna nə edə bilərdi?! İndi durum dəyişsə də, əvvəlki tendensiya qalıb. Azərbaycan öz sərhədlərinin əvvəlki kimi olmadığını iddia etmək hüququ əldə edib. Odur ki, "təhlükəsizlik anlayışı" məsələsini irəli sürən tərəf əvvəlcə özü bu anlayışın mənasını dəqiqləşdirməlidir. Bu artıq Ermənistanın yox, Azərbaycanın inisiativindədir".

Seçilən
139
50
Mənbələr
Şərh ()
Bağla