AZ

Montellanın Türkiyəsi göydən yerə endi...

Vinçentso Montellanın Türkiyə yığmasındakı ilk oyunları uğurlu alınmışdı.

Komanda bu məşqçi ilə ilk 4 oyundan 3 qələbə, 1 heç-heçə ilə ayrılaraq çoxsaylı fanatlarını ümidləndirmişdi. Hətta bəzi azarkeşlər AÇ-ni qazanmaqla bağlı xəyallar qurmağa başlamışdı. İtaliyalı mütəxəssis Macarıstanla oyunda tarixə düşə bilərdi. Belə ki, buna qədər Türkiyənin başında heç bir məşqçi ilk 5 oyundan məğlubiyyətsiz ayrılmamışdı. Amma qardaş ölkənin komandası bu yığma fasiləsində böyük bir fiasko yaşamaqla belə demək mümkünsə, göydən yerə endi...

Türkiyə Budapeştdəki qarşılaşmada minimal hesabla məğlub olsa da, ümumilikdə pis təsir bağışlamadı. İkinci hissədə Kənan Yıldız qapıçı ilə təkbətək çıxdığı epizodda topu tora göndərsəydi, hər şey başqa cür də ola bilərdi. Montella srağagün Avstriyaya qarşı oyunda isə “11-lik”də 9 dəyişiklik etdi. Macarlara qarşı ilk dəqiqələrdən oynayanlardan yalnız Hakan Çalhanoğlu ilə Kənan Yıldız bu dəfə də əsas heyətdə meydana çıxdı. Yıldız ilk oyunda sol vinger mövqeyində qərarlaşmışdısa, bu dəfə mərkəz hücumçusu kimi oynadı. Oyun türklər üçün uğursuz başladı. Salih Özcanın itirdiyi topdan sonra Uğurcan Çakır Baumqartnerin zərbəsini dəf etsə də, Ksaver Şlager təkrar zərbə ilə hesabı açdı. Üstünlüyə malik olan və bir neçə yaxşı fürsət yaxalayan Türkiyə ilk yarının ortalarında Çalhanoğlunun penaltidən vurduğu qolla bərabərliyi yaxaladı. Amma bu, Türkiyə üçün bu, qarşılaşmada ilk və yeganə sevindirici məqam oldu. Meydan sahiblərinin liderlərindən olan Qreqoriçin həm fasilə ərəfəsində, həm də fasilədən dərhal sonra vurduğu qollar Türkiyə üçün soyuq duş effekti verdi. “Frayburq”un 29 yaşlı forvardı çox keçmədən penaltidən də fərqlənməklə yığmada ilk dəfə het-trik etdi. Oyun intizamından qopan qonaqlar 74-cü dəqiqədə Barış Alpərin qolu ilə fərqi 2 topa endirdilər. Amma hakim VAR-ın məsləhətindən sonra Poş ilə Cenk Özkaçar arasındakı epizodu monitorda izlədi. Nəticədə Türkiyənin qolu ləğv olundu, üstəlik Avstriya daha bir penalti qazandı! Bu dəfə Baumqartner səhvə yol vermədi. Yekun nəticəni isə yığmada ilk qolunu vuran Entrup müəyyənləşdirdi. Türkiyənin sonuncu dəfə ardıcıl iki məğlubiyyəti iki il öncə baş tutmuşdu. Həmin vaxt da məhz martdakı yığma fasiləsində “ay-ulduzlular” əvvəlcə Portuqaliyaya, sonra İtaliyaya uduzmuşdular.

Macarıstan – Türkiyə 1:0
Soboslai, 48-p.
Macarıstan: Qulaçi, Neqo (Bolla, 46), Baloq (Dardai, 67), Lanq, Salai, Kerkez (Z.Nad, 61), Şaffer, A.Nad (Stayls, 17), Şallai (Klaynhaysler, 80), Soboslai, Varqa (Adam, 80).
Türkiyə: Mərt Günok, Zəki Çelik (Kərəm Aktürkoğlu, 77), Samet Akaydın, Ozan Kabak, Rıdvan Yılmaz (Mərt Müldür, 27), İsmayıl Yüksək, Orkun Kökçü (Arda Gülər, 61), Yunus Akgün (Barış Alpər Yılmaz, 76), Hakan Çalhanoğlu, Kənan Yıldız (Can Uzun, 76), Enes Ünal (Yusuf Yazıcı, 61).
Avstriya – Türkiyə 6:1
K.Şlager, 2. Qreqoriç, 44; 48; 59-p. Baumqartner, 78-p. Entrup, 90+5 – Hakan Çalhanoğlu, 25-p.
Avstriya: A.Şlager, Poş, Danso (Danilyuk, 88), Vöber, Mvene (Prass, 70), K.Şlager, Zayvald, Laymer (Saraçeviç, 88), Baumqartner (Vimmer, 82), Şmid (Vaymann, 81), Qreqoriç (Entrup, 82).
Türkiyə: Uğurcan Çakır, Mərt Müldür, Merih Dəmiral, Kaan Ayhan, Cenk Ozkaçar (Zəki Çelik, 78), Salih Özcan (Orkun Kökçü, 61), Hakan Çalhanoğlu (İsmayıl Yüksək, 87), İrfan Can Kahveci (Yunus Akgün, 61), Arda Gülər (Abdulkadir Ömür, 78), Kərəm Aktürkoğlu (Barış Alpər Yılmaz, 62), Kənan Yıldız.

Faktlar

* Türkiyə 101 illik tarixi ərzində 623 və 624-cü oyunlarına çıxdı. Komanda 234 və 235-ci məğlubiyyətlərlə üzləşdi (242 qələbə, 147 heç-heçə, top fərqi fərqi – 852:895).
* Türkiyə Macarıstana qarşı keçirdiyi 17-ci oyunda 11-ci dəfə uduzdu (4 qələbə, 2 heç-heçə, top fərqi – 17:35). Türkiyənin bu rəqibə qarşı qələbəsiz seriyası 5 oyuna yüksəldi.
* Türkiyə Avstriyaya qarşı keçirdiyi 17-ci oyunda 9-cu dəfə məğlub oldu (7 qələbə, 1 heç-heçə, top fərqi – 23:24).
* Türkiyə 30 aydan sonra ilk dəfə bir oyunda 6 top buraxdı. Sonuncu dəfə bu hal 2021-in sentyabrında Niderlandla səfər oyununda (1:6) yaşanmışdı. Həmin oyundan sonra Şenol Günəş istefa vermişdi. O qarşılaşmadan bəri “ay-ulduzlular” 25 matç keçirmiş və yalnız bir dəfə - ötən ilin sentyabrında Yaponiya ilə yoldaşlıq oyununda (2:4) 3-dən artıq top buraxmışdılar.

Oyundan sonra
Ralf Ranqnik, Avstriya yığmasının baş məşqçisi:
“İnanılmaz oynadıq. Halbuki qarşımızdakı rəqib elə-belə komanda deyildi. İlk yarıda Türkiyə daha üstün göründü. Bu da təəccüblü deyil. Texnikalı və səviyyəli futbolçulara malikdilər. Onlar Xorvatiya və Almaniyanı səfərdə yenmişdilər. Erkən qolumuza Türkiyə tez cavab verdi. Amma fasilə ərəfəsində vurduğumuz qol böyük önəm daşıdı. İkinci hissədə artıq biz üstün oynadıq. Onların səhvlərini dəyərləndirdik. Hesab 4:2 ola bilərdi. Amma 5:1 oldu. Bundan sonra Türkiyə konsentrasiyanı tam itirdi. Belə rəqibə qarşı 6:1-lik qələbə çox mühüm nəticədi. Çünki oyun yoxlama yox, rəsmi matç ab-havasında keçdi. Bu gün bəzi oyunçular AÇ-də olmağa layiq olduqlarını sübut etdilər. İstədiyim sistem yavaş-yavaş oturmağa başlayır. Slovakiya və Türkiyə ilə oyunlar düzgün yolda olduğumuzu göstərdi”.


Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi:
“Bu nəticəni heç kim gözləmirdi. Ölkəmiz üçün üzgünük. Amma belə oyunlar həm də sizə yenidən başınızı qaldırıb cəsarətinizi ortaya qoymaq fürsəti verir. İlk yarıda sərgilədiyimiz futboldan zövq aldım. Bir məqam dəqiqdi ki, qol fürsətlərindən daha yaxşı yararlanmalıyıq. Bu məqamın üzərində xüsusi şəkildə çalışmalıyıq. Dəqiqələr irləlilədikcə oyunumuz pozuldu. Temp artdıqca yorulmağa başladıq. Çünki bəzi futbolçular öz klublarında daim oynamır. Belə məğlubiyyətlər bəzən faydalı olur və əksinə, komandanı inkişaf etdirir. Təbii ki, əsas günahkar mənəm. Günahkarı başqa yerdə axtarmaq lazım deyil. Motivasiyam çox yüksəkdi . Əminəm ki, AÇ-də daha yaxşı performans sərgiləyəcəyik. İlk yarıdakı oyunumuzun üzərində durmalı və onu daha da inkişaf etdirməliyik. İstefa? Bu suala cavab verməyəcəm. Çünki təxribat xarakterli sual olduğunu düşünürəm. Məsələn, siz sual ünvanladığız zaman səhvə yol verərkən işinizdən ayrılırsızmı? Çox lazımsız və təxribat qoxusu gələn bu suala cavab verməyəcəm”.
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla