AZ

“Neftçi” “Araz-Naxçıvan” sindromuna son qoydu - REPORTAJ

“Sumqayıt”la “Zirə”nin xal itirdiyi turda qələbə “Neftçi”yə hava-su kimi lazım idi.

Özü də bakılılar bu mövsüm məğlub edə bilmədiyi “Araz-Naxçıvan”la qarşılaşırdı. Tribunalar həmişəki kimi “azarkeş” deyib inləyirdi.

Meydan sahibləri elə 1-ci dəqiqədə hesabı açdı. Moreno Koffinin ötürməsini qolla tamamladı. Qonaqlar dərhal irəli atıldı. Kadirininuzaq məsafədən təhlükəli zərbəsi zamanı Rza yerində idi. 20-ci dəqiqədə “ağ-qaralar” fərqi artırmağa yaxın oldu. Boqomolskinin ötürməsini Mahmudov qüvvətli zərbə ilə tamamladı. Avram çətinliklə də olsa, topu küncə çıxarmağı bacardı. Hissənin ortalarında “Araz-Naxçıvan” fəallaşdı. 30-cu dəqiqədə Orxan Əliyev topu qapıçının üzərindən aşırmağı düşünsə də, bunu bacarmadı. Əvəzində “Neftçi” yenidən fərqlənməyə yaxın oldu. İsrafilovun “9-luğ”a gedən zərbəsini Tural Bayramlı başla dəf etdi. Hər halda, paytaxt təmsilçisi 45-ci dəqiqədə yenə fərqləndi. Şinyaşikinin ötürməsini Hacıyev qolla tamamladı – 2:0.
İkinci yarı da eyni ssenari üzrə keçdi. İlk dəqiqələrdən irəli atılan “ağ-qaralar” İsrafilovla qola yaxın oldu. Lakin onun zərbəsində dəqiqlik çatmadı. 53-cü dəqiqədə Boqomolski növbəti dəfə qolkiperlə təkbətək qaldı. Bu dueldən də Avram qalib çıxdı. Qonaqlar isə “Neftçi”ni əks-hücumlarda yaxalamağa çalışırdı. Bunların birində Bayramlı meydan sahiblərinə təhlükəli anlar yaşatdı. Lakin onun cinah ötürməsini qapayan olmadı. Ardından “Araz-Naxçıvan” Kurdiçin zərbəsi ilə qola yaxın oldu. Amma Cəfərov ona keçid vermədi. Əvəzində bakılılar daha bir dəfə fərqləndi. Boqomolskinin zərbəsindən sonra Ribeyroya toxunan top qapıdan keçdi – 3:0. Bununla da xalını 47-yə çatdıran “Neftçi” yenidən 2-ci pilləyə yüksəldi.

Gözdən qaçmadı
* Nə “Forza Neftçi”, nə də “Sektor 85” tribunalarda göründü. “Araz-Naxçıvan”ın azyaşlı fanatları qonaq tribunasında yerini almışdı.
* “Neftçimania” yenə pankartını tərsinə açmaqla kluba etirazını bildirdi.
* İlk hissənin sonlarında Rəhmanla Matias arasında anlaşmazlıq baş verdi. Futbolçuların qısa münaqişəsindən sonra vəziyyət sakitləşdi. Lakin Hacıyevin qolu zamanı Matias ona tərəf yollanmadı.
* Fasilədə isinmə hərəkətləri edən Brkiçin zərbəsindən sonra top azyaşlı azarkeşin üzünə dəydi. Qolkiper ona yaxınlaşıb üzrxahlıq etdi.

İSMAYIL XEYRULLAYEV

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla