AZ

Veteran futbolçu: "APL-də komanda sayı mütləq şəkildə artırılmalıdır"

Rövşən Nəcəf yeni AFFA prezidenti seçildikdən sonra ölkə futbolunda dəyişikliklərin olacağı ehtimal olunurdu. Bu günlərdə mətbuatda yeni iddia səslənməyə başladı. İddialara görə çempionata I Liqadan 2 komanda vəsiqə qazanacaq, Premyer Liqanın sonuncusu I Liqanın üçüncüsü ilə pley-off matçı keçirəcək. Bəs bu Azərbaycan futboluna nə dərəcədə müsbət təsir edə bilər.

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "FutbolPress"ə açıqlamasında bu addımın çoxdan atılmalı olduğunu qeyd etdi:

"Azərbaycan Premyer Liqasında komanda sayı mütləq şəkildə artırılmalıdır. Əgər inkişaf istəyiriksə, nəyəsə nail olmağı hədəfləyiriksə, bu qərar qəbul edilməlidir. Hətta qeyd edim ki, 2 komanda azdır. Çempionatda komanda sayı 14 olmalıdır. Düşünürəm ki, bu plan baş tutarsa, müsbət yöndə nələrisə görə bilərik. Komanda sayı çox olsa, nəticələr ürəkaçan olacaq".

Mütəxəssis əsas problemin maliyyə olduğunu bildirdi:

"Əgər komanda sayı artırılacaqsa, bununla bağlı tədbirlər əvvəlcədən görülüb. Çempionata yüksələn komandalar I Liqa səviyyəsində olmayacaq. Çünki Premyer Liqanın tələbi I Liqanın şərtləri ilə üst-üstə düşmür. Əgər belə hal olacaqsa, maliyyə və digər məsələlər əvvəlcədən müzakirə olunub və bu yöndə lazım olan addımlar atılıb. Əgər maliyyə problemi olmasa, digər məsələlər asanlıqla həll olunacaq".

Sabiq futbolçu 4 komandanın infrastruktur baxımından Premyer Liqaya daha layiq olduğunu dedi:

"I Liqadan kimin yüksələcəyindən asılı olmayaraq, komanda sayı artdıqca inkişaf baş verəcək. Bunun fərqi yoxdur ki, həmin klub Bakını təmsil edir, ya bölgəni. Məgər, "Şamaxı"da çıxış edən futbolçular həmin klubun yetirmələridir? Təbii ki, yox. Hamısı müxtəlif akademiyaların yetirməsidir. Düzdür, bir neçə bölgə klubunun infrastrukturu pis deyil. "Karvan", "İmişli", "Şamaxı" və "Zaqatala"nı qeyd etmək olar ki, infrastruktur baxımından Premyer Liqaya daha layiqdirlər. Digər komandalar bu yöndə adıçəkilən klublardan geri qalır. Lakin bunlarla Premyer Liqada uğur qazanmaq olmaz. Əgər daha yaxşı çıxış istəyirlərsə, həmin klublar mütləq şəkildə heyətlərini gücləndirməlidirlər".

Məlik Məlikov
Seçilən
85
Mənbələr
Şərh ()
Bağla