AZ

Oruc tutan insanda ümid güclənir, hüzur qüvvətlənir -İlahiyyatçı/ÖZƏL

Məlum olduğu kimi, bütün İslam dünyası “on bir ayın sultanı” mübarək Ramazan ayını yaşayır. Ramazan ayının orucunu tutmaq hər bir insanın həyatında dönüş nöqtəsinə çevrilir. İnsanın ruhu və cismi üçün son dərəcə böyük əhəmiyyəti olan orucluq mənəviyyata müsbət təsir göstərən İlahi gücə malikdir.

İnsan hədəfə yüksəlmək, tərəqqi etmək üçün nələrdənsə imtima etməyi bilməlidir

Mövzu ilə bağlı ilahiyyatçı, Hacı Ağa Hacıbəyli “İki sahil”ə bunları bildirib:

“Ramazan ayında oruc tuturuq, namaz qılırıq, digər ibadətlər edirik. Bu işin dərinliyində mənəviyyat yatır. İnsan bu həyat yolunda ömrünün son nəfəsinə qədər təzadlarla dolu dünyanın içərisində insanlığını qoruyaraq, mühafizə edərək öz hədəfinə, yəni Allahın rızasına çatmağa çalışır. Eyni zamanda, fərqli xəyallara düşmüş, yolunu azan insanlar da olur. Yolunu azan insanlar öncə fitrətlərini, fitrətlərində olan mənəviyyat hislərini öldürərək cəhənnəm oduna çevirirlər. Bir qrup insanlar da özlərini yetişdirərək böyük mənəvi təkamülə, insanlığın gerçək zirvəsinə yüksələrək layiq olduqları yerə Allahın rızasını qazanaraq cənnətə valid olurlar. Bu baxımdan, tutduğumuz orucun insanda önəmi olan çox özəl mənəvi strukturları var. Məsələn oruc tutan insanda ümid güclənir, eyni zamanda, hüzur qüvvətlənir. Bir insanın ümid və hüzuru onun ruhunun iki qanadı hesab olunur. Adam ruhludursa, yəni ümidlidirsə deməli qarşısına qoyduğu hədəfə mütləq çatacaqdır. Digər tərəfdən, göründüyü kimi orucun imtina etmə, tərk etmə qabiliyyəti də var. Xüsusən gündəlik adət etdiyimiz bir çox qidaları, halal nemətləri biz əlimizlə sanki bir tərəfə atırıq. Bu o dəməkdir ki, insan müəyyən məsafələri qət etmək, hədəfə yüksəlmək, tərəqqi etmək üçün nələrdənsə imtima etməyi bilməlidir.”

İnsan öz aclıq hissinə qarşı mübarizə aparır və ona qalib gəlməyi bacarır

İlahiyyatçı qeyd edib ki, Ramazan məktəbində oruc dərsini aldığımız an bilərəkdən və bilməyərəkdən biz bu ibrətli nöqtəyə də toxunuruq: “Yəni, insan öz aclıq hissinə qarşı mübarizə aparır və ona qalib gəlməyi bacarır. Bu prosesdə hazırda 14 saat müddət ərzində, yay aylarında isə 18 saat ərzində insan tərəfindən məğlub edilir. Eyni zamanda, mənəviyyatdan danışdığımız zaman ruhu tətikləyib yetişdirən, sevgini bəsləyən dəyərdən bəhs edirik. İnsandakı mərhəmət duyğularını qabardan dəyərlərdən danışırıq. Digər tərəfdən də bütün bu mənəviyyatımızı gəmirib qara dəlik kimi necə ki, kainatda mövcud olan ulduzları, planetləri udan qara dəlik insanın bədən ölkəsində də qara dəliyi onun nəfsi, iblisin qərargahdır. O da bizi daxildən gəmirib dəyərlərimizi kirləndirir və bizi bizdən, Rəbbimizdən uzaqlaşdırır. Ramazan ayında tutulan oruc ən çox təsirini həmin o nəfisin üzərinə, onun fironluq düşüncəsinə istiqamətlənmiş bütün yönlərini kəsir. Eyni zamanda mənəviyyatımıza ən böyük təsir göstərən amillərdən biri bizim iradəmizdir. Təsəvvür edin ki, gündəlik adətlərimiz də iradəmizin qarşısında böyük əngəldir. Oruc tutmağımız vasitəsilə biz əlimizə, ayağımıza dolaşan adətlərdən imtina edə bilirik.  Məsələn insanlar siqareti tərk edə bilmirlər, amma ramazan ayı boyunca oruc tutarkən siqareti tərk edə bilirlər. Bununla da insanda səbr deyilən möhtəşəm peyğəmbər sənəti formalaşır. İnsan öz fitrəti, dünyası, şəxsiyyəti ilə Allahın hüzurunda, böyük bir qüdrətin önündə yer üzünün xəlifəsi kimi davrana bilir.”

Oruc tutmaq qopmuş, itirilmiş bağlarımızı, sökülmüş körpülərimizi yenidən inşa etmə fürsəti verir

A.Hacıbəyli vurğulayıb ki, mənəviyyatın insan həyatındakı böyük rolu bu yolçuluğa çıxan insanın qol-qanadının formalaşması, şəxsiyyətinin kamilləşməsi, eyni zamanda Allah qatında da bir məna kəsb etməsinə dəvət edir: “Bu mövzuda çox məqamlara toxunmaq olar. Bildiyiniz kimi, Ramazan orucu tutan insanlarda sahur və iftar süfrələri olur. Dostlar, tanışlar bir-birilərini bu süfrələrə dəvət edirlər. Bu çağın, zəmanənin ən böyük psixoloji problemlərindən biri yalnızlıq məsələsidir. Oruc bizə bilərəkdən, bilməyərəkdən həmin süfrələrin başında sevdiklərimizlə, dostlarımızla yaxınlarımızla yenidən birləşdirir. Qopmuş, itirilmiş bağlarımızı, sökülmüş körpülərimizi yenidən inşa etmə fürsəti verir. Oruc tutmaq həm maddi, həm də mənəvi dünyamızda futuhatları, böyük feyzləri və füyuzatları ortaya qoyan möhtəşəm bir təlim metodudur. Allah haqqı ilə tutmağı nəsib etsin.”

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla