AZ

“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının azərbaycanı tərk etməsi prosesinə start verilib. Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Azər Allahverənov baş verənləri dövlətimizin növbəti uğuru kimi dəyərləndirib:

 

“Dünəndən etibarən sosial şəbəkələrdə Rusiya sülhməramlılarına məxsus kalonun Qarabağ iqtisadi rayonundan  çıxarılmasına dair video görüntülər yayımağa başladı. Bu görüntülərdən də bəlli olurdu ki, Rusiya sülhməramlıları bölgəni tərk edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri hörmətli Hikmət Hacıyev də öz açıqlamasında bildirdi ki, Rusiya sülhməramlılarının bölgədən vaxtından tez çıxarılması ilə bağlı iki dövlət arasında razılıq əldə edilib və proses başlayıb. Rusiya tərəfi də bu məlumatı təsdiq etdi.

Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli  üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlılarının Qarabağ iqtisadi rayonunda 5 il ərzində xidmət göstərməsi nəzərdə tutulurdu. Lakin hadisə və proseslərin gedişatı onların vaxtından daha tez bölgəni tərk etməsini şərtləndirdi.

 

Bu gün Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi cənab Prezidentin “nəyi nə zaman etmək lazım gəldiyini mən bilirəm” fikrini yada salır. Baş verənlər bir daha sübut edir ki, proseslər dövlətimizin, onun rəhbərliyinin nəzarəti altındadır və onlar tərəfindən idarə olunur.

 

O vaxt Rusiya sülhməramlılarının bölgəyə gəlişinə bəzi şəxslər şübhə və narazılıqla yanaşır, gələcəklə bağlı bədbin proqnozlar verirdilər. Ancaq onların verdiyi bütün pessimist proqnozlara rəğmən, proseslər dövlətimizin müəyyənləşdirdiyi şəkildə cərəyan etdi. 2023-cü ildə lokal antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonundakı qanunsuz erməni silahlı birləşmələri zərərsizləşdirildi. Ermənistan ikinci dəfə kapitulyasiyaya vadar edildi.

 

Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etməsi, Qarabağ iqtsiadi rayonundakı qanunsuz erməni silahlı birləşmələrini neytrallaşdırması bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgədə mövcudluğuna ehtiyac qalmadığı məlum oldu. Bu, heç şübhəsiz Prezidentimizin siyasi uzaqgörənliyinin, peşəkarlığının nəticisidir. Bu, dövlətimiz adına ciddi nailiyyətdir.

 

Bu gün bizim qarşımızda Ermənistanın işğalı altındakı kəndlərimizi geri almaq, sülh müqaviləsinin imzalanmasına nail olmaq dayanır. İnanıram ki, bütün hədəflərinə uğrula nail olan dövlətimiz, onun Prezidenti cənab İlham Əliyev bu missiyanın da öhdəsindən uğurla gələcək, xalqımızı yeni tarixi nailiyyətlərlə sevindirməkdə davam edəcək”.

 

Seymur ƏLİYEV

 

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla