AZ

Kennediyə məktub, Nyuarkda qurulan cəmiyyət, qarabağlı mühacir

Ötən yazılarımızda uzaq Amerika qitəsinə köç edən azərbaycanlılar haqqında geniş məlumat vermişdik. Vəli bəy Yadigar, Musa Yusifzadə, Abbas bəy Atamalıbəyov, Məcid Musazadə, Ənvər Sultanzadə, Şeyxzamanlı ailəsi və digərləri haqqında bilgilər bölüşmüşdük.

Azərbaycanlıların Amerikaya köçü, əsasən, II Dünya müharibəsindən sonra başlayıb. Almanlara əsir düşən SSRİ-dəki türk dövlətlərin vətəndaşlarının bir qismi Avropada qalıb, bir qismi Türkiyəyə gedib, bir qismi isə ABŞ-yə mühacirət ediblər.

Azərbaycan mühacirət mətbuatı daha çox Türkiyə və Almaniyada çıxdığı üçün okeanın o tayındakı soydaşlarımızla bağlı məlumatlar kifayət qədər deyil. Amma ara-sıra oradakı həmyerlilərimizin qurduqları təşkilatlar, gördükləri işlər barədə məlumatlar dərc edilib. Mühacirlərdən Məhəmməd Altunbayın Amerikaya gedib-gəldikdən sonra yazdığı geniş məqalə isə oradakı soydaşlarımız haqqında mühüm bilgilər verməkdədir. “Amerika yolçuları” adlı geniş məqaləmizdə həmin məlumatları dərc etmişik. Bu dəfə isə yeni əldə etdiyimiz bilgiləri bölüşürük.

*
Nyuarkda qurulan cəmiyyət

Ankarada çıxan “Mücahit” dərgisinin 39-cu sayında (1961-ci il) Şükrü Kaya adlı azərbaycanlının 1 iyul 1961-ci ildə Çikaqodan göndərdiyi bir məktub dərc olunub. Məktubun mətni bu şəkildədir:

“Adət-ənənələrini və mənliklərini qoruyan azərbaycanlılar

Mühacirət həyatında keçirdiyimiz ağrılı günlərin təsiri qürbətə düşmüş biz azərbaycanlıları bir-birinə daha yaxınlaşdırmış, daha səmimi etmişdir. Bizlərdə bir-birinə bu sevgi və səmimiyyəti yaradan başlıca amil bizdən yaşlı və dünyagörmüş vətəndaşlarımızın təlqinləri, bizim onlara bəslədiyimiz hörmət və ehtiram olmuşdur.

Nyu-Yorkun yaxınlığındakı Nyuarkda yeni bir “Azərbaycan İslam və Xeyriyyə Cəmiyyəti” quruldu. Bu cəmiyyətin qurulmasına amil yenə yaşlı bir Azərbaycan övladı, buradakı bütün azərbaycanlılar tərəfindən sevilən Əhməd İbrahim bəydir.

Əhməd bəy yaxın-uzaq bilmədən, bütün azərbaycanlıları ziyarət etmiş, onları bir dam altında toplamağa müvəffəq olmuşdur. 18 iyun 1961-ci ildə baş tutan ilk açılış toplantısında bütün azərbaycanlıların əksəriyyəti Əhməd İbrahim bəyi sədr, Məhəmməd Quluzadəni katib, Abbas Quluzadəni mühasib, A. Özərlə Əkbər Əhmədlini ehtiyat üzvlüyə seçmişlər. Toplantıda Çikaqoda yaşayan bir azərbaycanlının yeni seçilən idarə heyətinə yazdığı aşağıdakı məktub oxunmuş, ürəkdən gələn bu səmimiyyəti, bağlılığı yığıncaqdakılar davamlı alqışlamışlar:

“Yeni seçilən Azərbaycan İslam və Xeyriyyə Cəmiyyəti İdarə Heyətinə

Adımıza göndərilmiş dəvətnamənizə mən və ailəm bütün qəlbimizlə təşəkkür edər, sonsuz hörmət və ehtiramımızın qəbulunu rica edərik. Əziz və gözəl vətənimizin həsrətini daima qəlbimizdə yaşatmaqda və bir gün qovuşmaq ümidi ilə təsəlli tapmaqdayıq. Harada olmağımızdan asılı olmayaraq qəlbimizin bir olduğuna əmin ola bilərsiniz. Sizlərə yeni vəzifənizdə uğurlar diləyir, cəmiyyətimizin Azərbaycanın bütün milli ənənə və qaydalarına sadiq qalaraq davamını Ulu Tanırdan bütün qəlbimizlə niyaz eylərik. Əvvəla heç unutmamalıyıq ki, illərdən bəri həsrət qaldığımız bir Vətən və o vətəndə övlad həsrəti ilə bağrıyanıq ana, ata, bacı, qardaş və qohumlarımız vardır. Vətən necə gözəl şeydir. Nə xoşbəxtdir bir daha onun torpağına üzünü sürtəcək olana. Nə xoşbəxtdir onun yolunda bir daha can verəcək olana. Yuxarıda adını zikr etdiyim Əhməd İbrahim bəy də həsrət qaldığımız Vətənin xeyirxah övladıdır. Könül istərdi ki, azərbaycanlıların hamısı deyil, heç olmazsa onda biri Əhməd bəy kimi olsun.

Amerikadakı beş ailənin, uşaqlar da daxil olmaqla iyirmiyə yaxın Azərbaycan övladına, müharibə sonrasında müttəfiqlər düşərgəsində ölüm-dirim arasında vurnuxan vətəndaşlarımızın Amerikaya gəlməsinə, iş, ev, pul-para sahibi olmasına yardım etmiş, ağrılı günləri unutmaqları üçün maddi-mənəvi kömək göstərmiş, indi də Avropadan gələcək azərbaycanlılara yardım etməkdə, Türkiyədə yerləşmiş və Avropanın digər məmləkətlərində olan həmşərilərimizin uşaqlarını əziz və dini bayramlarımızda sevindirməkdədir.

İllərdən bəri kimsənin heç cür təşəbbüs göstərmədiyi və həsrət qaldığı cəmiyyətimizin qurulmasının, uşaqlarımızın mənliklərini unutmamaları üçün bir dini ziyarətgaha qovuşmağımızın amili yenə bizdən yaşlı qardaşlarımız, qürbətdə ömür keçirmiş bu xeyirxah vətəndaşlarımızdır.

Bir gün məktəbdə müəllim bir azərbaycanlı uşaqdan soruşmuş: “Atan hansı dinə inanır?”. Uşaq da “Türk-İslam” demiş. Müəllim “heç məscidə gedirsinizmi?” deyə soruşmuş, uşaq da “bizim burada məscidimiz yoxdur ki gedək, atamla evdə dua edirik” deyə cavablamış. Burada hər amerikalı öz həyatını yaşayır, amma hər amerikalı ailə dini əqidələrinə çox sadiqdirlər. Onu ehmal etməzlər. Hər millətin burada bir dini ziyarətgahı vardır, niyə bizim də olmasın? Biz hansı millətdən geri qalmışıq ki? Atalar “tək əldən səs çıxmaz” deyib. Hər şey birliklə olur. İndi bu birlik təmin edilmiş və bütün azərbaycanlıları bir dam altında toplamışdır.

İnşallah, gözəl bir cəmiyyət binamız və onun yanında Azərbaycan stili bir məscidimizin tikiləcəyi gün yaxındır. Azərbaycanlılar, birləşək. Hamımız qəlbi həsrət dolu bir Vətənin övladıyıq. Hüseyn Cavidin “Azər” dastanında Azərin həyatını və kimliyini anlatdığı kimi:

Mən yetişdim, atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzləyərkən sevgi yolu,
Acı duydum hər kölgədən.
Bən əbədi hürriyyətin,
Sevdalı bir cilvəsiyəm.
Anlaşılmaz bir xilqətin
Parlar, sönər şöləsiyim”.

Dərgiyə göndərilən məktubdan göründüyü kimi 1961-ci ilin iyununda Nyuarkda qurulan cəmiyyətin ilk toplantısında oxunulan məktub elə Şükrü Kayanın özünə məxsusdur.

II Dünya müharibəsindən sonra əsir düşərgəsində yaşayan Şükrü bəy haqqında əlimizdə başqa bir material da mövcuddur. 1947-ci ildə Türkiyədə çıxan, baş yazarı azərbaycanlı Məhəmmədsadıq Aranın olduğu “Şərq yolu” qəzetində bu ada rast gəlirik. Qəzetin 31-ci sayında (23 iyul 1947) İtaliyanın Piza əsir düşərgəsində yaşayan Şükrü Kayanın bir şeiri dərc olunub:

Türkəm

Mən bir azəri türkəm, böyük türkün torunu,
Mən türklüyün quluyam, odur eşqimin sonu.
Bağlılığım onunla, istiqbalım onunla,
Bu gəncliyim onundur, ona bağlı canımla.
Vətən mənə anadır, türklüyüm mənim babam,
Onların uğrunda mən canımdan acımam.
O türkümün qanına boyanmış bayrağımı,
Ucaldacaq əlimdə, öpsün istiqlalımı.
Uca dağlar başına taxacağam əlimlə!
Ona qovuşmaq üçün acı sitəmlərimlə!
Alacağam öcünü axan qanlı yaşların!
Öpəcəyəm telindən yaşılbaşlı sonamın!
İntizarın olmuşam, bu, Tanrının yazısı,
Yolumuz gözləməkdə qarlı dağlar sonası.
Axan göz yaşını bir gün mən siləcəyəm!
İstiqlalım əlimdə bir daha gələcəyəm!
9 aprel 1947

Kennediyə yazılan məktub

1961-ci ildə Amerikada mühacir türk xalqlarının nümayəndələri bir cəmiyyət qurublar. İyun ayının 24-də Nyu-Yorkda vətənləri Rusiya əsarətində olan türk və müsəlmanlardan 300 nəfərin iştirakı ilə təşkilat yaradılıb. ABŞ-nin siyasilərinin, konqres üzvlərinin, müsəlman ölkələrinin təmsilçilərinin də qatıldığı mərasimdə əsir müsəlman xalqlarının hürriyyət və istiqlal mübarizələri ətrafında çıxışlar edilib. Cəmiyyətin sədrliyinə İdil-Ural türklərindən Sultan Qərib bəy seçilib. Təşkilat ABŞ prezidenti Con Kennediyə bir məktub da ünvanlayıb: “...

Həqiqətən də, bizim ana yurdumuz Sovet İttifaqının geniş, zəngin hissələrini təşkil edir. Lakin həqiqətdə bu maddi sərvətlər müsəlman ellərinin rifahı uğrunda sərf edilməməkdə, müstəmləkəçi istismar sistemi üçün yeni metodlar tapmış və inkişaf etdirmiş Moskvadakı kommunist idarəçiliyinin kontrolundadır. “Millətlərarası proletar sinfi” adına kommunist rejim milli qaynaqlarımızı təcavüz məqsədi ilə istifadə etməkdə, millətimiz üzərində təhəkküm, istibdab sistemi qurmaqdadır. Xruşşov cəmiyyət önünə çıxanda Asiya və Afrika millətlərinin milli qurtuluş hərəkatlarının dostu və hamisi kimliyinə bürünür, fəqət öz imperatorluğunda, xüsusilə də, SSRİ-nin müsəlman cümhuriyyətlərindəki milli qurtuluş hərəkatlarına “ixtilal düşməni geriçi qımıldanmalar” damğasını vuraraq onları cəzalandırmaqdadır. Sovet hökumətinin vicdanı üzərində insanlığa qarşı ümumi məhvetmə cinayətləri vardır. Bu hökumət karaçay, balkar, çeçen, inquş və krımlılar kimi müsəlman qövmləri öz vətən torpaqlarından topdan təhcir etmişdir. Bu qövmlərin böyük bir qismi təhcir hərəkəti əsnasında öldürülmüş, digərləri də Sibirin sərt iqlimində düşərgələrdəki taqətqırıcı məcburi işlərə dözməyərək yox olub getmişlər. Krımlılar isə Sovet İttifaqının siyasi və etnoqrafik xəritəsindən büsbütün silinmişlər.

Sovet hökuməti hər il Məkkəyə hacılar göndərməkdədir. Daşkənd və Ufa müftüləri kimi ruhani liderlər bu həcc ziyarətlərindən istifadə edərək Sovet İttifaqında din hürriyyətinin olduğuna dair yanlış fikirlər yaymağa çalışmaqdadırlar. Halbuki bütün bunlar həqiqətə qarşıdır. Sovet cəza qanunu uşaqların dini ruhda tərbiyə edilməsini və din məktəblərinin açılmasını qadağan etmişdir. Eyni zamanda Sovet məktəblərində uşaqlar sistemli şəkildə dinsizlik təhsilinə tabe tutulurlar...”

Məktubun davamında “Amerikanın səsi” radiosunun əvvəlki kimi əsir millətlərin öz dillərində də proqramlar aparması prezidentdən xahiş edilib. Kennediyə yazılan bu məktubu azərbaycanlılar adından Səlim Səlcuq, Yusif Qəhrəmanoğlu, Əhməd İbrahim, Ənvər Sultanzadə, Oğuz Odər imzalayıblar.

Cavanşir Qarabağlı kimdir?

Bu yaxınlarda Amerikada yaşayan Mina Azəri xanım Nyu Cersi ştatındakı bir məzarı ziyarət etməsi ilə bağlı məlumat paylaşmışdı. Cavanşir Qarabağlı adlı azərbaycanlının məzar daşında ay-ulduz təsviri və bəsmələ vardı. Doğum və ölüm tarixi isə 1921-2004 yazılmışdı.

II Dünya müharibəsi iştirakçılarından olan Cavanşir bəy müstəqillik illərində Vətəni yenidən görmək səadətinə sahib insanlardan olub. “Yeni Müsavat” qəzetinin 145-ci sayında (10 fevral 1995) onun haqqında kiçik məqalə dərc olunub. Həmin yazıda həyatı barədə bir sıra bilgilər verilib: “Quliyev Cavanşir əslən azərbaycanlıdır. 1921-ci ildə Cəbrayılda anadan olub. 1938-ci ildə fin-rus müharibəsində, 1941-ci ildə isə II Dünya müharibəsində iştirak eyləyib. Həmin il almanlara əsir düşüb, azərbaycanlılardan ibarət legionun əsgəri olub. Əsir düşdüyünə görə müharibədən sonra Stalin rejiminin hökm sürdüyü Vətənə qayıda bilməyib, İtaliyada, ABŞ-də, Türkiyədə yaşayıb. Ankarada Azərbaycan Kültür Dərnəyində çalışıb. Həmin dövrdə Məhəmmədəmin Rəsulzadə ilə sıx əlaqələri olub. Hazırda İstanbulda yaşayır. İki övladı var. İki aydır ki, Bakıda qohumlarının yanındadır”.

Qəzet Cavanşir bəydən açıqlama da alıb. O, Azərbaycanda yaşamaq istədiyini bildirib: “74 yaşım var. Ömrümün qalan hissəsini Vətənimdə yaşamaq istəyirəm. Buna mənim haqqım var. Mən axı burada doğulmuşam”. O, vətəndaşlıq üçün hökumətə müraciət etdiyini də bildirib.

Cavanşir bəy daha sonra Amerikaya qayıdıb, orada da vəfat edib.

Yekun olaraq bildirək ki, Amerikada yaşamış azərbaycanlı mühacirlərin həyatının öyrənilməsi vacibdir. Xüsusilə də, yazılarda adı hörmətlə çəkilən Əhməd İbrahimin bioqrafiyasının yazılması tariximiz üçün maraqlı olardı.


Müəllif: Dilqəm Əhməd
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla