AZ

Mənfur üçlük Paşinyana qarşı - Ermənilər səhv edərsə...

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistanda "qarabağlılar klanı" adlanan qruplaşmanın rəhbərləri, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın tandemi Erməni Apostol Kilsəsi (EAK) ilə fəaliyyətlərini birləşdirməkdədir.

Baş nazir Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün bu üçlüyün malik olduqları bütün vasitələrə və metodlara əl atacaqları şübhəsizdir.

R.Köçəryanın başçılıq etdiyi "Ermənistan" müxaltifət fraksiyasının deputatları qapalı toplantı keçiriblər.

Toplantıda ölkədəki vəziyyət, xüsusilə də Tavuş (Tovuzqala) rayonundakı hadisələr, Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasının gedişatı müzakirə olunub. Çıxış edən R.Köçəryan deputatlardan "parlamentdə və küçələrdəki mübarizədə daha fəal olmağı" tələb edib.

"Ermənistan"ın parlamentdəki fraksiyasının rəhbəri Seyran Ohanyanın dediyinə görə, R.Köçəryan "ölkədəki situasiya ilə bağlı fəaliyyətdən bəhs edib, zəruri məsləhətlər verib".

Daha sonra isə EAK-ın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstyanyan əvvəlcə bütün ermənilərin katolikosu 2-ci Qaregin, daha sonra isə Robert Köçəryanla görüşüb.

Ermənistan mediasında yer alan məlumatlara görə, görüş zamanı keşiş Baqrat Tavuş rayonunda 32 ildən bəri erməni işğalında olan, indisə azad edilərək Azərbaycana təşvil veriləcək 4 kənddə məskunlaşmış ermənlərin "Paşinyan hakimiyyətinə qarşı çıxmadıqların"dan şikayətlənib.

Keşiş Baqrata məsləhət bilinib ki, əsas mübarizə İrəvan küçələrində aparılmalıdır. Ən əsası isə, son günlərdə Ermənistanın müxtəlif məkanlarında yolları bağlayan, N.Paşinyanın istefasını və delimitasiya-demarkasiya prosesinin dayandırılmasını tələb edən qruplar birləşməli, fəaliyyətlərini "qarabağlılar klanı" və Erməni Apostol Kilsəsi ilə birgə reallaşdırmalıdır.

Robert Köçəryansa arxiyepiskop Baqrata "Tavuşdan İrəvanadək tərəfdarları ilə piyada yürüş etməyi" çıxış yolu kimi təklif edib.

R.Köçəryanın sözlərinə görə, N.Paşinyan da Serj Sarqsyanın istefasını tələb edəndə belə yürüş etmiş, yol boyunca ətrafına yığışan tərəfdarların sayını fasiləsiz artırmışdı.

Bütün ermənilərin katolikosu 2-ci Qaregin bu ideyanı bəyənməyib və arxiyepiskop Baqratın "İrəvana yürüş"ün uğur ehtimalının çox az olduğunu vurğulayıb.

Tərəflər saatlarla davam edən müzakirələrdən sonra ilkin sövdələşmə əldə ediblər. Robert Köçəryan Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasına etiraz edən, N.Paşinyanın istefasını istəyən və yolları bağlayaraq etiraz aksiyaları təşkil edən qruplara maliyyələşdirdiyi mass-media vasitələrinin, 3 telekanalın və bloqerlərin informasiya dəstəyini vəd edib.

Təbii ki, bəhs olunanlar aşkarlanan faktlardır və onlar qıısa müddətdə əvvəlcə R.Köçəryanın köməkçiləri, sonra da "Ermənistan" fraksiyasının mənsubları tərəfindən "qətiyyətlə" təkzib olundu.

Erməni Apostol Kilsəsi (EAK) bəhs olunan görüşlə müzakilərin "əsassız iddialar" olduğunu bəyan edib.

Lakin reallığı danmaq mümkün deyil.

Arxiyepiskop Baqrat Qalstanyan müstəqil fəaliyyət göstərmir. Onun bütün açıqlamaları, bəyanatları, Tavuş rayonundakı isterik davranışı EAK-ın təlimatları çərçivəsindədir.

Bu keşiş bütünlüklə, total şəkildə idarə olunan fiqurdur və Nikol Paşinyan mediası onu "Ermənistanın keşiş Qapon"u adlandırır.

Bir zamanlar Kanadada fəaliyyət göstərərk EAK-ın Kanada yeparxiyasının arxiyepiskopu olmuş B.Qalstyanyan orada kütlli miqdarda yeyintilərlə məşğul olmuş, bu ölkədəki erməni kilsələrini müflis duruma salmışdı.

Kanadadadı erməni icmasının səbr kasasını daşdıran B.Qalstyanın biabırçı şəkildə qovulmasını önləmək üçün Eçmiədzin onu təcili şəkildə Ermənistana qaytarararaq Tavuş rayonuna yollamışdı.

Ermənistanınn baş naziri Nikol Paşinyandan fərqli olaraq, R.Köçəryan, S.Sarqsyan və 2-ci Qaregin qonşu ölkələrə qarşı ərazi iddialarından, kliniki psixoz həddinə çatdırılmış revanşizmdən, uydurma əsatirlərə və saxtakarlığa əsaslanmış yalançı tarixdən, "dənizdən dənizə Böyük Ermənistan" idefiksindən və yeni hərbi əməliyyatlara çağırışlardan əl çəkmək niyyətində deyillər.

30 il Ermənistanı idarə edən və ölkənin resurslarını istismar edərək milyardlarla dollarlıq sərvətyə yiyələnən Robert Köçəryan və Serj Sarqsyan hakimiyyətdə olduqları illərdə ətraflarına topladıqları, əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar klanı" formalaşdırıblar.

Həmin klan hazırda Ermənistanın iqtisadiyyatında istisnasız olaraq bütün sahələrdə təmsil olunmaqla yanaşı, daxili siyasətdə də ciddi təsir rıçaqlarına malikdir.

Kənardan təsir altında olan klanın əsas məqsədi Nikol Paşinyanın devrilməsi, hakimiyyətə qayıdışın təminatıdır. Amma onların "come back" şansları azdır, çünki Ermənistan cəmiyyətində 2-ci Qarabağ Müharibəsindən sonra pərişanlıq və ümidsizliyin artması, N.Paşinyana olan etimadın azalması ilə müşayiət olunan proseslər yaşansa da, ermənilərin əksəriyyəti Köçəryan-Sarqsyan duetinə rəğbətlə yanaşmırlar. Tam əksinə, onlar "sabiqlər"in qayıdışına imkan verməməyə hazır olduqlarını vurğulayırlar: Ermənistanda keçirilən bütün rəy sorğularının total əksəriyyətinin nəticələri belədir.

Ermənistan Qərbə meylli siyasəti çıxış yolu bilir, orta statistik ermənilərin böyük qismi də ölkənin üzləşdiyi böhranlardan, ağır vəziyyətdən, xarici siyasətdəki laübələrdən və vurnuxmalardan qurtulmağın yeganə variantı qismində Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsində, perspektivdə isə bu struktura və habelə, NATO-ya üzv olmaqda görürlər.

Avropa İttifaqı ilə bağlı ermənilərin planları nə zamansa, çox uzaq perspektivdə bəlkə də reallaşsın, ola bilər. Amma Ermənistanın Şimali Atlantika Alyansına qoşulması idefiksinin özü belə, Rusiyanı və İranı ifrat dərəcədə qıcıqlandırır.

İrəvanın NATO arzularını Moskva ilə Tehran bölgədəki maraqlarına, geosiyasi və geostrateji təhlükəsizliklərinə birbaşa təhdid bildikləri üçün Ermənistanın NATO xəyalı elə illüziya olaraq qalacaq.

Köçəryan-Sarqsyan duetinin planları merkantil, siyasi mənafelər və iqtisadi istəklər müstəvisindədirsə, Ermənistan Apostol Kilsəsi (EAK) əsrlərdən bəri yürütdüyü doktrinadan əl çəkməyərək erməniləri hələ də puç arzular, revanşizm, etnik və dini zəmində nifrətə köklənmiş dözülməzlik, saxta tarixin təşviqatına əsaslanan ehkamlar çərçivəsində saxlamağa çalışır.

Ermənistan cəmiyyətindəki revanşizm, aqressiya, ərazi iddiaları və s. kimi ağır, ilk növbədə ermənilərin özləri üçün təhlükəli fəsadların da müəllifi EAK-dır.

Xristianlığın bütün başqa formalarından tam fərqli olan, kilsələrdəki vəzlərdə daim ərazi iddialarını və fantom siyasi "ağrı"ları, "itirilmiş torpaqların mütləq geri qaytarılmasının vacibliyi"ni gündəmdə saxlamağa çalışan Eçmiədzin ölkədəki hakimiyyətə nifrətini gizlətmir.

Katolikos 2-ci Qaregin indiyədək dəfələrlə, daimi qaydada N.Paşinyana qarşı yönələn bəyanatlarla çıxış etməklə yanaşı, erməniləri rəsmi İrəvana qarşı çıxmağa çağırır.

"Qarabağlılar klanı" və EAK-ın tandemi hazırda xarici ölkələrdəki erməni diasporunu da prosesə öz tərəflərində qataraq N.Paşinyan hakimiyyətinə qarşı birləşmiş düşərgə formatında çıxış etmək istəyirlər.

Bu qüvvələrin birləşməsi isə İrəvandakı mövcud iqtidar üçün olduqca ciddi problemlər yarada bilər.

Hələ ki, N.Paşinyan ABŞ, Fransa və Avropa İttifaqının vəd etdiyi dəstəyə güvənərək geri çəkilmək niyyətində deyil.

O, rəqiblərindən fərqli olaraq anlayır ki, Azərbaycanla sülh sazişinin imzalanmasının, şərti dövlət sərhədinin delimitasiya və demarkasiyasının, Bakı və Ankara ilə normal dövlətlərarası münasibətlərin qurulmasının, sərhədlərin açılmasının və kommunikasiyaların bərpasının alternativi yeni qarşıdurma, yeni münaqişədir.

Həmin münaqişədə Ermənistanın dağıdıcı məğlubiyyətlə üzləşmə şansı isə həddən ziyadədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
48
Mənbələr
Şərh ()
Bağla