AZ

Eldor Şomurodov icarədən “Roma”ya geri qayıdacaqmı?

İcarə əsasında “Kalyari”nin formasını geyinən Eldor Şomurodov müqavilə ilə məxsus olduğu “Roma”dakı gələcəyi barədə danışıb.

Arena.az xəbər verir ki, Özbəkistandan olan mərkəz hücumçusu cari mövsümün sonunda “canavarlar”ın düşərgəsinə qayıdıb-qayıtmayacağı haqda sualı belə cavablayıb:

“Bu haqda danışmaq hələ tezdir. Bunu çempionatın sonunda müzakirə edəcəyik. Mən, həyat yoldaşım və iki uşağım burada özümüzü çox yaxşı hiss edirik, çünki şəhər sakitdir. Əvvəllər çox yemədiyim balıq yeməklərinə aşiq oldum. Bura gözəldir”, deyə Şomurodov bildirib.

Xatırladaq ki, Şomurodov “Kalyari”yə 2023-cü ilin iyul ayında icarə əsasında “Roma”dan gəlib. 28 yaşlı özbək forvard bu komandanın heyətində cari mövsümdə 19 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Eldor Şomurodov “Roma”ya 2021-ci ilin avqust ayında 18 milyon avro qarşılığına “Cenoa”dan gəlib. Özbəkistandan olan 28 yaşlı forvard “canavarlar”ın heyətində 48 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsümü də “Spetsiya”da icarədə keçirib. Şomurodovun “Roma” ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

Şomurodov “Roma”dan əvvəl “Rostov”, “Bunyodkor”, “Maşal” kimi klubların da formasını geyinib. Təcrübəli hücumçu 2015-ci ilin sentyabr ayında debüt etdiyi Özbəkistan milli komandasının heyətində 70 oyun keçirib. 28 yaşlı forvard bu görüşlərdə 40 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı özbək hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla