AZ

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Bakı, 29 mart, AZƏRTAC

Vaşinqtondakı Smitson Muzeyi və Hirşhorn Heykəl Bağı özünün 50 illik yubiley mövsümünün açılışını qeyd etmək üçün “İnqilablar: “Hirşhorn kolleksiyasından incəsənət nümunələri; 1860-1960” adlı sərgini təqdim edir.

1974-cü ildə Hirşhorn Muzeyi və Heykəltəraşlıq Bağı ictimaiyyətə açıldıqda, burada sənayeçi, kolleksiyaçı və xeyriyyəçi Cozef Hirşhornun kolleksiyasından təxminən 6000 əsər var idi. 1981-ci ildə - onun vəfatından sonra daha 6400 sənət əsəri meydana çıxdı. Eksponatlar müharibədən sonrakı Amerika və Avropa incəsənətinin dünyada ən təsirli kolleksiyalarından birini təşkil edir və bu gün kolleksiyada 13130-dan çox sənət əsəri var.

AZƏRTAC muzeyin rəsmi saytına və xarici mediaya istinadla xəbər verir ki, “İnqilablar: Hirşhorn kolleksiyasından incəsənət nümunələri; 1860–1960” sərgisində transformasiya, sənayeləşmə, elm və fəlsəfədə yeni cərəyanlar dövründə yaradılmış sənət əsərləri yer alıb. Bu əsərlər yüzillik boyu dəyişən mədəniyyət mənzərələrini əks etdirir.

Sərginin kuratorlarından biri olan Betsi Conson deyir: “Dünya sizin gördüyünüzdən əhəmiyyətli miqyasda daha böyükdür. Əsərləri muzeydə təqdim edilən rəssamlar sürətlə dəyişən cəmiyyət və iki dünya müharibəsi fonunda yeni formalar axtarırdılar və həmin orijinal sənət əsərləri indi muzeydə təqdim olunur”.

“Evening Star” qəzeti yazır: “Cozef Hirşhorn uşaqlıqdan incəsənətə maraq göstərib. 1976-cı ildə verdiyi müsahibədə xatırladığı kimi, o, bütün günü rəsmlərə heyranlıqla baxmağa hazır idi. Cozef 16 yaşında Uoll Stritdə birja brokeri kimi karyerasına başlamaq üçün 255 dollar yığıb və 18 yaşında qazancını sənət əsərlərinin alınmasına xərcləməyə başlayıb. Gənc patronun əldə etdiyi ilk rəsm əsərləri Albrext Dürerin iki qravürası olub. O, bu əsərlərin hər biri üçün 75 dollar ödəyib. Onun sənət aləmində ilk böyük sevgisi “poetik, lirik, ecazkar” adlandırdığı amerikalı rəssam Lui Eylşemius olub. Cozefin maraqları müxtəlif idi; o, Milton Averinin rəsmlərini, Auquste Rodinin bürünc heykəllərini və Pablo Pikassonun əsərlərini eyni həvəslə axtarıb satın alırdı. 1960-cı illərin əvvəllərində o, dünyanın ən yaxşı müasir heykəltəraşlıq kolleksiyalarından birini toplaya bilib”.

Sərgidə muzeyin daimi kolleksiyasından 117 rəssam, o cümlədən Frensis Bekon, Jan Dubuffet, Li Krasner, Vifredo Lam, Jacob Laurens, Georgia O'Keeffe və Cekson Pollok tərəfindən bir əsr boyu yaradılmış 208 əsər nümayiş etdirilir. Salonda, həmçinin Torquas Deyson, Raşid Conson, Annette Lemieuks, Diani Uayt Houk və Flora Yuçnoviç kimi 19 müasir rəssamın əsərləri də yer alıb ki, onların rəsmləri ötən əsrdə ortaya çıxan çoxsaylı inqilabi ideya və yanaşmaların aktuallığını qoruyub saxlayır.

Muzeyin ikinci mərtəbəsində yerləşən “İnqilablar: Hirşhorn kolleksiyasından incəsənət nümunələri; 1860–1960” sərgisi 2025-ci il aprelin 25-dək açıq olacaq.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla