AZ

“Peres məni “Real”a aparan və qovmayan prezidentdi”

Dünya futbolunun əfsanələrindən biri Luiş Fiqu İspaniyanın “Marca” nəşrinə geniş müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, Həmin müsahibəni ixtisarla təqdim edirik.

- Luiş Fiqunun günü necə keçir?
- İndi artıq futbolla fəal şəkildə məşğul olmuram. Madriddə olanda vaxtımı ailəmə və ya dostlarıma həsr edirəm. Siz isə məni “Sisley”də (Fiqu dünyaca məşhur kosmetika şirkətinin simalarından biridi – red.) tutduz. Hansısa reklam, xeyriyyə oyunlarına və ya əfsanələrin matçına dəvət alanda iştirak edirəm. Həmişə idmanla məşğul olmuşam, bədənimə qulluq etmişəm, “Sisley” ilə əməkdaşlığıa başlayandan bəri dərimin də qayğısına qalıram.

- Futbolun sizin üçün fiziki fəsadları çox olub?
- Şükür Allaha, yox. Zədələrim əsasən əzələ xarakterli idi. Əsas odu ki, qaça və futbol oynaya bilirəm.

- Peşəkar futbolçu olduğunuz dövrdəki kimi rəqabətədavamlısızmı?
- Bəli.

- Biznesin hansı növü ilə məşğul olmaq sizə daha rahatdı?
- Həqiqəti desəm, indi dəb dünyası ilə məşğul olmağa başlamışam, entuziazmla doluyam. Bütün işlərə ümidlərimi, əməyimi qoyuram.

- Futbola çox baxırsız?
- Bəli. Əsasən vaxtilə fotmasını geydiyim komandaların oyunlarına və ya hansısa maraqlı matça. İspaniya, Portuqaliya, İtaliya liqalarına, UEFA turnirlərinə.

- Siz də 90 dəqiqəlik oyuna baxmağın çətin olduğunu düşünənlərdənsiz?
- İnnovasiyalar tətbiq etməli, bu oyuna yeni azarkeşlər cəlb etməliyik. Futbol bir nömrəli idman növüdü. Futbolu sevirsənsə, ona baxırsan. Komandanın fanatısızsa, bütün oyuna baxırsız. “Rayo Valyekano” və ya “Alaves”in azarkeşindən bir başqa komandanın oyununa 90 dəqiqə baxıb-baxmadığını soruşsaz, “yox” deyəcək. Bu o anlama gəlmir ki, o futbola baxmır və ya bu oyunu sevmir.

- Hamıdan çox hansı komandanı izləyirsiz?
- Xüsusən “Real”ın oyunlarına baxıram. Yaxşı futbola, oyunlara baxmağı bəyənirəm. Amma evdəyəmsə, bekaramsa, “Sevilya” – “Osasuna” oyununa da baxa bilərəm.

- Yeni “Bernabeu”ya getmisiz?
- Getmişəm, mövsümlük abonementim var. 20 ildən artıqdı...

- Madrid klubunun prezidenti olmağınızla bağlı ehtimal varmı?
- Həyatım boyunca layihələrimə və imkanlarıma nəyəsə nail olmaq prizmasından baxmamışam. Heç vaxt üç il sonra harda çalışacağımı düşünməmişəm.

- Fiqu indiki futbolda nəyi dəyişərdi?
- Futbolun mahiyyəti xoşuma gəlir. Əlbəttə, futbol ədalətli olmalıdı, nəticələri saxtalaşdırmaq olmaz, ancaq sən meydanın mərkəzində fol edirsənsə... Futbol səhvlərlə zəngin idman növüdü, biz futbolçular səhv etdiyimizə görə komandalardan biri qalib gəlir, o biri uduzur. Bəli, onunla razıyam ki, dünya və ya Avropa çempionatlarında şübhəli məqamlara aydınlıq gətirmək üçün VAR-dan istifadə olunur, ancaq xırdalıqlar xoşuma gəlmir. Oyunçular, məşqçilər, futbol ictimaiyyəti nə üçün oynadığımızı anlamalıdı. VAR haqda saatlarla danışa bilərik və heç vaxt konsensus olmayacaq, ona görə ki, futbol ağ və ya qara olmur. Ancaq elə şeylər var ki... Futbolçu tullanmaq üçün əllərindən yararlanmalıdı, bədənə bitişik əllə tullanmaq olmaz.

- Superliqa ideyası xoşunuza gəlmir?
- Həqiqət və idman ləyaqəti olan yarışlar xoşuma gəlir. Mən “Real” camiəsindəyəm, “Real”ın əlayhinə deyiləm, razılaşmamaq əleyhinə olmaq deyil. Mən görürəm ki, “Sportinq”in oyunçusunun heç vaxt Superliqada oynamaq şansı olmayacaq. Çempionlar Liqasında oynamaq mənim arzum idi, televizorda bu turnirin oyunlarına baxanda öz-özümə deyirdim ki, bunlar kimi olmaq istəyirəm. Beləliklə, anladığım qədəri ilə belə Superliqa “Sportinq”də oynayan 22 yaşlı Fiquya bura qədər yüksəlməyə imkan verməyəcək. Bəs milli liqalar necə olacaq? Superliqanın yaradıcıları çempionatları öldürmək niyyətindədi. “Osasuna”nın və ya başqa komandaların taleyi necə olacaq? Bütün bunlara görə Superliqa kimi yarışların təşkilinə razı deyiləm.

- Bu müsahibəni oxuyan və Superliqa haqda fikrinizi öyrənən adamlar deyəcəklər ki, “Real”ın prezidenti Florentino Pereslə aranız yoxdu.
- Baxaq görək sən sərlövhəni necə yazacaqsan...

- Pereslə yola getmirsiz?
- Mənim ona hörmətim var, ancaq eyni zamanda razı qalmadığım məqamlar da var. Hələ futbolçu olanda da razı olmadığım məqamlarla bağlı fikirlərimi bölüşürdüm. Sənə xoşuna gəlməyən nəyisə deməliyəmsə, deyəcəm. Bu xasiyyət mənə çoxlu problem yaşadıb. Şükür Allaha, azad adamam, kimisə aldatmağıma ehtiyac yoxdu.

- Yaxşı, Pereslə münasibətləriniz necədi?
- Nə deməyimi istəyirsən? O, dəstəklədiyim və üzvü olduğum klubun prezidentidi. O, məni “Real”a aparan və qovmayan, ancaq daha getməli olduğumu deyən prezidentdi. Siyasi və idman planında düzgün münasibətlərimiz var.

- “Real”ı necə görürsüz?
- Yaxşı. Komanda qarşısında duran vəzifələrin öhdəsindən gəlir, asanlıqla qələbə qazanması təəssüratı yaradır. “Real”ın keyfiyyətli, gənc, titul acı olan komandası var. Düşünürəm ki, bu il çempion olacaqlar.

- Cud Bellingem sizi təəccübləndirdi?
- Onu tanıdığma görə oyun səviyyəsi məni təəccübləndirmədi, ancaq uyğunlaşmanı tez arxada qoydu. Cud bu mərhələni çox asan keçirdi ki, bu da həm özü, həm də klub üçün yaxşıdı.

- Fiqu, Zidan, Raul və Ronaldonun “Real”ında Bellingemə yer tapılardımı?
- Bəlkə də yox... Zarafat edirəm, deyə bilmərəm. Möhtəşəm futbolçu nəsli, möhtəşəm komandamız var idi. Ancaq Bellingem kimi futbolçulara həmişə yer tapılar.

- Həmin komandadan hansı oyunçularla xoş münasibətləriniz formalaşmışdı?
- Hər biri ilə. Həyatda ən çox qürur duyduğum qənimətlərdən biri ...komanda yoldaşlarımla xoş münasibətlərdi. “Real”dan çoxları ilə əlaqələrim qalır. Moryentes, Yerro, Elqera, Raul, Ronaldo, Roberto Karlos, Kasilyas...

- “Barselona”ya münasibətiniz necədi? Xavi yayda komandadan ayrılacaq...
- Bu mövzuda danışmağı xoşlamıram. “Barsa” ötən il çempion olub, bu il isə artıq baş məşqçi ilə vidalaşmaq qərarı verilib. “Barsa” kimi top-komandaya idman planında sabitlik lazımdı. Xüsusən də klubun iqtisadi vəziyyətinin heç də yaxşı olmadığı indiki dönəmdə. Belə başa düşürəm ki, klubda pulun xərclənməsi baxımından səhvlərə yol verilib. Amma vəziyyətdən çıxmaq imkanları var.

- Səudiyyə Ərəbistanına yollanardızmı?
- Bilmirəm. Belə imkanım olub əslində, ancaq getməmişəm. Hazırda karyerasını orda davam etdirənləri tənqid edə bilmərəm, ona görə ki, hər kəs öz həyatını yaşayır, müəyyən qərarlar verir. Səudiyyə Ərəbistanı liqasına çoxlu pul yatırılır, vacib oyunçular dəvət etməyə çalışırlar. Əlbəttə, hər kəsin şəxsi problemi olan uyğunlaşma məsələsi də var.

- İndi qarşınızda Kilian Mbappe olsaydı, ona hansı məsləhəti verərsiz?
- Qoy xoşbəxt olsun.

- Bəs “Real”la bağlı?
- Əsas xoşbəxtlikdi. Mən öz xoşbəxtliyimi “Real”da tapdım, orda 5 il keçirdim. Mbappe də eyni xoşbəxtliyi yaşaya bilər.

- Yayda futbol üzrə Avropa çempionatı keçiriləcək. Portuqaliya yığmasını necə görürsüz?
- Bu, dünyadakı ən yaxşı turnirlərdən biridi. Mən bunu heç də UEFA ilə çalışdığıma görə yox, yarış iştirakçısı olan yığmaların və oyunçuların səviyyəsinə görə deyirəm. Portuqaliyanın dünyada ən yaxşılardan biri olan yığması var. Fransa, İngiltərə ilə yanaşı, biz də titulu qazanmağa namizədlərdən biriyik. İspaniya, Almaniya, Belçika da var. Çox yaxşı çempionat olacağını gözləyirəm, Portuqaliyanın çempion ola biləcəyinə ümid edirəm.

- Kriştiano Ronaldonun hələ də yığmada olmasına, qeyri-adi nəsə baş verməsə, növbəti Avropa çempionatına da qatılacağına təəccüblənirsizmi?
- Ronaldo vəhşidi, özümdən sonra gördüyüm ən rəqabətədavamlı futbolçudu (gülür). O, qol vurmağa davam edir, həmişə qol vuracaq. Bombardirlik onun qanındadı. Kriştianonun karyerasının belə parlaq alınmasına görə sevinirəm.

Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla