AZ

Barselonada ekstremal quraqlıq hökm sürür

Barselonada

Bakı, 29 mart, AZƏRTAC

Kataloniyada üç ildir ki, az yağış yağır və bu, hakimiyyət orqanlarını “Quraqlıq! Suya qənaət etməyə kömək edin”, “Suya qənaət edin! Bir daha göydən yağmayacaq” kimi xəbərdarlıq mesajları yaymağa vadar edir.

AZƏRTAC xəbər verir ki, Kataloniya hökuməti bir neçə həftə əvvəl quraqlıqla bağlı fövqəladə vəziyyət elan edib. İndi turistlər hava limanında, o cümlədən metroda və mehmanxana otaqlarında yaranan həyəcanlı vəziyyətlə bağlı məlumatlandırılır, burada xüsusi broşürlərdə suya qənaətlə bağlı tövsiyələr yerləşdirilir.

Kataloniya sakinləri suyun ehtimal ediləndən daha tez gələcəyin neftinə çevriləcəyinə, qıt və bahalı əmtəə olacağına inanırlar. Fermerlər artıq böyük miqdarda suya qənaət etməlidirlər, ağacları və çiçəkləri artıq içməli su ilə suvarmaq olmaz. Çimərlikdəki duşlar kimi, meydanlardakı fəvvarələr də fəaliyyətsizdir. Bir çox otellərdə qonaqların vannaya girə bilməməsi üçün hamamlarda tıxaclar yoxdur və hovuzları doldurmaq qadağandır. Lloret de Mar bələdiyyəsində otel sahibləri 1,5 milyon avroya yalnız otelin hovuzları üçün duzsuzlaşdırma qurğusu satın alıblar.

İspaniya Meteorologiya Xidməti hələ də davam edən quraqlığın səbəbi ilə bağlı qəti izahat verməyib. Bir şey aydındır; Barselonanın əksəriyyətində artıq üç ildir ki, bulud və rütubət gətirəcək qədər külək yoxdur. Dəniz suyunu içməli suya çevirmək üçün bütün şəhərdə duzsuzlaşdırma qurğuları fasiləsiz işləyir.

Artıq suyun qiyməti 30 faiz artıb. Böhranın vurduğu zərəri isə vətəndaşlar ödəyir. Bu, sosial münaqişələrə səbəb ola bilər.

Sentyabr-oktyabr aylarında Barselonada mühüm idman tədbiri - dünyanın ən böyük yelkənli qayıq yarışı olan 37-ci Amerika Kuboku keçiriləcək. Şəhərdə həmişəkindən daha çox turistin olacağı gözlənilir. Ekoloqlar bu şəraitdə suyun haradan gələcəyi ilə maraqlanırlar.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla