AZ

Orta Dəhlizə maraq artır

Bu baxımdan Azərbaycan Transxəzər marşrutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir

Çinin müasir dünya düzənində yüksəlişi və qlobal kapital sisteminə mütərəqqi inteqrasiyası da öz sözünü deməkdədir. Çinin yarım əsrdən də az müddət ərzində yoxsul bir ölkədən dünyanın ikinci iqtisadiyyatına çevrilməsi, həyat səviyyəsinə görə dünya liderləri ilə bir cərgəyə yüksəlməsi nümunə hesab olunur.

Bir sözlə, Çin hazırkı dönəmdə qlobal lider olmaq iddialarını ortaya qoyub və yeni qlobal gücə çevrilməkdədir. Bu ölkənin münasibətlərində xüsusi diqqət yetirdiyi dövlətlərdən biri isə Azərbaycandır. Azərbaycan və Çin xalqları qədim İpək Yolu vasitəsilə sıx əlaqələrə malik olublar. Qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub. Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov Azərbaycan ilə Çin arasında bütün məsələlər üzrə qarşılıqlı anlaşma və dialoqun mövcud olduğunu, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirildiyini vurğulayır. Azərbaycan “Vahid Çin” siyasətinə bütün platformalarda dəstəyini bildirib, Çin isə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə daim dəstək nümayiş etdirib. Dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında münasibətlər dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artıb. 2023-cü ildə Çin Azərbaycanın ticarət dövriyyəsində dördüncü sırada qərarlaşıb. Ötən il Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon dollar təşkil edib. Çindən Azərbaycana idxalın həcmi isə 1 milyard 556,2 milyon dollar olub. Beləliklə, Azərbaycana idxal olunmuş məhsulların 15,4 faizi Çinin payına düşüb və bu göstərici ilə Çin ikinci pillədə yer alıb. Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşdır. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələri isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz əhəmiyyətli töhfəsini verir. “Orta dəhliz” isə Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və əlverişli alternativ marşruta çevrilib. Bu dəhliz Çinin xarici ticarətinin inkişafına mühüm töhfə verir, bu ölkənin alternativ bazarlara çıxışını təmin edir.

İndiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra nəqliyyat marşrutları üçün ciddi təhdidlər yaranıb. Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və demək olar ki, onların fəaliyyəti dayandırılıb. Bu şəraitdə beynəlxalq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından əhəmiyyəti daha da yüksəlib. Hazırda bütün iştirakçı dövlətlər Orta Dəhlizin inkişaf etdirilməsi, funksionallığının genişləndirilməsi üçün güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılması və həlli üçün zəmin yaradır. Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Bu baxımdan, şübhəsiz ki, Azərbaycan Transxəzər marşrutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir.

Azərbaycan artıq beynəlxalq aləmdə Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizləri ilə yanaşı, Orta Dəhliz marşrutu ilə də mühüm mərkəz kimi tanınır. Ölkəmizin tərəfdaşları ilə birlikdə bu nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini təmin etmək üçün praktik işlər görülür. Məsələn, hökumət tərəfindən dəhlizlərin inkişafına mühüm vəsait ayrılması, respublikamızda avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi önəm verilməsi, həmçinin əsaslı təmirinin aparılması bunun bariz ifadəsidir. Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Statistika göstərir ki, Orta Dəhlizlə yük daşımalarında davamlı artım müşahidə olunub, 2023-cü ildə marşrut üzrə 1,2 milyon tondan çox yük daşınıb ki, dəhlizin həyati əhəmiyyət daşıyan ticarət dəhlizi kimi əhəmiyyətini nümayiş etdirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi bildirir ki, Orta Dəhlizin inkişaf etdirilməsi sahəsində xüsusilə Azərbaycan və Qazaxıstanın birgə səyləri nəticəsində Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması müddəti 53 gündən hazırda 18 günə qədər azaldılıb. Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən konteyner qatarı vasitəsilə daşımaların həyata keçirilməsi Orta Dəhlizin bütün iştirakçı dövlətləri eyni zamanda Avropa bazarları üçün böyük əhəmiyyət kəsb edir. Mərkəz hesab edir ki, Siandakı Qazaxıstan terminalından başlayaraq Aktau və Abşeron stansiyasiyalarından keçən və uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edən qatar nəqliyyatı Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaqla, multimodal daşıma sahəsində ölkələr arasında ticarət, gömrük və sair sahələrdə regional inteqrasiya təşəbbüslərini sürətləndirəcək. Eyni zamanda həmin Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi ilə yükdaşımaların həcminin əhəmiyyətli artırılmasına dəstək verəcək.

Yaxın 5 il ərzində Orta Dəhlizin infrastrukturuna və proseslərin səmərəliliyinin artırılmasına 5 milyard avroya yaxın investisiya qoyulacaq. Marşrut Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətindəki dünya bazarları ilə inteqrasiyasında mühüm rol oynayacaq. Marşrutun əsas məqsədi isə Çin, Qazaxıstan kimi ölkələrdən, Xəzər dənizi ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya ərazisindən yük tranzitinin təmin olunmasından ibarətdir.

Sevinc Azadi, “İki sahil”

Seçilən
155
Mənbələr
Şərh ()
Bağla