AZ

Dərman məqsədi ilə yaradılan içki...

“Coca-Cola”nın tərkibi niyə gizlədilir?

Bu içkinin tərkibi 138 il ərzində kifayət qədər dəyişib. İlk dəfə 1886-cı ildə ABŞ-ın Georgia əyalətində Con Stit Pemberton tərəfindən icad edilən “Coca Cola” əvvəllər morfin, əsəbi gərginlik, depressiya və həzm problemi ilə bağlı dərman vasitəsi kimi satılırdı. Onun tərkibi koka yarpaqları və tərkibində kofein olan kola qozasından ibarət idi.

19-cu əsrin sonlarında kokainin zərəri aşkarlandıqdan sonra 1903-cü ildə kokain içkinin tərkibindən çıxarılır. Dövrümüzə qədər “Coca-Cola”nın əsl tərkibi sirr olaraq saxlanılır. Sadəcə məlumdur ki, onun tərkibinə şəkər, şəkər rəngləndiricisi, fosfor turşusu, kofein, təbii aromatizatorlar və karbondioksitdən ibarətdir.

Dünyanın ən bahalı brendlərindən biri olan “Coca-Cola” dəfələrlə tənqidlərə məruz qalıb. Böyük əksəriyyət bu içkinin alkoqol və tütün qədər zərərli olduğunu iddia ediblər. Bu iddialar yenə də səslənməkdədir.

“Coca-Cola” dünya mətbuatında...

İçki ilə bağlı dünya mətbuatında müxtəlif araşdırma yazıları dərc olunub. “Coca-Cola”nın insan orqanizmi üçün təsiri ilə bağlı həmin araşdırmalarda əksini tapan məlumatlardan bəzilərini təqdim edirik:

Piylənmə, həzm sisteminin pozulması

Çoxsaylı araşdırmalara görə, müasir dövrün ən təhlükəli epidemiyası - piylənmədir. Bunun əsas səbəbi hamburger və qızardılmış kartof deyil, qazlı şirin içkilərdir. ABŞ-ın Penninqton bioloji Tibb Mərkəzinin professorlarının araşdırmalarına görə, hər gün qəbul edilən 1 litr şirin qazlı içki altı ay ərzində həzm sisteminin pozulmasına, ürək-damar xəstəliklərinə, qaraciyərin piylənməsinə və diabetin yaranmasına yol açır.

“Coca-Cola”nı hər gün qəbul etdikdə...

İtaliya və ABŞ alimlərinin birgə araşdırmalarına görə, “Coca-Cola”nı hər gün qəbul edənlərin böyrəklərində daş əmələ gəlmə riski 23% çoxdur. Həmçinin digər şirin qazlaşdırılmış içkiləri qəbul edənlərdə bunun yaranma riski 33%-ə bərabərdir. 8 il ərzində aparılmış tədqiqatlar əsasında 194 095 nəfərdən 4462-ində sidik kisəsində daş əmələ gəlməsi aşkarlanıb.

Hipokalimiya: Qanda kaliumun azalması

Yunanınstanın Tibb Məktəbinin alimlərinin araşdırmalarına görə, “Coca-Cola”nın çoxlu sayda qəbulu hipokalimiyaya yol aça bilər. Bu, yüngül formada halsızlıq, yorğunluq və əzələ ağrıları ilə özünü göstərir. Ağır formada isə ürək və skelet əzələlərinin iflicinə yol aça bilir.

Harvard Tibb Məktəbi alimlərinin araşdırmalarına görə, qazlı şirin içkilərin qəbulu qızlarda erkən cinsi yetişkinliyə səbəb olur. Qadınlarda cinsi hormon estogenlərin həddindən artıq ifrazı süd vəzi xərçəngi, yumurtalıqların xərçəngi və digər ağır xəstəliklərə səbəb olur.

“Coca-Cola”nın qəbulundan 2 saat sonra...

“Coca-Cola”nın qəbulu bədəndən kalsiumun xaric olmasına səbəb olur. Yaponiyanın Hirosaki Universitetinin alimləri araşdırıb ki, “Coca-Cola”nın qəbulundən 2 saat sonra sidikdə kalsiumun miqdarı artıb.

Dişlərin sağlamlığı...

“British Dental Journal”ın dərc etdiyi məlumatlara əsasən, yüksək turşuluqlu içkilər dişlərdə mina təbəqəsinin eroziyasına səbəb olur. Dişlərin bu cür zədələnməsi kariyeslə əlaqədar deyil - burada dişlərin mina təbəqəsi zədələnir.

Üzdə qırışlara səbəb olur...

Qastroenteroloq-həkim Ülvi Məmmədzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu cür içkilərin saymaqla bitməyəcək qədər zərərləri var. Uzun müddətli istifadə isə insanda asılılıq yaradır: “Bu qazlı içkilər orqanizmə kifayət qədər zərər vura bilir. Mineralların itirilməsi səbəbindən üzdə qırışlara səbəb olur. Mədə turşuluğunu qaldırır, azyaşlılarda hətta həzm pozğunluqlarına səbəb ola bilir. Qanda yüksək şəkər tələb etdiyinə görə, bu da “obezite” dediyimiz kökəlməyə səbəb olur”.

Qastroenteroloqun sözlərinə görə, bu kimi içkilərin günlük qida rasionunda olmamağı məsləhətdir. Əks halda ən azından qastrit yaranacaq: “Həmçinin immun sistemi zəifləyəcək və orqanizm xəstəliklərlə mübarizə aparmaq gücünü itirəcək”.

Ömrünüz 4-6 il qısala bilər...

Ü.Məmmədzadə xüsusilə vurğulayıb ki, “Coca-Cola” kimi içkilər insan ömrünü 4-6 il qısalda, həmçinin bəd xassəli şişlərin yaranmasına təkan verə bilir: “Uzun müddətli daimi istifadə tükənməz əlavə təsirlərə yol açır. Bunlardan biri də bəd xassəli şişlərin yaranmasıdır. Az öncə qeyd etdiyimiz kimi, kökəlməyə də səbəb olur. Qanda şəkərin miqdarı qalxır və həmin insanlar rəngli içkilərdən asılı vəziyyətə düşürlər”.

Tərkibinin açıqlanmaması bununla əlaqədardır

Həkim “Coca-Cola”nın hazırlanma reseptinin bu günə kimi ictimaiyyətə tam açıqlanmadığını da bildirdi: “ “Coca Cola” haqqında müxtəlif rəylər var. Amma təəssüf ki, yenə də bu içkidən geniş şəkildə istifadə edilir. Düşünürəm ki, “Coca Cola”nın istifadəsinə qadağa qoymaq elə də asan məsələ deyil. Çünki bu, çox böyük bir şəbəkənin korporativ maraqlarına xidmət edir. Yəni olduqca geniş biznesdir. Bəlkə də onun tərkibinin açıqlanmaması bununla əlaqədardır”.

Yeganə BAYRAMOVA

Seçilən
56
50
Mənbələr
Şərh ()
Bağla