AZ

Üçtərəfli görüş İrəvana nə vəd edir?

Ermənistanın əli ilə Qafqaz üçün ikinci Ukrayna planı İrəvan təhdid yaratmaqda davam edəcəksə... Bu ona baha başa gələ bilər

Tarixin əksər dönəmlərində Cənubi Qafqaza “cavabdehlik” daşımış Azərbaycan regionun inkişaf tarixinin yeni mərhələsini formalaşdırmaqdadır. İllər uzunu Cənubi Qafqaz - Mərkəzi Asiya (keçmiş və ənənəvi İpək yolu) transxətti bütöv regional inkişaf trayektoriyası formalaşdırmaq imkanından məhrum edilib və bunun səbəbi isə birmənalı şəkildə Ermənistanın apardığı işğalçı və terrora əsaslanan siyasət olub. Ermənistanın yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın bir müddətdə böyük bir coğrafiyada bölgəsəl iqtisadi təmərküzləşmənin formalaşdırılmasına maneçilik törədib. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla Ermənistan bütünlüklə Avrasiyanın ən rentabelli və effektiv ticari xətti sayılan Cənubi Qafqaz - Mərkəzi Asiya tranzitinin reallaşmasını ləngitdi, bölgəsəl təhlükəsizlik arxitekturasının yaranmasına mane oldu. Bu isə özluyündə regionun iqtisadi-sosial potiensialının tam şəkildə açılmasına, qlobal iqtisadi münasibətlər sistemində layiqli yerini tutmasına əngəl oldu.

44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirlərinin ortaya çıxardığı ən mühüm nəticələrdən və reallıqlardan biri isə Azərbaycanımızın ərazi bütövlüyünə qovuşması ilə yanaşı, sözügedən ticari xəttin reallaşması üçün yaranan perspektivdir. Yeni mərhələdə Cənubi Qafqaza sülhün gəlməsi böyük bir ərazidə yeni iqtisadi münasibətlər sistemini formalaşdırdı. Təsadüfi deyil ki, qısa zaman kəsiyində Çinin “bir kəmər, bir yol” layihəsi üzrə mühüm addımlar atıldı - hətta rəqəmsal daşımaçılıq məsələsi belə öz həllini tapdı.

Azərbaycanın birləşdirici fəaliyyəti...

Bəli, Azərbaycan bölgənin ümumi yeni inkişaf tempini yaradır, hətta daha da gücləndirir. Bunun üçün münbit zəmin formalaşmaqdadır:

- Lokal antiterror tədbirlərinin uğurla yekunlaşması Cənubi Qafqaz - Mərkəzi Asiya - Kiçik Asiya ticarət xəttinin sülh və sabitliyin hökm sürdüyü ərazilərdən keçəcəyinə dəlalət edir;

- Real geosiyasi mahiyyət yeni perspektivlər formalaşdırır;

- Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesini bir neçə addım daha da qabağa daşıyır - İrəvan üçün yeni iqtisadi üfiqlər formalaşdırır;

- Geosiyasi coğrafiyamızda nəzərdə tutulan bölgəsəl və qlobal layihələrin reallaşması üçün ortada hər hansı bir problemin olmadığını üzə çıxarır;

- Qlobal nəqliyyat xəttlərinin şaxələndirilməsi üçün zəmin yaradır.

Ermənistanın silahlandırılması - proses plan üzrə irəliləyir...

Görünən mənzərə təxminən bu formadadır və günümüzün reallığında bütövlükdə regionun iqtisadi inkişafı müzakirə predmetidir. Təəssüfləndirici haldır ki, daima xarici maraqların əlaltısı kimi çıxış etməyə öyrəşmiş Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Daha dəqiq desək, bu dövlət özündə cəsarət taparaq müstəqil siyasət yürütmək perspektivi formalaşdırmır. Tam əksinə,

fərqli xarici maraqların əsiri qismində bölgəyə təhdid yaratmaqda davam edir. İrəvanın mövqeyini fərqli rakurslardan izah etmək mümkündür. Məsələn, bir müddət əvvələ qədər Fransa və Hindistan tərəfindən aktiv silahlandırılan Ermənistan yeni müharibəyə sürüklənir. Sirr deyil ki, bir ildən artıqdır Ermənistanın aktiv silahlandırılması, Fransa və Hindistanın əli ilə bölgədə yeni silahlı qarşıdurmalara rəvac verilməsi ikitərəfli münasibətlərin normallaşması prosesini yeni fazaya sürükləyir. Ötən il rəsmi Delhi ilə Ermənistan arasındakı silah alveri ilə bağlı predmetlər ortaya çıxmışdı. Ermənistan KİV-in yaydığı məlumata görə, hətta Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanmışdı. Sənəddə Hindistanın Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcəyi göstərilmişdi. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur və Fransa lisenziyası ilə istehsal edilir. Fransa Ermənistanı həm Hindistanın əli ilə, həm də birbaşa özü silahlandırır. Ötən il bəlli olmuşdu ki, Paris İrəvana yüz milyonlarla avro dəyərində silah-sursat satır. Bu barədə Fransanın məşhur “Le Mond” nəşri yazmışdı və bildirilmişdi ki, silah satışında müxtəlif texnikaların, o cümlədən zenit-raket komplekslərinin verilməsi nəzərdə tutulur. Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası İrəvana göndərilmişdi. “Bastion” üçün komponentlər də göndərilən silah-sursatın arasında yer alırdı. Bütün bunları göndərən isə Fransanın “ARQUUS” şirkəti idi.

İndiki halda isə bu silahlandırmanın daha böyük formatda planlaşdırmaya xidmət göstərməsi ortaya çıxır - məhz bu planın kölgəsində ortaya çıxarılmasına çalışılan “yeni təkliflər” diqqət çəkir. Söhbət Yunanıstanın müdafiə naziri Nikos Dendiasın bir müddət öncə Ermənistana səfəri zamanı səsləndirdiyi  dördtərəfli “müdafiə əməkdaşlığı” formatından gedir: “Biz Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli müdafiə əməkdaşlığı yaratmışıq. Lakin Fransa və Hindistanla, mühüm ölkələrlə, mühüm güclərlə, Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə başqa üçtərəfli və ya dördtərəfli əlaqələr də ola bilər”. Bu artıq yeni hərbi planlaşdırmadır. Ermənistan üzərindən bölgəyə can atan qüvvələr “müttəfiqlik” və ya “əməkdaşlıq” pərdəsi altında bölgədə hərbi varlığını təmin etməyə “hazırlaşır”.

Aİ Ermənistanı “mülki missiya” adı altında “işğal edir”...

Bölgəyə yönəlik təhdidlər isə bununla yekunlaşmır - aprelin 5-də Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının da planlaşdırıldığı Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi ilə bağlı yayılan informasiya bölgədə inkişaf edən proseslərə müdaxilə cəhdlərinin növbəti seriyasıdır. Bu, sanki regionda üçtərəfli hərbi ittifaqın qurulduğu təəssüratını yaradır. Onsuz da Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan Aİ iki ilə yaxındır ki, “mülki missiya” adı altında Ermənistana özünün kəşfiyyat qrupunu yığmaqda davam edir. Heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə olaraq regiona “nəzarət” üçün Ermənistana yerləşdirilən bu “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” isə hər kəsə bəllidir. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. Bu missiyanın “əsl siması” isə artıq hər kəsə bəllidir. Onların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması sirr deyil. Bu missiyanın tez-tez avropalı generallar tərəfindən yoxlanılması, ciddi nəzarətdə saxlanılması onu göstərir ki, Aİ bu yolla bölgəyə əsgəri müdaxilə imkanlarını artırmaq niyyətindədir. Beləliklə, Aİ-nin Ermənistandakı missiyası ilə bağlı “pərdələr” qalxdıqca, proses inkişaf etdikcə əsl məqsəd və məramlar ortaya çıxır - bu missiyanın mülki deyil, hərbi kontingent funksiyasında çıxış etməsi daha real gözə çarpır. Vurğulanmalıdır ki, zaman-zaman missiyasının tərkibinin genişləndirilməsi ilə bağlı aparılan “danışıqlar” da konkret olaraq regionda sülhün formalaşdırılmasına mane olmaq istəyindən qaynaqlanır. Onsuz da missiyanın “hərbi jandermeriya” xarakteri daşıması sənədlərələ sübuta yetirilmişdi. 2020-ci ildən bu yana missiyaya başçılıq edən şəxslər Avropanın bir sıra ölkələrində xüsusi xidmət keçmiş insanlardır. Bu, hər şeyi ortaya qoyur.

Dağıntı və sarsıntı, aclıq və səfalət, iqtisadi geriləmə və sosial böhran...

Aprelin 5-də keçirilməsi nəzərdə tutulan “görüş”də xüsusi qeyd olunmasa da, söhbət faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. ABŞ və Avropa regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləyir. Təəssüfləndirici haldır ki, region Ermənistanın əli ilə daha da qəlizləşdirilir - başqa sözlə, İrəvanın siyasi hakimiyyətinin əli ilə Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılması məsələsi gündəmə gəlir. Bu “hərbi pakt” isə Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir, Ermənistan revanşa hazırlaşdırılır. Hətta qeyd etmək lazımdır ki, bu “hərbi pakt” bir müddət öncə yunanıstanlı nazirin dilə gətirdiyi “dördtərəfli müttəfiqliyin” fərqli modelidir. Ermənistan anlamır ki, ondan istifadə etməyə çalışan güclərin əsas məqsədi öz maraqlarının təminatıdır - onlar bu yolda İrəvanın maraqlarının üzərindən xətt çəkirlər. Digər tərəfdən, Ermənistan bölgədə təhdid subyekti olmaqla bütün ətrafı ilə düşmən olma perspektivi formalaşdırır - bu isə, rəsmi İrəvanın gələcək iqtisadi imkanlarını daha da lokallaşdırmağa xidmət göstərəcək.

Bəli, Ermənistan həm hərbiləşdirilir, həm də yeni müharibəyə sürüklənir. Bu, Ermənistan üçün yolun sonu ola bilər. İlk növbədə Ermənistan bundan öncə ABŞ-ın və ya Aİ-nin təhriki ilə yerləşdiyi bölgələrdə qeyri-konstruktiv mövqe tutan ölkələrdən nümunə götürsün - onların düşdüyü vəziyyət, yaşadıqları göz önündədir. İndiyə qədər ABŞ və ya Aİ heç bir dövlətə səmimi şəkildə “dəstək” verməyib - bu “dəstəyin” altında korporativ maraqlar gizlənib. Beləliklə, Ermənistan bütün bu kimi davranışlardan əl çəkməli, ikitərəfli münasibətlərin normallaşması prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Ermənistan həm də yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalmaq təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.  Ermənistan dərk etməlidir ki, münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması bu gün daha çox onların marağında olan məsələdir - sosial problemlərin girdabında əzilən, maddi imkanları olmayan Ermənistan konstruktiv mövqeyinin qarşılığında regionun ümumi mənzərəsinə, ruhuna uyğun inkişaf yoluna qədəm qoymaq şansı əldə edəcək. Rəsmi İrəvan başa düşməlidir ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi aktoru kimi qəbul olunur və sülhün imzalanması Ermənistanın da regional və qlobal əməkdaşlıq platformalarında iştirakını təmin edəcək. ABŞ və ya Aİ ilə yeni “hərbi pakta” girmək isə İrəvana dağıntı və sarsıntı, aclıq və səfalət, iqtisadi geriləmə və sosial böhran vəd edir...

Pərviz SADAYOĞLU

Seçilən
145
50
Mənbələr
Şərh ()
Bağla