AZ

Avropada baş nazirlərə sui-qəsdlər – dinə aidiyyəti olmayan cinayətlər - ANALİZ

Dövlət və hökumət başçılarının terrora, sui-qəsdə məruz qalması çox ciddi təhlükəsizlik məsələsidir. Çünki o, həm də dövləti təmsil edən, onun simvoludur. Vətəndaşlar dövlətin idarə edilməsi ilə bağlı hüquqlarını səsvermə yolu ilə ona həvalə edirlər. Bu baxımdan dövlət və ya hökumət başçısına istənilən şəkildə fiziki hücum vətəndaşlara qarşı da sayğısızlıq kimi dəyərləndirilə də bilər.

Mayın 15-də Avropa İttifaqının üzvü Slovakiyada baş verən silahlı hücum heç bir dövlətin terrordan, sui-qəsdən sığortalanmadığı deyiminə bir daha haqq qazandırdı.

Təhlükəsizliyinin səviyyəsindən, yaxud hüquqların təminindən asılı olmayaraq istənilən dövlət bu cinayətlə üzləşə bilər. Slovakiyanın Baş naziri Robert Fitso Qandlov şəhərində səyyar hökumət iclasından sonra sui-qəsdə məruz qalıb. Ona odlu silahdan atəş açmaqda şübhəli bilinən 71 yaşlı ədib, siyasi fəal Yuray Tsintul da saxlanılıb.

Hökumət başçısı müalicə olunur, şübhəli ilə bağlı cinayət işi davam edir.

Kimdir Fitso? Ona niyə atəş açılıb? 59 yaşlı Baş nazir Demokratik Sol Partiya sıralarından çıxaraq 1999-cu ildə Kurs - Sosial Demokratiya (SMER) Partiyasının yaradıb. Bu siyasi təşkilat parlament seçkilərində üç dəfə qalib gəlib. Robert Fitso 2006-2010, 2012-2018-cı illərdə Baş nazir olub. O, üçüncü dəfə 2023-cü ilin oktyabrında “SMER” parlament seçkilərində qalib gələndən sonra üçüncü dəfədir ki, hökumətə başçılıq edir.

Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər gərgin olsa da, Fitso Rusiyaya qarşı dostluq mövqeyini saxlayır: “Moskva və Kiyev arasında münaqişənin hərbi yolla həlli yoxdur. Buna görə də Avropa Ukraynaya ayrılan vəsaitin mənası barədə düşünməlidir”. Baş nazir həmçinin Kiyevə silah verməkdən imtina edib. O, üçüncü dünya müharibəsi təhlükəsi səbəbindən Slovakiyanın Ukraynanın NATO-ya üzvlüyünə mane olacağına söz verib.

Fitso rus dilini də bilir. O, Rusiya və keçmiş SSRİ-nin siyasi-ideoloji xəttini müdafiə edən, terrora, yaxud sui-qəsdə məruz qalan ilk ölkə lideri deyil.1986-cı il fevralın 28-də İsveçin Baş naziri, Sosial Demokrat Partiyasının lideri Sven Ulof Yoakim Palme vəzifə səlahiyyətlərinin icra edən zaman qətlə yetirilmişdi. O, 1960-1970-ci illərdə ABŞ-nin Vyetnamda apardığı müharibəyə qarşı çıxıb. 1968-ci ildə isə Sovet qoşunlarının Çexoslavkiyaya, 1979-cu ildə isə Əfqanıstana yeridilməsinə qarşı çıxıb. U. Palme Fələstin Azadlıq Təşkilatına siyasi və maliyyə dəstəyin verilməsini təşviq edib. O, 1984-cü ildə Almaniya Demokratik Respublikasına rəsmi səfər edərək ölkə başçısı Erix Honekkerlə görüşüb, Çili dövlət başçısı Auqusto Pinoçeti tənqid edib. Palme İsveç silahlarının və hərbi texnikasının xaricə, xüsusən də “Nobel Industrier”, “FFV”, “Bofors”, “Ericsson” və s. kimi iri hərbi sənaye şirkətlərinə ixracının qarşısını alıb və s.

Başqa bir hadisə isə 2003-cü il martın 12-də Serbiyanın Baş naziri Zoran Cinciçə qarşı qətllə yadda qalıb. O, Serbiyanın keçmiş prezidenti Slobadan Miloşeviç rejimin devrilməsi və onun Haaqa məhkəməsinə verilməsinin tərəfdarı olub. Baş nazirin qətlinə görə, 36 nəfərə qarşı cinayət işi başlanıb. Onların hər biri 30-40 azadlıqdan məhrum edilib.

U. Palme ilə R.Fitsonun siyasi-ideoloji dünyagörüşlərində yaxınlıq var. Hətta, vaxtı ilə İsveçin Baş nazirini sovetlərə yaxın siyasi fiqur sayırdılar. Bununla belə o, Nobel sülh mükafatına layiq görülüb.

Fitso da müharibəyə qarşı çıxış etsə də, Aİ üzvlərindən fərqli olaraq Ukraynaya hərbi texnika baxımından yardım etmək istəmədiklərini bildirir.

Ehtimal etmək olar ki, onun Ukrayna ilə bağlı mövqeyini qəbul etməyənlər də var.

Qərb siyasiləri, rəsmiləri və KİV-i Avropada terrorların müsəlman ölkələrindən gəlmələrin törətdiyini bildirirlər. Məsələn, bu il martın 26-da Slovakiya parlamenti sədrinin müavini Lyuboş Blaq bildirmişdi ki, Ukraynada daimi yaşayış yeri (daimi yaşayış yeri) olan tacikistanəsilli, terrorda şübhəli bilinən, Slovakiyada saxlanılan şəxs əvvəlki hökumət dövründə sərhədlərin açılması səbəbindən ölkəyə gəlib.

Sədr müavini bunun ardınca ölkəsinə müxtəlif yerlədən miqrantlar və “Tacikistandan terrorçular” toplaşıb: “Moskvada terror aktını törədənlər... məhz bu ölkədən olub”.

Baş nazir Fitsoya sui-qəsd terroru mütləq islam ölkələrindən olan miqrantların törədəcəyinə dair iddiaları bir daha puça çıxarır. Yeri gəlmişkən, 2011-ci il iyulun 22-də Norveçin paytaxtı Osloda Anders Berinq Breyvikin törətdiyi terror nəticəsində 77 nəfər ölmüş, 97 nəfəri yaralanmışdı. O, əməlini etiraf etsə də, özünü təqsirkar bilməmişdi. Breyvik xristianlığın lüteran cərəyanına etiqad edir.

Ehtimal etmək olar ki, Avropa da fərqli siyasi-ideoloji düşüncə ilə bağlı məsələ silahlı müdaxilə ilə də həll edilir. Fitsoya silahlı hücum Avropa İttifaqına üzv ölkələr arasında ortaq siyasi xəttin olmadığını da üzə çıxarıb.

Bu hadisəni Avropada Rusiyaya münasibətin göstəricisi kimi də anlamaq mümkündür.

Qərb ölkələrində terrorlar törədilən müsəlmanlara qarşı təbliğat aparılır. Bu bloka aid ölkələrə islam dövlətlərindən miqrantların gəlişinə məhdudiyyətlər qoyulur. Sanki bütün müsəlmanlar terrorçudur. Ancaq bəhs etdiyimiz hadisələr sübut edir ki, islamofob ideoloqların irəli sürüb, reallaşdırdıqları, yaxud həyata keçirməyə cəhd göstərdikləri bu ideya əsassızdır. Bunu Breyvik, şübhəli Yuray onlara isbatlayıb. Belə cinayətlərin ardı olacağı istisna deyil. Ancaq bu əməllərdən mədəniyyətlərin və dinlərin bir-birinə qarşı qoyulmasında istifadəsi insanlığa qarşıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
report.az

10Mənbələr