AZ

İki uşağın oyunu nəticəsində icad olunan mühüm tibbi cihaz - Steteskopun kəşfi

Tibb tarixində insan anatomiyası ilə bağlı əsas addımlar İntibah dövründə atılıb.

Azerforum bildirir ki, xəstəliklərin müalicəsi üçün yalnız təbiətdən deyil, kimyəvi materiallardan istifadə etməklə lazım olan dərmanların istehsalı mühüm addım oldu, nəticədə ömür uzandı. 

  19-cu əsrdə sənaye inqilabı ilə birlikdə Avropa şəhərlərində havanın çirklənməsinin artması tənəffüs və ağciyər xəstəliklərini artırdı. O vaxta qədər həkimlər qulaqlarını xəstələrinin bədəninin üstünə qoyaraq onların ürəyini və ağciyərlərini dinləməyə, eşitdikləri səslərə görə diaqnoz qoymağa çalışsalar da, bu üsul xüsusilə, qadın xəstələrdə ciddi problemlər yaradırdı. Problemi Parisdə təsadüfən oynayan iki uşağı görən fransız həkim həll etdi.

  Fransanın paytaxtı Parisdə o illər ciddi hava çirkliliyi yaşanırdı və gənclərin çoxu ağciyər xəstəlikləri ilə mübarizə aparırdı. 1816-cı il sentyabrın sərin səhəri Luvr sarayının həyətində gəzərkən 35 yaşlı həkim Rene Teofil Laennek görür ki, oynayan iki uşaq uzun boruşəkilli taxta parçası və iynə ilə bir-birlərinə səslərini siqnal kimi göndərirlər. Uşaqlardan biri qulağını taxta boruya dayayır, o birisi iynə ilə çubuğun digər ucunu qaşıyır və bu proses çox yüksək səslə qarşı tərəfə çatırdı. Doktor Laennekin təsadüfən qarşılaşdığı bu mənzərə tibb tarixinin ən mühüm ixtiralarından biri olan steteskopun ən sadə forması idi.

  Həmin gün çox kilolu, ürək xəstəliyi əlamətləri olan qadın xəstəxanada fransız həkimin otağının qapısını döyür. Doktor qadının dediklərini dinləyir, həm də xəstəsinin ürək səsləri və ağciyərini necə dinləyə biləcəyini düşünürdü.

  Rene Teofil Laennek daha sonra bir tibb jurnalı üçün yazdığı məqalədə izah etdiyi kimi, uşaq oyunlarında istifadə edilən üsulla problemi həll edə biləcəyini kəşf edir. Həmin vaxt əlində olan qalın kağızı bükən doktor Laennek rulonu birbaşa xəstənin ürəyinin üstünə gətirib qulağına sıxır. Xəstənin ürəyinin səslərini çox aydın eşidə bildiyini anlayan həkim təsadüfən də olsa, tibb dünyasına yeni üfüqlər açacaq bir ixtiranın ilk addımını adır.   

  Fransız həkim tezliklə öz ixtirasını təkmilləşdirir və xəstələrinin ürəyini və ciyərlərini dinləmək üçün kağız rulonu əvəzinə geniş ağızlı və getdikcə daralan içi boş taxta silindrdən istifadə etməyə başlayır. İki yunan sözünü birləşdirərək yeni ixtirasına "Steteskop" adını verir və kəşfini tibb jurnalında dərc edərək dünyaya elan edir. Beləliklə, həkim Rene Teofil Laennek çox sadə bir alətlə milyonlarla insanın həyatını xilas etmək üçün qapı açır.

Murad
Azerforum.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
384
50
azerforum.com

10Mənbələr