AZ

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb. 

 

Sfera.az xəbər verir ki, qəzaya uğrayan təyyarənin qalıqları daha sonra həmin ərazidən tapılıb. Peru Hərbi Hava Qüvvələrinə məxsus qırıcı aşağı hündürlükdə naviqasiya təlimi uçuşu həyata keçirib. Dağ silsiləsi ərazisində təyyarə ilə əlaqə birdən itib.

 

Hərbi Hava Qüvvələrinin sözçüsü Manfred Rondon mətbuat konfransında bildirib ki, aprelin 11-də “Mirage 2000P” təyyarəsi təlim uçuşu həyata keçirərkən onunla əlaqə birdən kəsilib. Həmin gün axtarış-xilasetmə əməliyyatlarına ilkin olaraq Fövqəladə Hallar nazirliyinin patrul xidməti cəlb edilib.


Təyyarə qəzadan bir gün sonra iki helikopter və xüsusi patrul qüvvələrinin dəstəyi ilə tapılıb. Qəza nəticəsində mayor Ramiro Rondon Medinanın öldüyü təsdiqlənib. Cəsədin qalıqları təyyarədən çıxarılıb və müvafiq qanuni protokollardan sonra Limaya təhvil verilib.

 

Təhqiqat Komissiyasına 90-120 gün ərzində hadisə ilə bağlı araşdırma aparmaq və qəzanın səbəblərini müəyyən etmək tapşırığı verilib. Bununla belə, Hərbi Hava Qüvvələrinin sözçüsü qeyd edib ki, yanacaq çatışmazlığı səbəbindən qəzanın baş verməsi istisna edilir. Eyni zamanda təyyarəyə qəzaya uğramazdan əvvəl vaxtında texniki xidmət göstərilib. 


Qeyd olunur ki, təyyarə Peru Hərbi Hava Qüvvələri tərəfindən 1983-cü ildə alınıb.

 

Aynil

Sfera.az

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla