AZ

Avropa Zəngəzurda öz “post”unu qurur

Avropa Yenidənqurma və İnkişaf Bankından alınan 10 milyon avroya dəhlizdə yeni gömrük məntəqəsi inşa ediləcək, amma əsl məqsəd...

Ermənistan hökumətinin Zəngəzur vilayətində yeni gömrük və logistika mərkəzinin inşası üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 10 milyon avro kredit alacağı barədə ötən saylarımızda məlumat vermişdik. 

Ermənistanın “168.am” nəşri yazıb ki, ayrılan vəsaitlə  mərkəzi Zəngəzur vilayətinin Şəki kəndi yaxınlığında (Qarakilsədən 7 km məsafədə, Şimal-Cənub avtomobil dəhlizinə bitişik ərazidə) 7,7 hektar torpaq sahəsində yeni gömrük məntəqəsi inşa ediləcək.

Bunun üçün AYİB səhmdarlarının xüsusi fondundan 2 milyon avro qrant ayrılacaq. Layihə çərçivəsində yeni inzibati binanın tikintisi nəzərdə tutulub. Gömrük mərkəzində isə giriş-çıxış istiqamətində 5 zolaq və 100 ton ağırlığında 2 tərəzi olacaq. Hökumətin qərarına əsasən, Zəngəzur vilayətində belə mərkəzin yaradılması prioritet məsələdir, çünki vilayətdə iki müvəqqəti saxlama anbarı olsa da, onların kifayət qədər ərazi və tikinti şəraiti, o cümlədən vilayət ərazisində xarici malların dövriyyəsinin gömrük xidmətinin səmərəli təşkili məqsədilə gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri həcmdə texniki avadanlıqlar yoxdur. 

Qeyd etmək lazımdır ki, Zəngəzurda bu yeni mərkəzin tikintisi üçün ayrılan kredit və qrant vəsaitlərinə Ermənistan hökumətinin ƏDV öhdəliklərinin yerinə yetirilməsinə yönəldiləcək birgə maliyyələşdirməsi daxil deyil. Birgə maliyyələşdirmə 2,4 milyon avro təşkil edəcək ki, bunun da 2,0 milyon avrosu kredit vəsaitləri, 0,4 milyon avrosu isə qrant vəsaitləri olacaq. Ermənistan ilə AYİB arasında “Zəngəzur Gömrük və Logistika Mərkəzi” kredit sazişinin layihəsi Ermənistan üçün əlavə maliyyə öhdəliklərinə səbəb olacaq. Mərkəzin inşası Aİ-nin Ermənistan üçün iqtisadi və investisiya proqramı ilə planlaşdırılır və hazırda xarici iqtisadi fəaliyyət üçün xidmət mərkəzlərinin yaradılması üzrə qəbul edilmiş proqramın tərkib hissəsidir", - deyə nəşr bildirib.

10 noyabr üçtərəfli sənədinə uyğun olaraq Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidməti cavabdeh olmalıdır. Həm Ermənistan, həm də Qərb təsisatları buna qarşıdır. Avropanın ən böyük bankının Ermənistana Zəngəzur dəhlizinin modernləşdirilməsi üçün pul ayırması(krediti yəqin ki, geri istəməyəcəklər) bəzi şübhələrə yol açır.   

Təsadüfi deyil ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Avropa İttifaqının Ermənistandakı fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan xarakter alır”,- deyə açıqlama verib. 

Aİ-nin sərhəd missiyası Zəngəzur ətrafında da fəaliyyət göstərir. “Açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərirlər, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğul olurlar, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün ”təhlükəsizlik və firavanlıq mənbəyi" olması barədə yanlış fikirlər aşılayırlar. Üstəlik, Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakterli olur" deyə, nazir müavini bildirib. Görünən odur ki, Rusiya da Zəngəzurla bağlı prosesdən narahatdır.

YAP-ın

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, əslində təqdim edilən tablo odur ki, Ermənistanın Zəngəzur vilayətində inşa ediləcək yeni gömrük və logistika mərkəzi infrastrukturu modernləşdirmək məqsədi daşıyır: “Lakin bu layihə, təqdim olunanın əksinə, daha çox siyasi məqsədlər daşıyır və Cənubi Qafqaz regionunda bir sıra iqtisadi, geosiyasi və təhlükəsizlik risklərini də gündəmə gətirir. Cənubi Qafqaz Rusiya üçün həm iqtisadi, həm də hərbi-strateji baxımdan kritik əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Rusiyanın Ermənistan üzərindən Cənubi Qafqaza çıxışını təmin edir və bu dəhlizə nəzarət Moskvanın regional təsirini saxlamaq üçün həyati əhəmiyyət kəsb edir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli sənədə əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidməti cavabdeh olmalıdır. Lakin Ermənistan hökumətinin və Qərb təsisatlarının bu məsələyə qarşı çıxması, bu dəhlizə nəzarət tələbləri Rusiyanın təhlükəsizlik strategiyalarına qarşı mövqe sərgiləmək və regionda güc balansını dəyişdirmək cəhdi  kimi qiymətləndirilməlidir. Həmçinin, Zəngəzurda tikiləcək yeni gömrük və logistika mərkəzi Ermənistanın xarici ticarətini asanlaşdırmaqla regionda iqtisadi tarazlığı dəyişə bilər. Ermənistanın Avropa İttifaqı və digər Qərb ölkələri ilə ticarətini artırmasını, beləliklə, iqtisadi cəhətdən Qərbdən daha çox asılı olmasını Rusiya narahatlıqla izləyir. Bu vəziyyət Rusiyanın Ermənistan üzərində iqtisadi təsirini azalda bilər və Rusiya Avropa İttifaqı və digər Qərb institutlarının regiondakı fəaliyyətini özünün strateji maraqlarına təhlükə kimi görür".

Siyasi təhlilçinin fikrincə, bu layihə İran üçün də narahatlıq doğurur, çünki Zəngəzur dəhlizinin modernləşdirilməsi İranın bölgədəki strateji maraqlarına təsir edəcəkdir: “Gürcüstanda baş verən son prosesləri də nəzərə alsaq, Cənubi Qafqazda gələcək siyasi gərginliklər qaçılmaz ola bilər. Geosiyasi risklər və maraqların toqquşması bu layihənin icrasında və gələcəkdə bölgənin sabitliyində mühüm rol oynayacaqdır. Ermənistan, bu balansı diqqətlə idarə etməli və həm iqtisadi inkişafı, həm də regional təhlükəsizliyi təmin etməyə çalışmalıdır."

YUNESKO

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə Zəngəzur dəhlizinin tezliklə açılacağına işarə etdi: “Qərb AYİB vasitəsilə Ermənistana Şərq-Qərb dəhlizi üzərində mühüm məntəqə olan Zəngəzurda gömrük keçid məntəqəsi qurması üçün kredit ayırmaqla yanaşı qeyd etmək lazımdır ki, bu yaxınlarda yenə AYİB vasitəsilə Şimal-Cənub dəhlizi üzərində yeni yolun inşası üçün 236 milyon avro ayırıb. Yeni yol Qacaran-Qarakilsə(Sisyan) arasında hazırda mövcud 118 km-lik yolun 60 km-ə azaldılmasını, sürət həddinin isə yüksəldilərək 50-dən 100-ə çatdırılmasını nəzərdə tutur. Beləliklə, görürük ki, Qərb sadəcə Şərq-Qərb dəhlizi deyil, eyni zamanda Şimal-Cənub dəhlizi üzərində Ermənistanın daxili infrastrukturunun yaxşılaşdırılmasına dəstək verir. Bu dəstək, Paşinyanın təqdim etdiyi ”Sülh Kəsişməsi" (Crossroad of Peace) layihəsinə uyğun olaraq həyata keçirilir. Bütün bunlar Ermənistanın Qərbə inteqrasiyasının tərkib hissəsi olaraq Qərbdən aldığı maliyyə dəstəyidir. Burada Rusiyanın qarşı çıxdığı məqam məhz bununla bağlıdır. Yəni Qərbin Ermənistandakı davranışının anti-Azərbaycan, yaxud anti-İran olması Rusiyanı çox da narahat etmir. Onları narahat edən məqam məhz özləri ilə  bağlıdır. Çünki Rusiya Qarabağ münaqişəsini sonlandıran 10 noyabr bəyanatında özünün qlobal dəhlizlər üzərində nəzarət funksiyasını hüquqi olaraq fiksasiya etməyə çalışsa da, aydındır ki, bu gün həmin bəyanatın demək olar bütün maddələri qüvvəsini itirib. Odur ki, Rusiya yeni reallıqlarda Ermənistana təzyiq etmək üçün Azərbaycan və İrandan istifadə etməyə çalışır. Avropa İttifaqının Ermənistandakı fəaliyyətinə gəlincə, bu, həqiqətən də müəyyən məqamları nəzərə alınaraq, xüsusilə Ermənistanın müasir silahlarla silahlandırılması və bölgədə Ermənistanın gücləndirilərək hərbi paritetin yaradılması baxımından, anti-Azərbaycan fəaliyyət olaraq xarakterizə oluna bilər. Lakin Aİ-də bu mövzuda yekdil fikir olmadığını, xüsusilə ən son qətnaməyə Macarıstanın qarşı çıxmasını xatırlamaq yetər. İddia etmək olar ki, Azərbaycanın mövqeyini nəzərə almayan heç bir layihə bölgədə reallaşdırıla bilməyəcəkdir. Bütün  bunları nəzərə alaraq, Zəngəzur dəhlizi üzərində Ermənistanın infrastrukturunun və yüklərin ötürücülük imkanlarının artırılmasını bu dəhlizin tezliklə açılacağına işarə olaraq dəyərləndirə bilərik".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
50
musavat.com

10Mənbələr