AZ

Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa “oynayır”?

Ermənistanda revanşist qüvvələrin Azərbaycanla sərhəd Kirants kəndindən başlatdığı və ötən gün İrəvanda çoxminli mitinqlə tamamlanan yürüşü bir neçə aspektdən diqqət cəlb edir.

Referans.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistanda hazırda davam edən prosesləri şərh edərkən deyib.

O bildirib ki, keşiş Baqratın rəhbərlik etdiyi aksiyada iştirakçı sayının hakim komandanın gözlədiyindən çox olması bəzi məqamları üzə çıxardır:

“Aksiyanın təşkil edildiyi və maliyələşdirildiyi qısa zamanda ifşa olundu. Yəni bunun keşiş Baqratın təşəbbüsü ilə “qəfildən” başlayan bir yürüş olmadığını hər kəs anladı. Yürüş iştirakçılarının yağış zamanı vahid geyimdən istifadə etməsi, tərəfdar toplamaq üçün rəqs edənlərin əslində peşəkar rəqqaslar olması, yol boyu təminat, son nəticədə yürüş iştirakçılarına ağ köynəklərin paylanılması, ölkə mediasının tam şəkildə etirazçıların mövqeyini işıqlandırması, bütün informasiya lentini yürüş xəbərləri ilə doldurması prosesin arxasında ciddi maliyyənin və siyasi qüvvələrin dayandığını təsdiqləyirdi. Bütün bunlar yekun mitinqdə iştirakçı sayına da təsirsiz ötüşmədi”.

A.Camalın sözlərinə görə, məhz bu “uğur”dan ilhamlanan keşiş Baqrat hökumətə istefa tələbi ilə bir saat vaxt verdi:

“Ancaq bir saat müddətində Ermənistan baş naziri nəinki istefa verdi, hətta keşişin sorğusunu cavablandırmağı belə lazım bilmədi. Hakimiyyətin davranış tərzi, mitinqə müdaxilə etməməsi, həmçinin təxribatın qarşısını ən sərt şəkildə alacağı xəbərdarlığı isə proseslərin sonrakı gedişatına təsir göstərdi. Baqrat bir tərəfdən hər kəsi öz rayonuna qayıdaraq, aksiyaları öz ərazilərində keçirməyə çağırdı, digər tərəfdən özü bu gün səhər saatlarından paytaxtda müxtəlif aksiyalar keçirəcəyini elan etdi. Görünür, yenidən yolların bağlanması, hərəkətin iflic olunması kimi Nikol Paşinyanın 2018-ci ildəki taktikasından istifadə edəcəklər. Bunu artıq hazırkı müxalifət bir neçə dəfə sınaqdan keçirib və uğursuz olub”.

Mitinqin tez dağılması, meydanın boşalmasına gəlincə, Aynur Camal vurğulayıb ki, bunun da səbəbi perspektivsizliklə bağlıdır:

“Keşiş Baqratın arxasındakı qüvvələr mitinqin davamlı olacağı halda ötən il Saqatelyanın başlatdığı prosesin aqibətinin yaşanacağını yaxşı anlayırlar. Saqatelyan da “fərqli qüvvə” kimi ortaya çıxmışdı və davamlı aksiyalar keçirirdi. Nəticə etibarilə hər aksiyada sayları kəskin azalmaqla, son mitinqdə bir neçə yüzə nəfərə düşdü və müqavimət iflasa uğradı. İndi keşiş Baqratın arxasındakı siyasi qüvvələr də nəticənin eyni olacağını bildiklərindən, aksiyanı dayandırdılar və impiçment məsələsini ortaya atdılar. Keşiş Baqrat ötən gün “Ermənistan” blokunun rəhbəri Robert Köçəryanla görüşərək, “istefa verməyən” Paşinyanı “istefaya göndərmək” istəyir”.

Politoloqun fikrincə, Ermənistan müxalifəti bu “təcrübəni” də sınaqdan keçirib:

“Əslində, keşiş Baqratın Paşinyanın impiçmentini başlatmaq barədə çağırışı və guya küçə mübarizəsini hüquqi müstəvidə davam etdirmək istəyi nəticə əldə edə bilməyəcəyinin kompensasiyasıdır. Məsələ burasındadır ki, impiçment cəhdini də ötən il Ermənistan siyasi müxalifəti sınaqdan keçirib. Nəticə oldumu? Əlbəttə ki, yox. Çünki Ermənistan parlamentində 107 deputat var, onlardan 71-i Nikol Paşinyanın Mülki Müqavilə Partiyasından seçilib, “Ermənistan” blokunun (Köçəryanın) 29, “Şərəfim var” blokunun (Serj Sərkisyan) 7 deputatı var. Hətta “Şərəfim var” blokunun bir deputatı istefa verərək, müstəqil fəaliyyət göstərir, hazırda bu bloku 6 deputat təmsil edir.

Yəni hakim 71 deputata qarşı müxalifətin cəmi 35 mandatı mövcuddur. Nikol Paşinyanın partiyası koalisiya qurmayıb ki, hansısa danışıqlarla nəyəsə nail olmaq mümkün olsun. Paşinyanın “Mülki Müqavilə” fraksiyası təkbaşına iqtidardır və bütün müxalifət deputatlarının sayından iki dəfə artıq mandata sahibdir. İmpiçment üçün isə parlamentin ən azı 2/3-nin səsi lazımdır. Müxalifət bu qədər səsi necə əldə edəcək?”

Politoloqun fikrincə, əslində Ermənistanda bir gizli danışılmış oyun getdiyini də istisna etmək olmaz:

“Paşinyan həddən artıq arxayın davranır və belə görünür ki, proses nəzarətindədir. Hətta bu oyunun razılaşdırılmış olması, Azərbaycanla aparılan danışıqlarda bu “etirazlardan” sui-istifadə edilməsi ehtimalı da mümkündür. Nəzərə alın ki, bu gün Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının geniş tərkibdə görüşü keçiriləcək və ciddi müzakirələr və müəyyən əhəmiyyətli irəliləyişlər gözlənilir. Bu baxımdan 9 mayda bu aksiya, daha sonra müxalifətin 2023-cü ilin sentyabrında “sınaqdan keçirdiyi” nəticəsiz “impiçment məsələsi”nin yenidən aktivləşdirilməsi razılaşdırılmış, Paşinyanın Azərbaycanla danışıqlarda “əlini gücləndirmək” üçün qurulan oyun da ola bilər”.
    

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
22
Mənbələr
Şərh ()
Bağla