AZ

"Fikrət Mirzəyev deyirdi ki, pulu Nəcməddin Sadıqova verirəm" - MN-dəki 143 milyonluq cinayət işi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində podratla Müdafiə Nazirliyi ilə müqavilə əsasında işləyən şirkət rəhbərləri və hazırda təqaüddə olan hərbçilər bu iş üzrə şahid kimi ifadə veriblər.

İlk olaraq uzun illər Müdafiə Nazirliyinin tabeçiliyində olan Maştağa hərbi kənd təsərrüfatı müəssisəsinin rəisi işləmiş Zahid Yadulla oğlu Tağıyev şahid qismində sərbəst ifadə verib: 

“Bu təqsirləndirilən şəxslərdən heç kimi tanımıram. Nizami müəllimi televizorda görmüşəm. İşlədiyim dövrdə Nizami müəllimlə heç bir əlaqəm olmayıb. Əsas mühasib Akif Umudovu tanımışam. Müdafiə Nazirliyinin hərbi hissələrinə tərəvəz və çörək verirdim. Köçürmələrdə gecikmə olmasın deyənə danışmışdıq Akif Umudovla işdən sonra görüşüb hörmət edirdim”.

Prosesin bu yerində dövlət ittihamçısı cinayət işinin materiallarından Zahir Tağıyevə məxsus olan 30-a yaxın- Asfud, Vital, Real MMC, Abşeron qida, Uğur-2018 və digər şirkətlərin adlarını sadaladı. 

Zahir Tağıyev isə bu şirkətlərin hamısının özünə yox, ancaq yaxınlarına məxsus olmasını etiraf etdi: 

“Mən bu şirkətlərə mal tədarükünə kömək edirdim. Satınalma və Təhcizat İdarəsində isə Ceyhun və Zaman adlı sürücülər vasitəsilə onlara çatan pulu göndərirdim”.  

Zahir Tağıyev yenə də Nizami Məmmədova pul vermədiyini, ittiham aktında səhv getdiyini məhkəmə içtirakçılarının nəzərinə çatdırıb: 

“Mən qazancın 3 faizini Akif Umudova, 3 faizini isə Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanova göndərirdim”. 

Zahir Tağıyev isə sənədləri Akif Umudova verdiyini, Satınalmalar və Təchizat İdarəsi ilə isə müqavilə bağladığını bildirdi:

“Əsasən 44 günlük müharibə gedən vaxtı hərbi hissələri ərzaqla təmin eləmişəm. Hətta hərbi hissələrə 30-40 min manatlıq humanitar yardımda göndərmişəm. Belə ki, məndən qabaq bir neçə şirkət tərəvəz verməkdən imtina elədi, çatdıra bilmirdilər. Mənim şirkətlərim isə tələbatı çatdırırdılar”. 

İfadənin sonunda Zahir Tağıyev bir daha məhkəmə vaxtı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. 

Növbəti şahid Telman Süleymanov fərdi sahibkarlıqla məşğul olduğunu qeyd edərək bildirdi ki, Biləcəridə anbarda prorab kimi təmir işləri görüb: 

“Mən şoka düşdüm ki, bura niyə dəvət olunmuşam. 200 minlik təmir işləri görmüşəm. Mənim heç bir müqavilədən xəbərim olmayıb”. 

Sonra növbəti şahid, şirkət rəhbəri olan Əlövsət Orucov ifadə verib:

“Əvvəldən “Harmont” MMC adlı tikinti şirkətim olub. İşləri Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevlə görürdüm. Müqavilə imzalayırdıq, ümumi məbləğin 8-10 faizini geri qaytarırdıq. Biləcəridə hərbi hissəyə kabel çəkmişik, Qızıl Şərq hərbi şəhərciyində təmir işləri görmüşük. 836 min pulu Rəhim Laçınov vasitəsilə Fikrət Mirzəyevə çatdırmışam. Mən Nizami Məmmədovun adını heç vaxt eşitməmişəm”. 

Cinayət işində əsas şahidlərdən olan, Mənzil İstismar İdarəsində Təmir şöbəsinin müdiri işləmiş, hazırda təqaüddə olan Rəhim Laçınovda şahid qismində ifadə verib. Rəhim Laçınov əsasən şirkətlər tərəfindən işlədiyi idarəyə göndərilən faizlərə nəzarət edib və həmçinin həmin pulları lazımi şəxslərə çatdırıb:

“Burada oturanlardan heç birini tanımıram. Hərbi hissələrin təmir işlərinin demək olar hamısını şirkətlər görürdü. İşləri əksər hallarda tenderə çıxarırdıq. Kim qalib gəlirdisə onlarla da işləyirdik. Şirkətlərlə danışıqları müdirim Fikrət müəllim aparırdı. Şirkət rəhbərinə ümumi bir rəqəm deyilirdi. Onlarda həmin məbləğləri mənim vasitəmlə Fikrət müəllimə çatdırırdılar. Sənədləşmə prosesində Təmir bölməsinin müfətişləri iştirak edirdilər sonda isə həmin sənədləri imzalayırdılar”.

Prosesin bu mərhələsində Rəhim Laçınovun ibtidai istintaqda verdiyi ifadəsinin bir hissəsi elan edildi:

“Danışıqlar olduqdan sonra qalan məbləğin otkad hissəsi qayıdırdı idarəyə. Bu qaydanı Baş Qərargah rəisi Nəcməddin Sadıqov qoymuşdu. Fikrət Mirzəyev ifadə verənə kimi təxmini bu qərardan məlumatım var idi. Bəzi şirkətlər var idi ki, Nəcməddin Sadıqovun yaxınlarına məxsus idi. Misal üçün, İmpuls MMC, Mark LTD və sairə. Nəcməddin Sadıqov Fikrət Mirzəyevə və mənə tapşırmışdı ki, bu şirkətlərin işlərinə qarışmayaq. Yəni onlardan otkad alınmırdı”. 

Rəhim Laçınova ibtidai istintaqda verdiyi ifadəsi xatırlandıqdan sonra Nəcməddin Sadıqovun adını çəkməsinə aydınlıq gətirdi:

“Mən tender komissiyasının 5 üzvündən biri olmuşam. Digır üzvlər 2-si MTT-dən, biri isə Maliyyə və Büdcə İdarəsindən idi. Mənə heç bir məbləğ verilmirdi, ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə İdarəsinə verilirdi. Ancaq mən görməmişəm ki, Fikrət Mirzəyev aparıb Maliyyə İdarəsinə pul versin, ancaq deyirdi verirəm. Onun ifadəsi əsasında da məndə ibtidai istintaqda ifadə vermişəm”. 

Məhkəmə prosesinin bu yerində Nizami Məmmədov şahidə sual ünvanladı:

- Maliyyələşmə gedəndə bilirdiz hansı firmaya nə qədər pul köçürürük?

- Yox, mən sənədləri görmürdüm, amma müqavilənin qiymətini görürdük. Şirkətlər müqavilələri Fikrət müəllim olmayanda mənə verirdilər. Ümumi köçən məbləğin 3 faizini Maliyyə İdarəsinə verirdik. 

Rəşad Mirmehdizadənin “3 faizi maliyyələşməyə nəyə görə verirdiniz” sualına şahid cavab verə bilmədi:

“İbtidai istintaq Nizami müəllim tutulandan sonra bizdən ümumi hesabatı istəmişdi. Müstəntiq hesabata baxıb bizə suallar verirdi, bizdə təsdiq edirdik. Fikrət Mirzəyevin ifadəsi həmin hesabata uyğun yazılıb. Məndə onların dediklərinin düz olduğunu görüb təsdiq edib ifadə vermişəm”.

Rəhim Laçınov Təmir bölməsində 2016-cı ildən işlədiyini, 2017-ci ilin iyul ayından isə köçürülən pulların 18 faizinin ona çatdırıldığını, həmin məbləğin 15 faizini Nəcməddin Sadıqova, 3 faizinin isə Maliyyə İdarəsinə göndərildiyini növbəti dəfə bildirdi: 

“Bütün bunları da Fikrət Mirzəyevin deməyinə əsasən yazmışam. Ancaq mən dəqiq bilmirdim Fikrət müəllim həmin 3 faizi Maliyyə və Büdcə İdarəsinə çatdırır ya yox”.
Növbəti məhkəmə prosesi may ayının 24-nə təyin olunub. 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Azər İsrafilov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
unikal.az

10Mənbələr