AZ

5 apreldə anti-Azərbaycan üçtərəfli hərbi paktın əsası qoyulacaq...

Image

Tofiq Abbasov: “Hədəf də tək Azərbaycan yox, Rusiya, İran və Türkiyədir”

5 aprel 2024-cü ildə Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək.  Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.

Çünki sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, onlar regionda yeni eskalasiya və gərginlik dalğası yaratmağa çalışırlar.

Bu təmasları birmənalı olaraq anti-Azərbaycan layihəsi adlandırmaq olarmı?

Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu plan özünün dağıdıcı, təhlükəli tərkibi ilə tək Azərbaycana qarşı deyil: “Burada bəhanə kimi Azərbaycanın guya aqressiv planlar üzərində işləməsi gətirilir. Guya bu gün də olmasa, sabah  Azərbaycan Ermənistana hücum edəcək. Təcavüz faktorunu qondarma şəkildə gündəmə gətirirlər. Ancaq əsas məsələ regionda yerləşmək və Ermənistandan istifadə etməkdir. Hədəf də tək Azərbaycan yox, Rusiya, İran və Türkiyədir. Biz bilirik ki, Türkiyə NATO - nun üzvüdür, guya onların müttəfiqidir. Ancaq bəzi planlarda onlar Türkiyənin özünü də razı salmağa çalışmırlar. Əksinə, Türkiyənin gözləntiləri və planlarına zidd şəkildə hərəkət edirlər. Əgər biz bir qədər geriyə dönsək, yada salarıq ki, Qarabağda ermənilər yaşayırdı, separatizmlə əlaqəli idilər. Özlərinin müqəddəratlarını həll etmək səviyyəsində müddəalar irəli sürürdülər. Bu, bəzi Qərb dairələrin, Fransanın Makron siyasətinə bir növ ümidlər verirdi ki, erməni faktorundan istifadə edərək, Fransa bölgəyə hərbi, sülh kontingenti adı altında adamlarını yerləşdirə bilər. Biz bilirik ki, Fransa dəfələrlə BMT - nin təhlükəsizlik şurasında çalışdı ki, Azərbaycanın maraqlarına qarşı olan bir qətnaməni üzə çıxarsın, ondan da istifadə edərək öz nüfuzunu Cənubi Qafqaza gətirsin. Ancaq bu iş alınmadı və arxasında da Fransanın Amerikanın əlində oyuncağa çevrildiyini aydın gördük. Əgər Ermənistanı Fransa bir alət kimi istifadə edirsə, Fransanın özündən də Amerika alət kimi istifadə edir. Ona görə də Makronu ortaya atıblar. Makron da ciddi siyasətçi təsiri bağışlamır, əksinə, yüngül çəkili bir oyuncağa bənzəyir. Amerikanlılar istədikləri kimi onu oynada bilirlər. Burada indi baş verən isə odur ki, hazırda onlar Azərbaycanı önə gətirirlər. Guya Azərbaycan aqressiv planlar üzərində işləyir. Ona görə də, Paşinyanı aprel ayının 5 - də Brüsselə dəvət ediblər. Onlar özləri yaxşı bilir ki, Paşinyanın potensialı nədən ibarətdir. Ermənistanı müharibəyə hazırlaşdırmaq o deməkdir ki, onlar Ermənistanı sona kimi çökdürmək istəyirlər. Çünki Ermənistan hərbi sahədə Azərbaycana qarşı balaca bir hərələt etsə, başından zərbəsini alacaq. Bundan sonra da gündəmə Ermənistanın müqəddəratı məsələsi gələcək. Onlar bütün bunları gözəl başa düşürlər. Ancaq eskalasiyadan çəkinmirlər. Eskalasiya nədir? Eskalasiya gərginliyin artması, onun dərəcəsinin yüksək həddə qalxmasıdır. Bu da onlara əsas verir ki, guya Qafqazda proseslər böyük həyəcan doğurur deyə, biz bu məsələləri həll etməliyik. Amma əvvəllər onlar erməni məsələsindən Qarabağda istifadə etmək istəyirdilərsə, bilmək olmaz Rusiyanın münasibəti necə olacaq. Çünki Rusiyanın Qarabağda hələ də kontingenti var. İndi isə biz görürük ki, onlar heç nəyə məhəl qoymadan Paşinyanı fakt qarşısında qoyublar, konfrans adı altında onu məhşər ayağına çəkirlər. Ancaq bu, Paşinyana qəti lazım deyil. Çünki, birincisi, Paşinyan KTMT - dən, Avrasiya məkanından qırılmayıb və onlar da onu Avropa İttifqqında üzvlük vədi ilə məcbur edirlər. Bəllidir ki, onlar Avropa İttifaqına Ermənistanı qəbul edən deyillər. Ermənistanı bu adla şirnikləndirirlər. Ancaq sona kimi vədlərinə əməl etməyəcəklər. Çünki Ermənistan o vəziyyətdə deyil. Digər tərəfdən, NATO üzvlüyünə söz verirlər. Bu da olan iş deyil. Sadəcə, uşaq başı aldadırmış kimi Ermənistanı aldadırlar. Ermənistanda da revanşistlər, terror təşkilatları dairənin içindədirlər və inanırlar ki, guya Avropa onlara yiyə duracaq və kömək edəcək. Tarix təkrarlanacaq. İndiki məqamda da Azərbaycan güclü olmalıdır. Rusiyanın, İranın da bu proseslərə sakit baxması da bizə məlum deyil. Düzdür, son məlumatlara görə, Rusiya Ermənistana silah-sürsatını göndərməyə başlayıb. Ancaq yenə də deyirəm, bu, Ermənistanın bölgədəki güc balansına təsir edə biləcək amil deyil. Çünki Azərbaycan hər baxımdan Ermənistanı üstələyir. Əgər kimsə Ermənistana kömək istəyirsə, Türkiyə və Azərbaycanla münasibətlərini bərpa etmə prosesinə mane olmasın. Çünki Qərb heç vaxt Ermənistana kömək edə bilməyəcək. Birincisi, bura həm Rusiyanın, həm İranın, həm də Türkiyənin təsir gücü olan bir yerdir. Təsadüfi deyil ki, prezident İlham Əliyev 3 + 3 platformasını irəli sürdü və bu çox işlək bir formatdır. Tehrandan artıq rəsmi xəbər gəldi ki, 3 + 3 formatı çərçivəsində ən yaxın zamanda səviyyəli bir görüş baş tutacaq. Demək, diplomatik danışıqlar, məsləhətləşmələr gedir. Bu da Qərbə bir cavabdır. Amma Azərbaycan öz gücünə, bacarığına inanır və biz heç kəsdən heç nə gözləmirik. Ermənistanın və onun arxasında duran havadarlarının cavabını hər zaman vermişik, yenə də verməyə hazırıq. Odur ki, Ermənistan üçün ən yaxşı çıxış yolu avantürist planlarından geri çəkilmək və bölgəyə dönməkdir”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla