AZ

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

Kembricdə

Bakı, 29 mart, AZƏRTAC

Kembric şəhərinin (Böyük Britaniya) rəhbərliyi Edinburq hersoqu şahzadə Filippin mübahisə doğuran heykəlinin qoyulmasından 10 il sonra onun demontaj edilməsi göstərişini verib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 2014-cü ildə “Unex Group” daşınmaz əmlak və tikinti şirkəti “Don” adlı sənət əsərini sifariş verib. Kraliça II Elizabetin əri, mərhum Edinburq hersoqunun abstrakt simalı və akademik qiyafətli dördmetrlik, 189 min dollarlıq heykəli şahzadənin Kembric Universitetinin kansleri kimi 35 illik fəaliyyətinin şərəfinə Kembric ofis binasının qarşısında qoyulub.

Heykəl qoyulandan bəri mübahisə obyektinə çevrilib. Şəhər şurası bildirib ki, o, heykəlin bu məkanda qoyulması təklifini rədd edib və onu quraşdıranlar nizam-intizam qaydalarını pozublar. Hətta “Unex Group” şirkətinin bir vaxtlar heykəlin yaradıcısı kimi təqdim etdiyi uruqvaylı heykəltəraş Pablo Atçuqarri də əsərlə hər hansı əlaqəsini inkar edib. O, “The Guardian” nəşrinə 2014-cü ildə verdiyi açıqlamada deyib: “Bu heykəlin müəllifi mən deyiləm və mənim adımdan istifadə edilməsi təhqirdir. İstərdim ki, kimsə məndən bu anlaşılmazlığa görə üzr istəsin”.

Kembric şəhərinin rəhbərliyi dünən verdiyi açıqlamada “heykəlin ərazinin görünüşünə xələl gətirdiyini və onun icazəsiz qoyulduğunu” bildirib. Martın 5-də onlar heykəlin 4 ay ərzində götürüləcəyi barədə sakinlərə məlumat veriblər. Demontaj işləri aprelin 11-də başlayacaq.

 

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla