AZ

Müddətli həqiqi hərbi xidmətlə bağlı tibbi müayinənin aparılması qaydası müəyyənləşdi

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib.

"Unikal"ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib.

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların (barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir) qəbul edilməsi üçün yekun tibbi müayinənin aparılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid Elektron İnformasiya Sistemi (VEİS), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya edilir.

VEİS-nin, həmçinin qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin MEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir.

Hərbi xidmətə yararlılıq haqqında «B», «C», «Ç» və «D» kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür.

Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEİS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçını bu Əsasnamədə nəzərdə tutulmuş qaydada Agentliyə hansı vaxtda (ünvan, tarix və saat qeyd edilir) yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumatlandırır. Çağırışçıların Agentlikdə yekun tibbi müayinədə iştirakı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Çağırışçı Agentlikdə yekun tibbi müayinə zamanı avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. Agentlikdə yekun tibbi müayinənin həyata keçirildiyi otaqlarda video və səs qeydlərinin aparılması təmin olunur, aparılan tibbi müayinələrə və çağırışçının yerində baxış proseslərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Agentliyin məsul vəzifəli şəxsləri tərəfindən mütəmadi olaraq baxış keçirilir, video və səs qeydlərinin aparılmasının monitorinqi həyata keçirilir. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, Agentlikdə müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün göndəriş verilir. Agentlikdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır və müayinəyə dair məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən altsistemə ötürülür, həmçinin çağırışçıya təqdim edilir.

Yekun tibbi müayinənin aparıldığı müddətdə çağırış çıların daimi iş yerində orta əməkhaqları saxlanılmaqla, işdən (təhsildən) azad edilmələri ilə əlaqədar Agentlik tərəfindən çağırışçının işlədiyi və ya təhsil aldığı müəssisəyə bildiriş göndərilir. Tibbi müayinələrin nəticəsində çağırışçıda bu Əsasnamədə nəzərdə tutulan göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Bu halda bu Əsasnamənin 2-1.8-ci bəndində nəzərdə tutulmuş prosedur tətbiq edilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair MEİS-də elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək altsistemə daxil edir, həmçinin vətəndaşa təqdim edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi qiymətləndirmə komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir.

Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamədə nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir:

- həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;

- həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur);

- həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır.

Qəbul edilən müvafiq qərar MEİS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müvafiq qərar barədə çağırışçını dərhal nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər.

- Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir.

Şuranın fəaliyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
unikal.az

10Mənbələr