AZ

Qarabağın “yaşıl” sərvəti – xarici şirkətlərin artan diqqəti

Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə işçi qrupun 6-cı iclası keçirilib. 
İşçi qrupun sədri, Energetika na­ziri Pərviz Şahbazov Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” həllərinin tətbiqi istiqamətində gö­rülən işlərə, digər qabaqcıl texnologiya­larla yanaşı, bu ərazilərdə elektromobillər üçün əlverişli infrastrukturun yaradılması zərurətinə diqqət çəkib. O, ölkəmizdə “yaşıl enerji” zonalarının yaradılması is­tiqamətində həyata keçirilən tədbirlərin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkili kontekstində qlobal əhəmiyyətini bir daha vurğulayıb.
Sonra iclasın gündəliyinə uyğun ola­raq işğaldan azad edilmiş ərazilərdə “ya­şıl enerji” zonasının yaradılması məsələ­si ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlərlə bağ­lı müzakirələr aparılıb. Tədbirdə əvvəlki iclasda qəbul edilmiş qərarların icrasına dair işçi qrupun katibliyinin hesabatı din­lənilib. İşğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəli­liyinin tətbiqi üzrə aparılmış monitorinqlə­rin nəticəsinə dair hesabat təqdim edilib.
Eyni zamanda, “yaşıl enerji” zonasın­da tətbiq edilən müvafiq komponentlərin resurs bazasında əks etdirilməsi ilə bağlı görülmüş işlər, düşmən işğalından azad olunmuş ərazilərdə mənzil inşaatı, yaşa­yış binalarının tikintisi sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat ve­rilib. Bununla yanaşı, gündəlikdən irəli gələn digər cari məsələlərlə bağlı görülən işlər və icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.
İclasda işçi qrupa daxil olan dövlət qu­rumları ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayən­dəliklərinin və “Bərpa Tikinti və İdarəet­mə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin, “Azəristi­liktəchizat” ASC-nin, Mənzil İnşaatı Döv­lət Agentliyinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndələri iştirak ediblər. 
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazilərdə 10 qiqavat həcmində günəş və külək enerjisi po­tensialı mövcuddur. Azərbaycan Res­publikasının Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri çaylarının qollarında hidroe­nerji istehsalı üçün geniş imkanlar var. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli ra­yonları texniki potensialı 7200 meqavat­dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərin­də külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geo­termal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcud­dur. 
Məhz bu zənginliyi nəzərə alan ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilo­metrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Dövlət başçısı 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzala­yıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının ya­radılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə burada bir neçə su elektrik stansiyası inşa edilərək istisma­ra verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradıl­ması ilə bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisi yalnız bərpaolunan enerji mənbələrindən alınacaq. 
Artıq işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialının hərkətə gətirilməsi istiqamətində konkret tədbirlə­rin həyata keçirilməsinə başlanılıb. Mə­lum olduğu kimi, 2022-ci il iyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayon­larında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada SOCAR və Böyük Britaniyanın BP şirkəti arasın­da ölkəmizin bərpaolunan enerji potensi­alının öyrənilməsi, bu sahədə əməkdaş­lıq məsələləri və birgə layihələrin həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Yeri gəlmişkən, son illər bər­paolunan enerji ilə bağlı layihələrin icra­sını özünün əsas fəaliyyət istiqamətləri sırasına daxil edən Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində “SOCAR Gre­en” Məhdud Məsuliyyətli Cəmiyyəti ya­radılıb. Yeni qurum Birləşmiş Ərəb Əmir­liklərinin “Masdar” şirkəti ilə birgə “Meqa” layihəsinin ilkin mərhələsində quruda, ümumilikdə, 2 qiqavat gücündə külək və günəş enerjisi layihələrini icra edəcək. 
Bununla yanaşı, artıq icra mərhələ­sinə qədəm qoyan “Şəfəq” layihəsi də BP şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik günəş elektrik stansiyasının tikinti işlə­rinə bu ilin ikinci yarısında başlanacaq. “Lighsource BP” şirkətinin operatoru ol­duğu “Şəfəq” layihəsi Cəbrayıl şəhərin­dən 5-10 kilometr məsafədə, təxminən, 802 hektarlıq ərazini əhatə edəcək. Ümu­milikdə isə, layihəyə 240 meqavat gücün­də günəş elektrik stansiyasının layihələn­dirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir. La­yihə çərçivəsində tikinti işləri, təxminən, 18 ayadək davam edəcək.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpaolunan enerji potensi­alına beynəlxalq maraq isə getdikcə art­maqdadır. Artıq dünyanın bir sıra enerji şirkətləri bu ərazilərə sərmayə qoymaq­da israrlıdırlar. Məlum olduğu kimi, bu il martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclas­ları çərçivəsində Azərbaycanın Energe­tika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında Cəbrayıl rayonunda 100 meqa­vat gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakına dair Anlaşma Memoran­dumu imzalanıb. Sənədə əsasən, rayon ərazisində 50 meqavatı ilkin mərhələdə, daha 50 meqavatı isə növbəti mərhələdə olmaqla, ümumilikdə, 100 meqavat həc­mində günəş elektrik stansiyasının tikinti­si planlaşdırılır.
M.YAQUBZADƏ XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
7
Mənbələr
Şərh ()
Bağla