AZ

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Tbilisi, 16 aprel, AZƏRTAC

Azərbaycanda istilik təchizatı və enerji effektliyinin artırılması istiqamətində mühüm işlər görülür. Bu məsələlərlə əlaqədar Azərbaycanda dövlət proqramları qəbul olunub, layihələr həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisidə Şərq Tərəfdaşlığı (ŞT) regionunda dayanıqlı istilik və enerji səmərəliliyi üzrə regional konfransda səslənib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Strateji planlaşdırma və innovasiyalar bölməsinin böyük mütəxəssisi Rüstəm Mirzəlizadə tədbirdə çıxış edərək ölkəmizdə istilik təchizatı ilə bağlı görülən işlərdən danışıb. Bildirilib ki, bu və digər sahələrdə enerji effektivliyinin artırılması istiqamətində mühüm islahatlar həyata keçirilir. Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncamlarından irəli gələn tələblərin, təsdiq olunmuş dövlət proqramlarının icrası nəticəsində ölkədə istilik təchizatı inkişaf etmiş, enerji effektivliyi əsaslı surətdə artmışdır.

Azərbaycan nümayəndə heyətinin üzvləri konfrans çərçivəsində keçirilən seminarda ölkəmizdə həyata keçirilən islahatlar barədə də iştirakçılara ətraflı məlumat veriblər.

Qeyd edək ki, ikigünlük regional konfransda ŞT-nin milli enerji tənzimləmə orqanları, müvafiq nazirliklər və rayon istilik orqanları/ şirkətlərinin enerji sektorunda maraqlı tərəflərinin nümayəndələri iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd 5 Şərq Tərəfdaşlığı ölkəsinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) davamlı isitmə və soyutma üzrə potensialını artırmaq olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
52
2
Mənbələr
Şərh ()
Bağla