AZ

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Eco Club”un təşkilatçılığı ilə “100MİN” proqramı çərçivəsində “Plastik tullantıların təbiətə zərəri” mövzusunda seminar keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarın təlimçisi Afaq Hacıyeva tələbələrə plastik tullantıların təbiətə illərlə vurduğu zərərlərdən danışıb. O qeyd edib ki, hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır: “Ötən əsrin 60-cı illərində bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur”.

Təlimçi sağlamlığa zərərli olan plastik qabların təsirləri və onları əvəz edə biləcək alternativ vasitələr haqqında məlumat verib. O vurğulayıb ki, ətraf mühitin mühafizəsinə töhfə vermək hər bir vətəndaşın borcudur, hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır.

Qeyd edilib ki, plastik tullantıların azaldılması məqsədilə son illərdə ölkəmizdə bir sıra tədbirlər görülür, tullantıların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir.

Seminarın sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallara cavab verilib.

Seçilən
80
36
Mənbələr
Şərh ()
Bağla